!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklara yeni qadağa effekt verəcəkmi?

!Reklam – Yazi

bankManatın məzənnəsinin sürətli zəifələməsi, ölkəyə xarici valyuta axınının azalması fonunda dayanıqlığını itirən ilk sahə, şübhəsiz ki, bank sektoru oldu.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarından da qeyd olunduğu kimi, ölkədə başlayan iqtisadi geriləmə Azərbaycanın bank sektorunu iflic vəziyyətinə salıb. Hazırda ölkə banklarının böyük əksəriyyətində kreditləşmə ya dayanıb, ya da minimuma enib.

Mərkəzi Bankın məlumatına görə, bu il oktyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16785,1 milyon manat olub. Bir aydan sonra – noyabrın 1-i vəziyyətinə isə bu rəqəm 15820,0 milyon manat təşkil edib – 1 milyard manata yaxın azalma baş verib. Kredit portfeli 2015-ci il noyabr ayının 1-i ilə müqayisədə 14,8 faiz azalıb. Xatırladım ki, 2016-cı il fevralın 1-də ölkənin bank sektorunun kredit portfeli 21186,2 milyon manat idi, bu isə o deməkdir ki, 10 aylıq azalma 5,3 milyard manata bərabərdir.

Manatın üzüaşağı hərəkəti və bir ildə 10-a yaxın bankın bağlanmasından sonra əhalinin banklara olan inamı sıfıra yaxınlaşır – bu isə özünü banklardakı mövcud əmanətlərin geri çəkilməsi, eyni zamanda insanların öz vəsaitlərini banklara etibar etməmələri ilə nəticələnib. Belə ki, bu il fevralın 1-nə əhalinin banklardakı əmanətlərinin məbləği 8643,3 milyon manat olubsa, noyabrın 1-nə bu məbləğ 7413,1 milyon manata düşüb – 10 ayda 1,2 milyard manatlıq azalma qeydə alınıb. Oktyabrın 1-dən noyabrın 1-dək olan 1 aylıq dövrdə əhali banklardan 400 milyon manat əmanətini geri çəkib.

Banklarla yanaşı, onlarla ən çox təmasda olan əhali də son 1 ildə ciddi itkilərə məruz qalıb: bahalaşmanın, işsizliyin artması, gəlirlərin azalması insanların ödəmə qabiliyyətini dəfələrlə kiçildib. Bütün bunların fonunda, banklar kredit borclarını qaytara bilməyən əhalinin üzərinə yürüməkdən çəkinmirlər. Sanki itən inam, etimad bunlara deyilmiş kimi, bütün mümkün yollarla borclu vətəndaşlara təzyiqləri artırmağa çalışırlar. Bir tərəfdən, kollektorlarla əməkdaşlığı genişləndirir, problemin qoçu dəstələrinin vasitəsilə həll olunmasına çalışırlar. Digər tərəfdən, problemli kreditlərini geri almaqda bir-birinin yardımından bəhrələnməyə cəhd edirlər. Məsələn, bir müddət əvvəl “Muğanbank” Beynəlxalq Bankla müqavilə imzalamışdı ki, ona borclu olan və pensiyasını Beynəlxalq Bank vasitəsilə alan müştərilərinin kart hesabına köçən vəsaitlərin bir qismi kredit borcuna silinsin. Qanunvericiliyə zidd olan bu müqavilə ictimaiyyətin kəskin etirazlarından sonra Beynəlxalq Bank tərəfindən icra olunmasa da, “Muğanbank” əməkdaşlarının borclu pensionerlərə telefon vasitəsilə “borcunu vaxtında ödəməsən, pensiya kartından pulun tutulacaq” tipli qanunsuz xəbərdarlıqları hələ də davam edir.

Bütün təzyiq üsullarını sınaqdan çıxaran banklar problemin məhkəmə yolu ilə həllini də diqqətdən kənarda qoymurlar: hesabladıqları külli miqdarda cərimələri kredit alanların özlərindən də olmasa, zamin duran şəxslərdən çıxarmağa çalışırlar. Əksər hallarda hüquqlarını müdafiə edə bilməyən sadə vətəndaşlar banklarla məhkəmələrin “əlbir-dilbir” fəaliyyətinin qurbanına çevrilirlər: ya həbs olunurlar, ya əmlakları əllərindən çıxır, ya da intihar yolunu tuturlar.

Hökumət isə yaranmış böhranlı vəziyyətə birbaşa müdaxilə edib problemli kreditlərin ödənməsində əhaliyə hər hansı dəstək verməsə də, digər yollarla bu sahədə getdikcə artan narazılığı azaltmağa çalışır. Belə ki, bank sektorundakı mənbələrdən verilən xəbərə görə, bütün banklara problemli kreditlərlə bağlı məhkəmələrə müraciət etməyin mümkün qədər azaldılması tələbi qoyulub. Məlumatda qeyd edilir ki, bu mövzuda tapşırıq bir neçə gün əvvəl banklara daxil olub: “Səbəbi bilinməsə də yekdil rəy ondan ibarətdir ki, insanları çətin duruma salmaq istəmirlər, yəni sosial partlayışdan qorxurlar. Son günlər bir neçə yerdə qazın, işığın qiymətinin artması ilə əlaqəli narazılıqlar, etiraz aksiyaları olub. Məlum məsələdir ki, insanların sosial güzəranına ciddi təsir edən amillərdən biri də banklara olan kredit borclarıdır. Xüsusilə məhkəməlik olan borclar əhalini təşvişə salır, məhkəmə qərarları ciddi narahatlıq yaradır. Buna görə də banklara tapşırılıb ki, məhkəmələrə müraciət etməsinlər, mümkün qədər insanlarla yumşaq dildə danışaraq borcların ödənməsini təşviq etsinlər”.(AFN.AZ)

Göründüyü kimi, hökumət yenə dolayı yolla getməyə üstünlük verib. Bu yolun nə qədər effektli olacağını isə 1-2 ay ərzində müşahidə edə biləcəyik.

 

Dünya SAKİT
Yeniçağ.Az

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv