!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq İnvestisiya Konfransı keçirilib

!Reklam – Yazi

15415955_10211772021559002_235035826_nBu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (İCD) təşkilatçılığı ilə Beynəlxalq İnvestisiya konfransı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Yeniçağ.az-a verilən məlumata görə, tədbirdə 24 ölkədən kənd təsərrüfatı, ərzaq, sənaye, maliyyə xidmətləri, təhsil və turizm sahələrində fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib. Konfransın keçirilməsində əsas məqsəd iş adamlarını Azərbaycana investisiya qoyuluşu imkanları ilə tanış etmək, konkret layihələr üzrə müzakirə aparmaqdır.

Konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev tədbirin Azərbaycanın İslam İnkişaf Bankı, eləcə də İCD ilə səmərəli əməkdaşlığının növbəti nümunəsi olduğunu və Azərbaycanla islam ölkələri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan prezidenti islam ölkələri ilə əməkdaşlığın genişləndirilməsini ölkənin xarici siyasət prioritetlərindən biri kimi müəyyənləşdirib. Məhz buna uyğun olaraq, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün zəruri tədbirlər görülür. İslam ölkələri Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini müxtəlif səviyyələrdə daim dəstəkləyir, işğalçı Ermənistandan torpaqlarımızı azad etməyi tələb edirlər. Gələn il Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları da islam ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək.
Vurğulanıb ki, indiyədək İslam İnkişaf Bankı tərəfindən ölkəmizə iqtisadiyyatın müxtəlif sahələri üzrə 18 layihə çərçivəsində 1 mlrd. ABŞ dollarına yaxın vəsait ayrılıb. Bu layihələrin 14-ü başa çatıb, 4-ü isə davam edir.
İCD tərəfindən indiyədək ölkəmizə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 14 layihə üzrə 130 mln. ABŞ dolları məbləğində investisiya yatırılıb. 2007-ci ildə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” təsis edilib ki, bu da uğurlu əməkdaşlığın göstəricilərindəndir.

Azərbaycanın geniş tranzit imkanlarını diqqətə çatdıran Şahin Mustafayev Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi barədə məlumat verib, ölkəmizdə azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması istiqamətində işlərin davam etdirildiyini bildirib. O bildirib ki, 26 aqroparkın yaradılması nəzərdə tutulur.

İCD baş icraçı direktoru Xalid Məhəmməd Əl Əbudi belə tədbirlərin ölkəyə investisiya qoyuluşunda, iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. İCD-nin ölkəmizlə əməkdaşlığı barədə məlumat verən Əl Əbudi korporasiyanın Azərbaycanda həyata keçirilən bir sıra layihələrin icrasında iştirak etdiyini, özəl sektorla əməkdaşlığını, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin yaradılmasında iştirakını qeyd edib. Bildirilib ki, Azərbaycanda sərmayə qoyuluşu üçün geniş imkanlar var. İCD Azərbaycanda qeyri-neft sektorunun inkişafına gələcəkdə də öz töhfəsini verəcək. Korporasiyanın ölkəmizdə həyata keçirilən iqtisadi islahatları dəstəklədiyini vurğulayan Əl Əbudi İCD-nin ölkəyə investisiya qoyuluşunun artırılması, yerli məhsulların keyfiyyətinin yaxşılaşdırılması və xarici bazarlara çıxışı, birgə müəssisələrin yaradılması, tranzit potensialının artırılması sahələrinə dəstək göstərə biləcəyini qeyd edib.

Sonra “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Yeniçağ.az

www.yenicag.az

687
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv