!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş prokurorluğa çağırılan jurnalistlər açıqlama verdi

!Reklam – Yazi

bas_prokurorluq.Noyabrın 23-də bir neçə saytın baş redaktoru Azərbaycan Respublikası Baş Prokurorluğuna dəvət edilib. Bu barədə “Yeni Müsavat”a prokurorluğun rəsmi informasiya bülleteni daxil olub. Orada yazılır:”Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində ”Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanmışdır.

Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), “Cümhuriyyət”, “Qaynarinfo”, “Gündəminfo”, “Criminal.az”, “Strateq.az”, “İstiqlal.az”, Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər kütləvi informasiya vasitələrinin rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişlər”.

İstintaqda olan baş redaktorlar “Yeni Müsavat”a açıqlamalarında bu barədə detallı məlumat verdilər. İstiqlal.az saytının baş redaktoru Qadir Ibrahimli bildirdi ki, 22 noyabr tarixində baş prokurorun birinci müavini Rüstəm Usubovun dəvəti ilə prokurorluqda olub. Qurumdan ona bildirilib ki, rəhbərlik etdiyi saytın yaydığı bəzi informasiyaları qeyri-ciddi hesab edirlər:”Əslində isə istənilən dövlət qurumu və məmurlarla bağlı məlumat yaymaq mətbuatın işidir. Buna kimlərinsə müdaxilə etməsi doğru hal deyil. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, o, ölkədə baş verən hadisələrlə bağlı məlumatı daha çox saytlardan öyrənir. Bizim yazdığımız xəbərlər bir sıra qurumlarda olan qanun pozuntuları və sahibkarların təqib olunması faktlarıdır. Vergilər nazirinin müavini Natiq Əmirov özü şəxsən mətbuata açıqlama verərək bildirib ki, bu ilin 10 ayında nazirliklə bağlı 77 min şikayət olub. Təkcə oktyabrda 10 min şikayət daxil olub. Əgər 9 ayda şikayətlər üzrə orta aylıq göstərici 7,4 min olubsa, oktyabrda 35 faiz artaraq 10 minə çatıb. Baxmayaraq ki, oktyabrda prezident İlham Əliyev sahibkarların təqib olunmasını pisləyən çoxsaylı bəyanatlar verib. Belə çıxır ki, prezidentin mesajlarından sonra vergiçilər nəinki təqibləri azaltmayıb, əksinə, artırıb. Bizim süni ajiotaj yaratmaq fikrimiz yoxdur. Sadəcə olaraq, cəmiyyəti maraqlandıran məsələlərlə bağlı oxucularımıza məlumat veririk”.

Q.İbrahimli dedi ki, hansısa nazirin toxunulmaz elan edilməsi yolverilməzdir və bunun acı nəticələrini Eldar Mahmudovun timsalında görmüşük. Müsahibimizin sözlərinə görə, indi də müəyyən qüvvələrin vergilər nazirini mediadan qorumağa çalışması müşahidə olunur:”MTN məsələsi bir daha göstərdi ki, bütün dövlət qurumları mətbuata açıq olmalıdır. Prezident İlham Əliyev özü dəfələrlə qeyd edib ki, o, ictimai məsələləri mətbuatdan öyrənir. Biz öz işimizi Azərbaycan Respublikasının “KİV haqqında” Qanununa uyğun formada həyata keçiririk”.

Jam.az-ın baş redaktoru Fikrət Fərəməzoğlu da dedi ki, görüşün əsas mövzusu MTN işi ilə bağlı yazılarla əlaqəliydi. Daha sonra Cingiz Əsədullayevin dairəsinin ləğv olunması və daha bir neçə dairənin ləğv oluna biləcəyi ehtimalları ətrafında müzakirələr olub:”Bundan başqa, vergilər naziri Fazil Məmmədovdan niyə yazdığımızı soruşdular. Əsasən bununla bağlı müzakirələr aparıldı. Təbii ki, biz də fikirlərimizi bildirdik və yazdıqlarımızın həqiqət olduğunu söylədik, arqumentlərimizi ortaya qoduq. Baş Prokurorluğun qənaəti budur ki, əgər hər hansı bir məlumat istintaqda yoxdursa, o, ”qərəzli” və “böhtan” xarakteri daşıyır. Nəzərimcə, bu yanlış yanaşmadır”.

F.Fərəməzoğlu dedi ki, bundan sonrakı mərhələdə fəaliyyətlərinə davam edəcəklər. Müsahibimiz prokurorluğun etdiyi xəbərdarlığı normal hesab etmədiyini vurğuladı:”Çünki mediyaya nəzarət və ya onun fəaliyyətini tənzimləmək onların funksiyasına daxil deyil. Nəyin qərəzli və ya böhtan olduğuna məhkəmə qərar verə bilər. Ona görə də bəzi tövsiyələri çıxmaqla, bizə deyilənlərin çoxu ilə razılaşmadığımız üçün kimdən, necə yazmaq məsələsində məhdudiyyət qoymayacağıq. Əgər yazdığımız şəxslərin hər hansı biri bununla razılaşmazsa, məhkəməyə müraciət edə bilərlər. Yəqin ki, bundan sonrakı mərhələdə prokurorluq yenidən bizi dəvət edərsə, getməyəcəyik. Daha doğrusu, rəsmi qaydada bildiriş göndərilməsə, ora getmək niyyətimiz yoxdur”.

Müstəqil İnformasiya Agentliyinin (mia.az) baş redaktoru Zaur Əhməd bildirdi ki, baş prokurorluqda “MTN işi”ylə bağlı yaradılmış əməliyyat-istintaq qrupunun rəhbəri, baş prokurorun birinci müavini Rüstəm Usubov onu qəbul edib. Söhbət zamanı R.Usubov bildirib ki, son günlər baş verən hadisələrin fonunda media qurumlarında bəzi məmurlarla bağlı əsası olmayan məlumatlar yayılır və bu cür yazılar istintaqın işinə maneçilik törədir:”Bu səbəbdən də gələcəkdə belə halların təkrarlanmaması üçün bir sıra media qurumlarının rəhbərlərinə rəsmi şəkildə xəbərdarlıq edilir. Yəni hər hansı bir ciddi problem yoxdur. Amma ümumilikdə götürəndə, bizim saytımızda yaydığımız məlumatların böyük əksəriyyəti ”Yeni Müsavat” qəzetinin yazdıqlarıdır, biz də istinadla vermişik. Əgər həqiqətən də bizim hansısa yazımız dövlətə, istintaqa mane olursa, bunun qarşısını almaq bizim üçün bir borcdur. Biz hər hansı bir yazı yazanda da dövlət maraqlarını üstün tuturuq. Amma eyni zamanda söz və mətbuat azadlığı hüququmuzu da özümüzdə saxlayırıq”.

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv