www.sinerjipro.net

SinerjiProWide

“Başımı dəmir qapıya o qədər çırpdı ki, düz bir ay komada qaldım” – Gənc ananın ÜRƏKDAĞLAYAN HEKAYƏTİ

Reklam

Bəzən illərlə xəyal edib, arzular qururuq. Və nə zamansa o, arzuların gerçəkləşəcəyinə ümid edirik. Amma zaman ötdükcə bəzilərimiz nə qurduğumuz xəyalları, nə də arzuları gerçəkləşdirə bilmirik. Bunun adını isə “nakam arzular” qoyuruq.

“Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinə sığınanların da hər birinin öz arzusu, öz xəyalı olub. Amma taleyin sərt üzünü görəndən sonra çıxış yolunu isti ocağından baş götürüb qaçmaqda, tanımadıqları insanlara sığınmaqda görüblər.

Burada hərənin bir faciəsi var. Əslən Tovuzdan olan, 16 yaşında valideynləri tərəfindən məcburən ərə verilən və dəfələrlə cinsi zorakılığa məruz qalan 30 yaşlı Günel (ad şərtidir- red.) də həyatın girdabını görənlərdəndir.

– Necə oldu ki, sığınacağa gəldin?

– Özüm gəldim. Əvvəlcə Kəmalə xanımın sığınacağına (Azərbaycan Uşaqlar Birliyi nəzərdə tutulur – red.) müraciət etdim. Orada kimsəsiz uşaqların məskunlaşdığını dedilər. Və onlar məni bura yönləndirdilər. Artıq bir müddətdir ki, burdayam. Səhhətimdə müəyyən problemlər var. Mehriban xanım müalicə olunmağıma köməklik edir. Bu gün səhər “pirstupum” yenə tutmuşdu, iki dəfə “Təcili yardım” gəldi.

– Həyat yoldaşın bilir burdasan?

– Yox bilmir. O Rusiyada, mən burda. Çoxdan ayrılmışıq. Mən ona maraqlı olsaydım, özü axtarıb arayardı. Mən cəhənnəm, bu illər ərzində heç uşağıyla da maraqlanmayıb (kövrəlir).

– Niyə ayrıldınız, səbəb nə idi?

– Əslində, bir tərəfdən ayrılmağıma sevinirəm, bir tərəfdən də peşmanam. Heç ərim də yaxşı kişi olmadı. 16 yaşında valideynlərimin razılığı ilə məcbur ərə getdim. Nə ərim gün verdi, nə anası, nə bacıları. Hamısı məni basıb döyürdü. Döyülməkdən gic olmuşdum. Ərim başımı divara çırpıb, saçımdan tutub sürüyüb. Amma dözürdüm: “bir-iki sillə, təpiklə ölmərəm”, deyirdim. Uşaq idim də heç nə ağlım kəsmirdi, eşşək kimi basıb işlədirdilər. Evləri də gəlli-getdi idi deyə, səhərdən axşama kimi ayaq üstdə olurdum. Döyülmək bir tərəfdən, iş bir tərəfdən… artıq təngə gəlmişdim. Dörd aylıq hamilə idim, ərim bir dəfə o qədər döydü ki, uşaq az qala düşürdü. Həkimlər güclə saxladılar açılışı. Kaş ki, uşaq düşərdi (ağlayır). Oğlum şikəst doğuldu. Uşaqdan sonra günüm daha da qara oldu. Yoldaşımgil it saxlayırdı, baldızlarım çörəyi it yalına salıb, mənim qabağıma atırdılar ki, “al ye”. Uşağa elə baxırdılar ki, elə bil düşmən balasıdır. Ərim də onlara heç nə deyə bilmirdi, basıb məni çırpırdı. Anasının qorxusundan öz övladına yaxın gələ bilmirdi. O da bezmişdi, mən də. Bir gün xəbər gəldi ki, bəs anan xəstədi. Mən də əşyalarımı toplayıb, anamgilə gəldim. Və o evdən çıxanda özümə söz verdim ki, bir də bu həyətə qayıtmayacam. Elə də elədim. Anamın vəziyyəti daha da ağırlaşdı. Atamı çoxdan itirmişdik, bir ümidim anam idi. Kaş ki, sağ qalardı…

Söhbəti dayandırıb hönkürtü ilə ağlayır. Gözündən yaş sel kimi axır. Üzünü əlləri ilə silib “qorxuram yenə “pristupum” tutar”, deyib, özünü sakitləşdirməyə çalışır.

– Cəbrayıl (birinci ərinin adı- red.) Rusiyaya gedəcəkdi, gəldi anamgilə məni görməyə. Dedi ki, “ əgər mənimlə getməsən bir də üzümü görməyəcəksən”. Mən də anamı seçdim, çünki ondan iyrənmişdim artıq. Oğlumu öpüb, bağrına sıxdı və getdi. Elə o gedən oldu. Anam da çox yaşamadı, vəziyyəti ağır idi, rəhmətə getdi. Anam öləndən sonra da xalalarım günümü qara elədi ki, “çıx evdən”. Deyirdilər ki, “evi ver bizə, get ərindən ev tələb et”. Hamısının gözü o evdədir Elə bil bunların dədəsinin yurdu idi. Evimiz də ikimərtəbəli, geniş otaqlı, meydan kimidir. Evdən çıxmadım. Başladılar məni döyməyə, təhqir edib alçaltmağa. Bir il bütün zülümlərə tab gətirib dözdüm. Sonra hamıdan bezdim. Qapı-bacanı kilitləyib, oğlumu da götürüb Bakıya qaçdım. İki- üç gün Bakıda parklarda, küçələrdə yatdıq. Sonra bir naxçıvanlı kişiyə rast gəldim. Adı İslam idi. Küçələrdə qaldığımızı görüb, yaxınlaşdı. Mən də kimsəsiz, başsız qadın, avam adamam da, başıma gələnlərin hamısını ona danışdım. Təklif etdi ki, “gedək mənim evimdə qalaq”.

Küçələrdə qalmamaq üçün onunla getdim. Fəhlə işləyirdi, 10 gün bizimlə yaxşı davrandı. Getdiyim günün səhərisi ər-arvad olmağı təklif etdi və ailəsindən ayrıldığını dedi. Mən də razılaşdım. İki il onunla ər-arvad kimi yaşadıq. Amma oğlumla çox kobud davranırdı. Dillənən kimi də basıb məni döyürdü. Hər gün içib gəlirdi, yediyimizi burnumuzdan tökürdü. Sonra da mənimlə fahişəsi kimi davranırdı. Dəfələrlə deyirdim ki, “məni “zaqsa” sal”, yalandan “salaram”, deyib yola verirdi. Artıq görürdüm ki, dediklərimi qulaq ardına vurur. Mən də 2 il onun bu şərəfsizliyinə dözdüm, axırda da qaçdım. İslam məni bir dəfə elə döydü ki, başımdan zədə aldım, bir ay komada qaldım. Həkim demişdi ki, ayılmasa gəlin aparın, bundan adam olmayacaq. Çox qorxmuşdu, ancaq kürəyini də yerə vurmurdu. Ondan sonra başımda şişlər əmələ gəlib, başımdan “pristuplar” tutur. Adam deyiləm, artıq özümü qadın kimi hiss etmirəm, elə bilirəm ki, quru müqəvvayam.

– İslam subay idi?

– Yox, ayrılmışdı. Mənimlə də nikahı vardı. Bacısı və bacısı qızı ilə tanış olmuşdum. Ağzımı açıb, nəsə deyəndə ölümlə hədələyirdilər.

– Onun yanından qaçandan sonra hara getdin?

– Bir qadın qohumumuz vardı, vəkildir. Mərdəkanda yaşayır. Getdim onun yanına sığındım. Özü dedi ki, “gəl mənim təmizlik işlərimə bax. Həm işlə, həm də mənim evimi idarə et”. Oğlumu da Mərdəkandakı 2 saylı internata düzəltdi.

Mən də gecə-gündüz həm kafelərdə işlədim, həm də bunun evini təmizlədim. Bu da mənə deyirdi ki, “sən pullarını xərcləmə, ver mən yığım”. Gündəlik aldığım pulu verirdim ona. O da axırda verdiyim pulları da əlimdən alıb, məni evdən qovdu.

Kövrəlir, üzünü pəncərəyə tərəf çevirir. Gözləri yol çəkir… Bir xeyli sonra söhbətə davam edir:

– Başım nə bəlalar çəkməyib ki… Ordan çıxıb kanalların birindəki verilişə getdim. Düzdü, efirə çıxmadım, dərdimi o verilişin aparıcısına danışanda kənardan bir oğlan eşitdi. Yaxınlaşıb dedi ki, “səndən heç bir təmənna ummuram, gəl gedək bizdə qal”. Oğlanın adı Ağa idi. Getdim onlara. O da ailəsi ilə kirayədə qalırdı. Bir il onlarda yaşadım. Oğlan gözəl insan idi, mənə bacısı kimi baxırdı. Restoranlarda qabyuyan işlədim, evə də bazarlıq edib gətirirdim, bir evin adamı kimi yeyib-içirdik. Bir ildən sonra Ağa dedi ki, evin kirayə haqqını verməkdə onlara kömək edim. Mən də dedim ki, imkanım yoxdur. O da məni evdən çıxartdı. Mən də sığınacağa gəldim.

– Peşmansan etdiyin hərəkətlərə?

– Hə, həm də çox… Kaş ki, o səhvləri buraxmazdım. İndi birinci ərimə çox ehtiyacım var. O, məni bağışlasa dünyanın ən xoşbəxt qadını olaram. Heç olmasa mənə də kömək etməsə, oğluna sahib çıxsın. Mən cəhənnəm… Özüm özümü başı boşluğumdan bədbəxt etdim.

Sözünü bitirməmiş hönkürtü ilə ağlamağa başlayır. Bizsə sakitcə otağı tərk edib, sığınacaqdan çıxırıq. Onunsa gələcək taleyi necə olacaq? Bunu bir Tanrı bilir…

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."