Baş redaktor həyacan təbili çaldı: “Həbsimə sayılı günlər qalıb…”

Müəllif: Redaktor

Editor

1450946121_1450128650_1450127011_shir“Gündəm xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri həbsinə sayılı günlər qaldığını bildirib. Baş redaktorun Savash.org-a verdiyi məlumata görə, artıq proses özünün arzuolunmaz sonluğuna yaxınlaşır:

“Mənim həbsimə heç bir əsas yoxdur. Vergilər Nazirliyinin barəmdə çıxardığı 71428 manat cərimə qərarı olduqca qərəzli və heç bir əsasa söykənməyən qərardır. Bu mövzu ilə əlaqədar olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına da müraciət ünvanlamışam. Etdiyim müraciətdən bir həftədən çox vaxt keçsə də, hələ də üzləşdiyim problemin həlli ilə bağlı hansısa araşdırma aparılmayıb. Ancaq bu gün saat 10.00-da Yasamal rayon Məhkəməsində qondarma vergi cəriməsinin növbəti prosesi keçirildi. Keçirilən prosesdə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası veriləcəyi diqqətimə çatdırıldı. Növbəti prosesin 14 yanvar 2016-cı il tarixdə keçiriləcəyi və son çıxışların da olacağı elan olundu”.

Xatırladaq ki, “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəriyə heç bir əsası olmayan, həqiqəti özündə ifadə etməyən, yəni guya vergidən yayınmaqla bağlı Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə cinayət işi qaldırılıb, Təsisçi ona qarşı qaldırılmış cinayət işi ilə bağlı bunları deyib:

“Gündəm Xəbər” qəzetinin təsisçisi olaraq Vergilər Nazirliyinin mənimlə bağlı elan etdiyi qərarının absurd və cəfəng qərar olduğunu tam şəkildə diqqətinizə çatdırmağı özümə borc bilirəm. Hələ dörd il bundan əvvəl Mətbuat Şurası təsisçisi olduğum qəzetlə bağlı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə əsası olmayan müraciət ünvanlasa da, həmin müraciət çox keçmədi ki, qeyd olunan qurum tərəfindən Mətbuat Şurasına qaytarıldı. Belə bir yanaşmadan sonra, bəzi məmurların qəzetimizə qarşı sifariş taktikası dəyişdirildi. Yəni, çox keçmədi ki, Vergilər Nazirliyinin Audit Departamenti “Gündəm Xəbər” qəzetinin redaksiyasında yoxlamalar aparmağa başladı. Aparılan yoxlamalar zamanı qərəzli yanaşmalarını ortaya qoyan Vergilər Nazirliyinin əməkdaşları, qəzetin təsisçisi olaraq mənə qarşı fantastik məbləğ-71 min 478 manat. 16 qəpik həcmində cərimə tərtib etməklə bərabər, üstəlik həmin məbləğin 50 faizi miqdarında əlavə maliyyə sanksiyası da tətbiq etdilər. Həmin vaxt qol qoyulan qanunsuzluqların miqyasını təsvir etmək üçün, hadisələrin tam təfərrüatını olduğu kimi diqqətinizə çatdırıram. Haqqımda JV2 110777026447745 saylı, 10.08.2011-ci il tarixli səyyar vergi yoxlaması AKT-ı tamamılə qanunsuzdur və həmin AKT əsasında verilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməyimlə bağlı JVS 1100777023482594 saylı, 22.09.2011-ci il tarixli qərar, heç bir hüquqi əsasa söykənmir. Belə ki, qəzetin ilk tirajı 1500 olmuş, ən yüksək tirajı isə 2140 olmuşdur. Qəzetin tirajlarının 40-50 faizi satılmamış və geri qəbul edilmişdir (vozvrat). Bu proses mətbuat yayımı şirkətləri vasitəsi ilə həyata keçirilmişdir. Yayım şirkətləri qəzetin bir nüsxəsini 24 qəpiyə almış, qalan 16 qəpik isə, qəzetin satışı ilə məşğul olan şirkətlərə qalmışdır. Səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və çoxsaylı tirajla çıxan “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinin dövriyyəsi ilə eyniləşdirdilər. Amma, Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşları qəzetin bir ədədinin real satış qiyməti 40 qəpiyə olduğunu və qəzetlərin satışı ilə məşğul olan şirkətlərə 16 qəpik qaldığını, eyni zamanda qəzetlərin 40-50 faizinin satılmadığını nəzərə almadılar. “Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-dən 2010-cu il aprelin 4-dək “E-Q” mətbəəsində 127 min 735 nüsxə, 2010-cu il mayın 3-dən 2011-ci il mayın 31-dək “Futbol+Servis” mətbəəsində 185 min 670 nüsxə, 2010-cu il 20 avqustdan 2011-ci il 27 may tarixinədək 79 min 115 nüsxə “Azərbaycan” Nəşriyyatında çap olunmuşdur. Vergi yoxlamasının aparıldığı vaxt, yəni 01 iyun 2009-cu ildən 01 iyun 2011-ci ilədək olan dövrdə, “Gündəm Xəbər” qəzetinin dərc olunduğu tiraj, “Azərbaycan” nəşriyyatı, “E-Q” mətbəəsi və “Futbol+Servis” mətbəəsinin verdiyi rəsmi sənədlərlə də təsdiq olunmuşdur. Təqdim olunan sənədlər tam sübut edir ki, sözügedən müddət ərzində qəzet 392 min 520. nüsxə çap olunub. Vergilər Nazirliyinin Səyyar Vergi yoxlaması isə, tərtib etdiyi AKT-ında bu rəqəmi 5 milyon 376 min kimi göstərilmişdir. Vergilər Nazirliyinin əməkdaşları qəzetin dövrülüyüni ilk gündən gündəlik, yəni həftədə 7 dəfə, tirajını isə 8 min nüsxə hesabladıqlarından, qəzetin 24 ay ərzində ümumi tirajını 5 milyon 376 min nüsxəyə çatdırdılar. Bununla da qəzetin büdcəsinə 2 milyon 150 min 400 manat pul vəsaitinin daxil olduğu və həmin vəsaitdən isə, 376 min 320 manatı xərc olaraq çıxılmışdır. Saxta vergi cəriməsi fantastik rəqəmlər əsasında hesablanmış və qəzetin iki il ərzində gəliri 1 milyon 774 min 80 manat kimi götürülmüşdür.. Məlumat üçün bildirirəm ki, “Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-də həftədə 1 dəfə nəşrə başlamış, sentyabr ayında həftədə 2 dəfə, 2010-cu il mayın 11-dən həftədə 3 dəfə, 2011-ci il mayın 16-dan isə həftədə 5 dəfə çap olunmuşdur. Qəzet fəaliyyətə başladığı gündən, bu gün də belə Vergilər Nazirliyinin göstərdiyi tiraj və dövrülüklə dərc olunmur. Bundan başqa aparılan vergi yoxlaması zamanı qəzetlə yayım firmaları arasında müqavilədə göstərilən qiymət, xidmət haqqı nəzərə almadı. Xərc olaraq yalnız qəzetin çapına görə mətbəəyə ödənilən məbləğ hesablandı ki, bu məbləğ də qəzetin bir nüsxəsi üçün 7 qəpik götürüldü. Halbuki, bu da reallıqla üst-üstə düşmür. Vergilər Nazirliyinin əməkdaşları yalnız tiraj və dövriliklə bağlı deyil, eyni zamanda qəzetin gəliri ilə də bağlı ciddi yanlışlığa yol verdilər. Yayım firmalarının təqdim etdiyi sənədlərdə qəzetin gəliri real olaraq göstərilir. Belə ki, vergi yoxlaması aparıldığı dövrdə “Qasid” ASC firması 58 min 118 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 26 min 974 nüsxə satılmış, 31 min 144 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 6 min 473 manat 76 qəpik ödənilmişdir. Eyni vaxtda “Qaya” MMC firması 40 min 722 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 25 min 215 nüsxə satılmış, 15 min 507 nüsxə geri qaytarılmışdır. Satışdan gələn gəlir 6 min 51 manat 60 qəpik olmuşdur. Amma redaksiyaya ilkin olaraq 5 min 495 manat 28 qəpik ödənmiş, qalan fərq -556 manat 32 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki bu da vergi yoxlaması dövrünə aid deyil. Yoxlama dövündə “Azərmətbuatyayım” ASC firması 12 min 658 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 6 min 357 nüsxə satılmış, 6 min 301 nüsxə isə geri qaytarılmışdır. Adıçəkilən firma 1 min 12 manat xidmət haqqı olaraq öz hesabında saxlamış, redaksiyaya 1 min 530 manat ödəmişdir. Vergi yoxlamasının aparıldığı vaxtda “Metro-Servis” MMC firması 20 min 220 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 7 min 675 nüsxə satılmış, 12 min 545 nüsxə geri qaytarılmışdır. Satışdan gələn gəlir 1 min 842 manat olmuşdur. Amma redaksiyaya ilkin olaraq 431 manat 70 qəpik ödənmiş, qalan fərq– 1 min 410 manat 30 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki, bu da vergi yoxlaması dövrünə aid deyil. Eyni dövrdə “Səma-M” MMC firması 14 min 06 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 8 min 146 nüsxə satılmış, 5 min 860 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 1 min 955 manat 04 qəpik ödənilmişdir. Vergi yoxlamasından sonra nazirlik əməkdaşlarının 23-26 aprel 2012-ci il tarixdə apardığı xronometraj da, qəzetin tirajının yoxlama aktında göstərildiyindən xeyli aşağı olduğunu təsdiqləmişdir. Belə ki, xronometraj aparılan dövrdə qəzetin tirajının 1045 nüsxə olduğu aşkarlanmışdır. Yəni, vergi yoxlama aktında göstərilən tirajdan 8-dəfə az olmuşdur. Beləliklə, bütün sənədlərə və əldə olan faktlara əsasən onu deyə bilərəm ki, Vergilər Nazirliyinin Audit Departamentinin Səyyar Vergi yoxlamasının qərarı, heç bir həqiqəti ifadə etmir. Yoxlama aparılan dövrdə qəzetin hesabına ümumilikdə 15 min 885 manat 94 qəpik pul vəsaiti daxil olmuşdur. Bu vəsait qarşısında tutulan vergi cəriməsi isə gülməli görünür.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir