!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəşər Əsəd dövrü bitdimi? – Üçtərəfli razılaşma

!Reklam – Yazi

esedTürkiyə, Rusiya və İranın Suriya prezidenti Bəşər Əsədin vəzifəsindən götürülməsi ilə bağlı razılığa gəldiyi bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə, Rusiya və İran arasında Əsədin yeni seçkilərə qədər vəzifəsində qalması məsələsinin müzakirəsi davam etdirilir. Qeyd olunur ki, müzakirə tərəfləri növbəti seçkilərdə Əsədi Suriyada bölücü mövqedə olmayan bir ələvi namizədlə əvəz etməyi nəzərdən keçirirlər.

Eyni zamanda, bu müzakirələrdə Suriyanın qeyri-rəsmi qaydada nüfuz zonalarına bölünməsinə baxıldığı da bildirilir. Bu çərçivədə ölkənin federal quruluşu daxilində ələvilərin idarəçiliyində olan bir bölgənin yaradılması da istisna edilmir. Ancaq bu planın gerçəkləşməsinə Əsəd rejimi, Suriya müxalifəti, ABŞ və Körfəz ölkələri də razılıq verməlidirlər. Hər halda, Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşmasından sonra bu ölkələrin Suriya böhranının aradan qaldırılmasına yönələn təşəbbüslərinin effektli olduğu diqqətdən yayınmır.

Bu barədə danışan Rusiya Beynəlxalq Münasibətlər Şurasının rəhbəri Andrey Kortunov da Türkiyə, Rusiya və İranın Suriya məsələsində anlaşmaya doğru ciddi addımlar atdıqlarını deyib. Onun fikrincə, yekun razılaşmanın əldə edilməsi asan görünməsə də, mümkünsüz deyil. Bir sıra mənbələr isə İranın bəzi məqamlarla bağlı tərəddüd etdiyini bildiriblər. Məlumata əsasən, İran bütün hallarda Əsədin və ailəsinin təhlükəsizliyinə təminat verilməsini önə çəkir. Bundan başqa, Türkiyənin İranı da anlaşmaya razı salmaq üçün Əsədin yaxın müddətdə vəzifəsindən getməsi tələbindən geri addım atması qeyd olunur. Adı çəkilməyən Türkiyə rəsmisinin bu barədə “Bizim məqsədimiz Əsədin getməsi yox, ərazimizdə terrora son qoyulmasıdır” dediyi vurğulanır. Digər məlumatlara görə, tərəflərin tam anlaşacağı təqdirdə, Suriya hökuməti ilə müxalifəti arasında danışıqların gələn ilin yanvarında Astanada keçiriləcəyi deyilir. Türkiyə, Rusiya və İranın xarici işlər və müdafiə nazirləri isə yanvarın 20-də Moskvada bir araya gələcəklər.

Məsələni Yeniçağ.Az-a şərh edən politoloq Orxan Qafarlı Suriya anlaşması barədə deyilənlərin reallığa nə dərəcədə uyğun olub-olmadığını yaxın vaxtlarda bilinəcəyini deyib:

“Qeyd edim ki, Türkiyə bu prosesin əvvəlindən, hətta Binəli Yıldırımın baş nazir seçildiyi ilk dönəmdən bildirirdi ki, Ankara keçid dövrü üçün Əsədin hakimiyyətdə qalmasına etiraz etmir. Yəni Türkiyə keçid hökumətinin formalaşdırılması ilə Suriyada qarşıduran tərəflər arasında növbəti dönəm üçün bir normal mühitin yaradılmasını nəzərdə tuturdu. Bildirilirdi ki, bu, baş verməsə, Suriyada qarşılıqlı etimadın yaradılması mümkün olmaz. O baxımdan, bu şərtlərin üçtərəfli anlaşmada öz əksini tapması müsbət haldır. Ancaq “Reuters”in Rusiya mənbələrinə istinadla yaydığı bu informasiyanın nə qədər dəqiq olduğunu bilmirik. Yəni buna bənzər məlumatlar əvvəllər də yayılıb. Lakin gördük ki, Əsəd öz vəzifəsindən getmək niyyətində deyil və bu kimi informasiyalarla manevr edir. Əslində isə məlumdur ki, Suriya rejimi dəyişmədən, bu ölkədə sabitlyini bərpası və ərazi bütövlüyünün qorunması mümkün olmayacaq.

Digər tərəfdən, Suriyanın yeni lideri Əsədin yaxın ətrafına mənsub bir şəxs də ola bilər. Konkret olaraq, İran bu variantın reallaşmasına daha çox cəhd edir. Türkiyə rejimin dəyişməsini, Rusiya isə Əsəd gedərsə də, rejimin qalmasına tərəfdar idi. İndiki halda razılığın Rusiya variantı üzərində olduğu nəzərə çarpır. Ələvi muxtariyyatına gəldikdə isə, məncə, bu məsələ aktual deyil. Çünki hazırda Suriya hüquqi deyil, faktiki baxımdan parçalanmış, bölünmüş vəziyyətdədir. Ancaq gələcəkdə Suriyanın siz deyən bölgü əsasında formalaşdırılması istisna edilmir. Bununla belə, Suriya ilə bağlı anlaşma əldə olunsa belə, orada sabitliyin üç-dörd ildən tez bərpası gözlənilmir”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv