Yazı İçi 468×60

Seymur Verdizadə: “”Karusel jurnalistikası”ndan istifadə jurnalistin özünəqəsd prosesinin başlanğıcıdır…”

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə “Şərq” qəzetinin suallarını cavablandırarkən media orqanlarında, sayt və qəzetlərdə mövzuların, xəbərlərin, informasiyaların təkrar olunmasına, bir-birinə bənzəməsinə, hətta nöqtə-vergülünə kimi tamamilə eyni olmasına münasibət bildirib.

S.Verdizadə deyib ki, mövcud problemin yaranmasının başlıca səbəbi mətbuatın maddi-texniki bazasının zəif olmasıdır.

Ekspertin sözlərinə görə, hamını tənqid edən media nümayəndələri mühüm məqamlarda öz fəaliyyətini də mühakimə etməkdən çəkinməməlidir:

“Hazırda redaksiyaların əksəriyyətində əməkdaşların sayı iki əlin barmaqlarını ötmür. Səkkiz-on nəfərlə gündəlik qəzet çıxarmaq əməkdaşlardan xüsusi bacarıq, zəhmət və cəsarət tələb edir. Xüsusi istedad sahibi olan zəhmətkeş jurnalistlərin bir çoxu hələ bir neçə il əvvəl öz fəaliyyət istiqamətlərini dəyişiblər. Peşəkar jurnalistlərin mətbuatı tərk etməsi 2000-ci ilin əvvəllərinə təsadüf edir. “Media həmrəyliyi”, yaxud “xəbər paylaşımı” kimi təqdim edilən anlayış əslində, “karusel jurnalistikası” deməkdir.

Mən bu cür hallarla ilk dəfə 2005-ci ildə qarşılaşmışam. Ayağını redaksiyadan bir addım kənara qoymayan müxbirin iş vaxtı başa çatanda redaktora 6-7 xəbər təqdim etdiyinin şahid olmuşam. Hələ o vaxtdan 5-6 jurnalist öz aralarında şəbəkə yaradıb, birgə fəaliyyət göstərirdilər. 2005-ci ildə “Xəzər” qəzetində redaktor işləyəndə seçdiyim sərlövhələrin ertəsi gün onlarla qəzetdə yer aldığını görmüşəm. Məncə, “karusel jurnalistika” oxucuya hörmətsizlikdir”.
JAM sədri deyib ki, “karusel jurnalistikası”nın inkişafı mətbuatın rəngini dəyişib, qəzet səhifələrini boz-bulanıq, cansıxıcı edib:

“Bu cür “jurnalistika” oxucuların mətbuata marağının azalmasına gətirib çıxarıb. “Karusel jurnalistikası”ndan istifadə təkcə oxucuya və redaksiya rəhbərliyinə hörmətsizlik deyil, həm də jurnalistin özünəqəsd prosesinin başlanğıcıdır. Bu cür fəaliyyətlə məşğul olan jurnalist getdikcə tənbəlləşir, yaradıcılıq imkanlarını itirir, axtarışlardan geri qalır. Yalnız tələbkar redaktor korpusunun sayəsində belə mənfi halların qarşısını almaq mümkündür. Nəhayət, jurnalist özü dərk etməlidir ki, ən böyük pisliyi özünə edir. Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycan mətbuatında ixtisaslaşma prosesi zəif gedir. İqtisadiyyatdan, idmandan, mədəniyyətdən, səhiyyədən yaxşı yaza bilən jurnalistlərin sayı çox azdır. Günün səhəri Milli Məclisin üzvü Tahir Kərimli ilə müsahibəyə gedən jurnalisti axşam müğənni Elza Seyidcahanın konsertinə göndərmək mətbuatın faciəsidir”.

Jurnalist vurğulayıb ki, tədbirlərdən hazırlanan xəbərlərin biri-birinə bənzəməsi ciddi faciə deyil. Əsas faciə odur ki, xəbərə çevrilməyə layiq olmayan tədbirlər də mətbuatda işıqlandırılır:

“Münasibət jurnalistikasından, tədbir jurnalistikasından əl çəkmək lazımdır. Jurnalistin vəzifəsi təkcə mətbuat konfranslarından xəbər hazırlamaqdan ibarət deyil. Onsuz da informasiya agentlikləri bu işlə məşğul olurlar. Əsl jurnalist daim axtarışda olmalı, özəl xəbərləri, oxunaqlı reportajları, hadisələrə özünəməxsus yanaşma tərzi ilə oxucunu heyrətləndirməyi bacarmalıdır”.

S.Verdizadənin fikrincə, sovet dövründə olduğu kimi, redaksiyalarda şöbələri bərpa etmək lazımdır:

“Hər bir jurnalist konkret sahə üzrə ixtisaslaşmalıdır. Jurnalist üzümçü, ya da pambıqçı deyil ki, onun üçün plan müəyyənləşdirəsən. Təəssüf ki, bəzi redaksiyalarda jurnalistə “sağıcı” kimi yanaşırlar. Sağıcı səhər və axşam inəkdən bir vedrə süd sağdığı kimi jurnalistdən də gündə bir səhifə material yazmaq tələb olunur. Bu cür hallar mətbuatı nüfuzdan salır, jurnalistin ortaya qoyduğu işin keyfiyyətinə mənfi təsir göstərir. Redaksiyalar jurnalistlərin əməyinə yüksək qiymət verməlidir. Jurnalist aldığı məvaciblə özünü, ailəsini təmin etməlidir ki, gözü onun-bunun əlində və ya işində olmasın”.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."