!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəlkə də oğlum olsaydı...” – Çörəyi salfetdən çıxan qadının acı hekayəti

!Reklam – Yazi

Səyyar ticarət dünyanın bütün ölkələrində mövcuddur. Bizdə isə bu ticarət rəsmi şəkildə qadağan olunub. Amma buna baxmayaraq, balaları üçün bir tikə çörəkpulu qazanmaq istəyən insanlar gizlicə də olsa öz alverlərini edirlər. Qışın soyuğunu, yayın istisini bilməyən səyyar satıcılar, daha çox axşamüstü şəhərin mərkəzində və insanların çox olduğu yerlərdə görünürlər.

Beləcə, dünənki soyuq və çiskinli havada axşamüstü işdən çıxıb iş yoldaşımla üzü İçərişəhər metrosuna tərəf söhbət edə-edə gedirdik. Birdən bizdən 10-15 metr aralıda dayanan bir qadın gördük. O, balaca ağacların arasında gizlənərək, bir əlində salfet dolu paket, o biri əlində isə limon tutub, sağa-sola boylanırdı. O, gözlərindəki kədərin içindən boylanan imkansızlığını biruzə vermək istəmirdi. Lakin imkansızlığı əynindən-başından sezilirdi. Yanımdakı qız söhbətindən geri qalmır, mənsə onu dinləsəm də fikrim qadında idi. Ona çatana qədər gözümü bir an da olsa qadından çəkmədim.

O, keçən hər kəsə “nə olar, yalvarıram, bu salfetləri alın, çörəkpulum yoxdur”, deyə yalvarırdı. Biz onun yanından ötüb keçdik. Bir neçə addımdan sonra iş yoldaşım dayandı. “Ürəyim ağrıdı, qayıdıb o salfetləri alacam”, dedi.

Biz geri dönüb qadına yaxınlaşdıq. Qız cibindən bir manat çıxarıb üç qutu salfet aldı. Mən də salfet aldığımız üçün ürəklənib qadınla söhbət etməyə başladım. Əslən Astaradan olan 49 yaşlı Firuzə xala (ad şərtidir red.) hər həftə rayondan mer-meyvə gətirdiyini və Bakının müxtəlif yerlərində səyyar satıcılıqla məşğul olduğunu dedi. Dediyinə görə, hər dəfə Bakıya gələndə gətirdiyi malları satana qədər Alatavada tanımadığı bir adamın evində gecəsi iki manata qalır.

– Həyat yoldaşın, qızın-oğlun yoxdur sənin?

Firuzə xala 3 qızının olduğunu bildirdi:

– Üçü də “ər evindədir”. Qızlarıma hə şey eləmişəm. Bütün nəsil onları necə köçürtdüyümü indi də deyir. Ancaq onların heç biri nə atasına, nə də mənə baxmırlar. Adicə zəng edirəm hal-əhval tutmağa, üzümə telefonu söndürürlər. Qızlarım yamancadılar, bibiləri kimi əzazildilər. Bibiləri də mənə vaxtında çox zülm eləyib. Ay bala, o ocağa düşəndən heç xoş gün görmədim mən. Ər döyüb baldızlara verdi, baldızlar döyüb ərə verdi. İnanırsan, ordan çıxıb “alverə” gələndə elə başım dincəlir, beynim sakitləşir. 3 qız böyüt, min əziyyət çək, axırı da belə nankor çıxsınlar (kövəlir).

Sonra isə özünə təsəlli veririmiş kimi əlavə edir:

– Ər çörəyi yeyirlər, yad evdədilər, nə deyə bilərəm? Öz başlarını saxlasınlar mənə onların heç nəyi lazım deyil. Mən küçələrdə gecələməli də olsam, çörək pulumu namusla qazanacam.

– Həyat yoldaşın hardadı?

– O, böyrək xəstəsidir. İllərdir yataqdadır. Mən qazanıb onu müalicə etdirirəm. Elə balalarım da dədələri kimi nankordu. Nə dədələrindən xoş gün gördüm, nə də balalarından. İndi də neçə ildi özünü yerə vurub, məni küçələrdə “alver” eləməyə göndərir. Vaxtında içəndə o qədər dedim ki, “içmə, içmə”. Sözümə baxmadı, guya mənə acıq verirdi, araq şüşəsini götürüb başına çəkirdi. Eh… a qızım, o qədər döyülüb-söyülmüşəm, zülmlər çəkmişəm. Axır aqibətim də bu…

Bəlkə də oğlum olsaydı, mənə yiyə durardı. (ah çəkir) Bəlkə də yaxşı ki, olmayıb. O da dədəsinin tayı olardı. Gündə içib, dədəsi kimi yıxıla-yıxıla gələrdi evə. Nə oğul istəyirəm, nə də qız. O kişiyə də Allaha xatir baxıram, yoxsa məndə ağ üz qoymayıb ki, ondan ağızdolusu danışam. O da bu gün, sabahlıqdır… öləcək. Amma yenə də gözü əlimdədir. Qapıdan evə girən kimi ilk sözü bu olur ki, nə qədər qazanıbsan? Dədön evi yıxılsın, qazancımı sənin üstüvə qoyuram da. Heç soruşmur ki, nə oldu, nə olmadı. Bəlkə elə orda başıva oyun açdılar. Vaxtında qazancı bacı-qardaşına yedizdirdi, məni “bir qarınac, bir qarıntox” saxladı evin içində. İndi də Allaha qurban olum, mənə möhtac olub”.

Başına nimdaş şal bağlamış qadın söhbət zamanı gülümsəsə də, gözləri yaş içində “oynayır”. Özünü güclə saxlayır, utanmasa bəlkə də hönkürtü ilə ağlayar.

Firuzə xala arabir dilinin altında nəsə mızıldanırdı. Onun taleyi daşıdığı yükdən də ağırdır. O, danışdıqca uzaq sahillərdə daha da dərinliyə batan gəmilərə bənzəyirdi. Onu da deyim ki, Firuzə xala işindən də geri qalmırdı, gözü gəlib-gedəndə idi. Söhbətarası şirin dilini “işə” salıb, salfetlərdən də satırdı. Bəzən də elə davranırdı ki, sanki, biz söhbət etməklə onun “alverinə” mane oluruq. Onu bezdirmədən salfetləri alıb, sağollaşırıq. O da səbətini götürüb, yavaş addımlarla üzüaşağı yoluna davam edir.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv