www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bərdə rayon Polis İdarəsinin əməkdaşları günorta namazına yaxın rayonun Həsənqaya kəndində yerləşən “Əl Kəvsər” məscidinə hücum ediblər.

Bu barədə Yeniçağ.Az-a şikayət ünvanlayan Qasımov Əziz Hüseyn oğlunun sözlərinə görə, bir neçə polis əməkdaşı məscidə hücum çəkərək, dindarları təhqir edib:

-“Bizə dedilər ki, niyə namaz qılırsınız? Tez burdan çıxın, hamınızı şöbəyə aparırıq. İmamlarımızı və bizi söydülər. Onlardan dəfələrlə xahiş etdik ki, icazə verin, beş dəqiqə namazımızı qılaq, sonra hara istəsəniz aparın. Onlar bizə icazə verməyib, içəridə nə qədər Quran kitabları var, yığışdırıb, maşının yük yerinə doldurdular. Mülki geyimdə olan polis işçisi mənim saqqalımdan tutub, ayaqyalın sürüyüb maşına saldı. Bizim hamımızı dedikləri kimi polis şöbəsinə apardılar. Dinin azad toplaşmaq maddəsinə aidiyyatı yoxdur. Dini ibadət hamı üçündir. Bundan ötəri də kimdənsə icazə almağa ehtiyac yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində də qeyd edilib ki, Cümə namazı bütün müsəlmanlar üçün fərzdir. Bizim məsciddə hökumətin dediyi bütün qaydalar var. Məsciddə heç kəs dini əqidəsinə görə sıxıntı yaşamır. Uzun illərdir sünni-şiə qardaşlığımız var. Biz heç kimi onun məzhəbindən dolayı zəhərləmir və siyasi hərakatlara qoşulmuruq.

Ola bilsin ki, bu, bizə qarşı təxribatdır, onları kimsə öyrədib. Biz dövlət işçisi deyilik, öz əqidəmizi müdafiə edirik. Ermənilər işğal olunmuş ərazidə 72 kilsə tikib ibadət edir, ancaq bizimkilər öz məscidlərimizi dağıdır, ibadət etməyə imkan vermirlər. Bir neçə il bundan öncə də polis məmurları məscidimizin birini bu şəkildə dağıdıb, bizə qadağa qoymuşdular. Biz də 2-3 ay bundan qabaq Prezident İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dini Komitəyə və Qafqaz Müsəlmanları İdarəsinə ərizə ilə müraciət etmişdik ki, kənddə tikdiyimiz bir məscidi yekunlaşdırmağa və qeydiyyatdan keçirməyə köməklik etsinlər. Dini Komitə də iki aydır bizi yubadır. Hazırda Bərdə rayon məhkəməsindəyik. Bir azdan bizim məsələ ilə bağlı işə baxılacaq”.

Şikayətlə əlaqədar bu gün Əziz Qasımovla yenidən əlaqə saxladıq. Zəngimizə onun həyat yoldaşı Arzu Qasımova cavab verdi. Məlum oldu ki, şikayətçi Əziz Qasımov yanvarın 14-ü günorta saatlarında, elə məhkəmə zalında həbs olunub:

-“Bərdə rayon məhkəməsi təmirə dayandığı üçün iki gün bundan əvvəl həyat yoldaşım Əziz Qasımov Tərtər rayon Məhkəməsinə aparılıb. Hakimin çıxartdığı qərara əsasən, heç bir səbəb göstərmədən onun barəsində 10 günlük həbs qətiimkan tədbiri seçilib. Əzizdən başqa Ayxan adlı şəxs də həbs olunub. Əzizgil hazırda Tərtər rayonundakı “Müvəqqəti saxlanma” məntəqəsindədirlər. Həyat yoldaşım kəndin mollasıdır. Əzizi “vəhhabi” adlandırırlar. O da deyir ki, “mən “vəhhabi” deyiləm, burax, gedim sübut üçün kağız gətirim. Onların isə göstərməyə heç bir səbəbləri yoxdur, ancaq “tutmalıyıq” deyib, tutublar. Vəssalam…”.

Məsələni tam təfərrüatı ilə aydınlaşdırmaq üçün Bərdə rayon Həsənqaya kəndinin sahə rəisi, polis leytenantı Sirəddin Raqublu ilə əlaqə saxladıq.

Sirəddin Raqublu bildirdi ki, həmin gün vətəndaş Qasımov Əziz Hüseyn oğlu sözügedən məkanda tədbir keçirib. Bərdə rayon Məhkəməsinin qərarı ilə keçirilən tədbirə qarşı qərar çıxarılaraq, həmin vətandaşın mənzilinə girməyə icazə verilib:

– “Keçirilən əməliyyatda mən iştirak etməmişəm. Adıçəkilən şəxs özünə “əhli-sünni” deyir, ancaq əslində, vəhhabiliklə məşğuldur. Həmin vətəndaş Həsənqaya kəndinin və digər qonşu kəndlərin sakinlərini toplayaraq, təbliğat aparırmış. Bizim əməkdaşlar məhkəmənin qərarına əsasən, vətəndaşın evinə giriblər. Evdə “vəhhabi”liyi və terroru təbliğ edən qadağan olunmuş kitablar olub. Əməliyyatda polis əməkdaşları ilə yanaşı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər. Əməliyyat zamanı həmin kitablar müsadirə olunub. Komitə üzvləri kitabları analizdən keçirtmək üçün götürüblər. Hal-hazırda bu məsələ araşdırılır. Orada olan şəxslərin hamısı şöbədə izahat verdikdən sonra sərbəst buraxılıblar. Lakin Əziz Qasımov və digər şəxs bilərəkdən polisə tabesizlik göstərdiklərinə görə onların barəsində protokol tərtib olunub. Məhkəmənin qərarı ilə 535.1 maddəsinə (bilərəkdən polisə tabe olmamaq) əsasən, iki şəxsin barəsində 10 günlük həbs qətiimkan tədbiri görülüb”.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova idarənin təşkilat şöbəsinin araşdırma apardığını bildirdi:

-“Bizə deyildi ki, həmin ünvanda yerləşən məscid qeydiyyatdan keçməyib. Baş verən hadisəyə görə biz heç bir məsuliyyət daşımırıq. Ora məscid olaraq deyil, qeyri-qanuni fəaliyyət göstərən bir məkandır”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 97
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."