!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Berti Foqtsa sübut etdilər ki, alman qapısına da qol vurmaq olar” - SORĞU

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, dünən milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb. Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan dördqat dünya çempionu Almaniya millisini qəbul edib. 31-ci dəqiqədə bərabərlik qolu vurulsa da nəticə heç də ürəkaçan olmadı. Qrupda keçirtdiyi 4 oyunun hamısında qalib gələn almanlar uğurlu seriyanı Bakıda da davam etdirərək 4:1 hesabı ilə qələbə qazandılar. Beləliklə, almanlar 5 oyunun 5-də də meydanı qələbə ilə tərk etdilər. Azərbaycan millisi isə bu məğlubiyyətdən sonra qrupda 3-cü yerdən 4-cü yerə endi. Sosial şəbəkədə bu oyunla bağlı yazılanlar həm güldürdü, həm də əsəbiləşdirdi… Bəzilərinə görə Almaniya kimi komandaya bir qol vurmaq belə böyük cəsarətdir. Digər fikirlərə görə isə futbolçularımız elə o 1 qolun güdazına getdi… Yəni həmin epizod “nemes”ləri qızışdırmağa əsas səbəb oldu.

Yeniçağ.az baş tutan oyun barədə idman mediasının üzvləriylə sorğu edib.

Amal Abuşov (Sport7.az ın redaktoru):

“Tək Almaniyaya yox, istənilən rəqibə qol vurmağın özü bir uğurdur. Çünki futbolu qol vurmaq üçün oynayırlar. Qol vurmusansa, deməli, bir növ məqsədinin bir hissəsinə çatmısan. Amma sözsüz ki, bir top sənə qələbə və ya xal qazandırmayıbsa, tam məqsədə çatmaqdan söhbət gedə bilməz. Bizim vurduğumuz qol zəif təsəlli və qısa müddətlik ümid qığılcımı idi. Bəli, həmin top almanları bir az daha “ayıltdı”, onlar Azərbaycanla bağlı fikirlərini qətiləşdirdilər. İlk qoldan sonra güclərinə daha çox qənaət etmək barədə düşünürdülərsə, Nazarovun qolu bu fikri ən azından fasiləyə qədər təxirə saldı. Rəşad Sadıqovun özü də etiraf edib ki, 3-cü qoldan sonra bizim komandamız hər şeyi itirdiyi ilə razılaşıb. Oyunun ən gülməli epizodu isə Əfranın ikinci qolu buraxdığımız epizodun əvvəlindəki səhvi oldu və həmin səhvdən sonra acı-acı gülümsədim”.

Natiq Muxtarlı (komanda.az-ın redaktoru):

“Almanlar çox soyuqqanlı və intizamlıdırlar. Elə bu xarakterlərinə görə də rəhmsizdirlər. Onların heç Braziliyaya rəhmi gəlmədi, o ki qalmışdı bizə acısınlar… Almaniyaya qol vurmasaydıq da, onlar bacardıqları qədər qol vuracaqdılar bizə. Sadəcə, Almaniya ilə oyunda mənə ləzzət edən ən yaxşı məqam elə almanın üzünə sillə vurmağımız oldu. Berti Foqtsu deyirəm ey… Bu adama sübut etdik ki, o, Azərbaycan yığmasında iş görməyib, saxtakarlıqla, dələduzluqla məşğul olub. Təbii ki, AFFA rəhbərliyi ilə birgə. Sən demə, Almaniya kimi komanda ilə oyunda da top saxlamaq, hücum da etmək mümkün imiş. Sadəcə, neyləyək ki, bizim alman futbolçular kimi oyunçu yetişdirəcək sistemimiz, bu sistemi quracaq AFFA rəhbərlərimiz yoxdur. Ona görə də futbolçularımızda ustalıq səviyyəsinin aşağı olması sezilirdi. Bu da səhvlərə şərait yaradırdı. Almanlar isə belə səhvləri bağışlamır. Yığma komandada Pavel Paşayevin, Dmitri Nazarovun, Ramil Şeydayevin, Qara Qarayevin oyunu çox xoşuma gəldi. Amma Qara Qarayevi çıxmaq şərtilə qalanları Azərbaycan futbolunun yetirmələri deyillər. Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Əfran İsmayılov isə yad element kimi nəzərə çarpdılar. Mütləq çalışmaq lazımdır ki, Qara Qarayev kimi futbolçu xaricdə oynasın. İnkişaf yalnız onda olacaq. Amma bunun üçün o futbolçuda istedaddan savayı xarakter də olmalıdır. O xarakteri isə Azərbaycanın futbol məktəblərində formalaşdırmaq mümkünsüzdür. Azərbaycan yığması Almaniya ilə oyunda top saxlayarkən, hücum qurarkən, texnika nümayiş etdirərkən Berti Foqtsun axmaq simasını görmək maraqlı olardı. Və üstəlik, onu 7 il Azərbaycanda saxlayanların da üzünə baxmaq pis olmazdı”.

Sənan Şəfizadə (ATV-nin aparıcısı):

“Baxır o 1 qolu nə vaxt vurduq. Yekunda nəticə eynidir. İstənilən hesablı məğlubiyyət adamı kədərləndirir. 1-4 hər halda 0-4-dən yaxşıdır. Nazarov qol vuranda “halal olsun” demək olardı. Müəyyən mənada o qol onları özündən çıxartdı. Amma tam əsəbiləşmədilər. Əsəbiləşsəydilər nəticə daha ciddi vəziyyət ala bilərdi”.

Kənan Məstəliyev (rekord.az-ın redaktoru)

“Məncə, o bir qolsuz da almanlar bizi böyük top fərqi ilə yenəcəkdilər. Sadəcə, bu, sürünə-sürünə, “zülm içində ölüm” olacaqdı və 90 dəqiqəyə yayılacaqdı. Belə heç olmasa bir qol vurduq: həm qısa müddətə də olsa, sevindik, həm də almanlar “ayıldılar”, işi tez-bazar “bitirdilər”. Nazarova isə “əhsən” düşür”.

Elçin Cəlilov (Futbolpress.az baş redaktor):

“Almanların motivasiyasız oynadığı aşkar görünürdü. Oyunboyu demәk olar ki, neçә dәfә tempi qaldırdılarsa, o qәdәr dә qol vurdular. Komandamız bu mәqamı sezmәdi deyәsәn. İnamlı hücumlar qurulsaydı, yenә qol vurmaq olardı. Komik mәqam isә baş mәşqçinin oyunsonrası mәtbuat konfransında “maşallah, Azәrbaycanın yaxsı komandası var” demәsi oldu.

Ümumiyyәtlә, Löv ürәyidolu idi. Bütün suallara әhatәli cavab verdi vә böyük bir tәşәkkür dә elәdi. Oyun pozitiv mәqamlarıyla yadda qaldı”.

 

 

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

678
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv