“Bir çıxış yolu var: Azərbaycanın səbr kasası daşsın və bu sırtıqları töksün bayıra” – Millət vəkili

Müəllif: Redaktor

Editor

Bunu Yeniçağ.az-a danışarkən millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, münaqişənin həlli ehtimalı da var:

“Trampın müəyyən dərəcədə ürəyi yumşalsa, Ruhaninin ruhi vəziyyəti yaxşılaşsa, məsələ həllini tapacaq. Yəni Dağlıq Qarabağın taleyi bu dövlətlərin şəxsi iradəsindən asılıdır. Əgər onlar razılaşsalar, biz də bu münaqişəni həll edib, ermənini mədəni şəkildə qova bilərik. Yalnız son çıxış yolu qalır: o da müharibə etməkdir”.

Politoloq Zərdüşt Əlizadə isə qeyd edir ki, hər hansı bir münaqişədə onun həllində maraqlı olan qüvvələrin, dövlətlərin, dövlət başçılarının istəyi və siyasi iradəsi olmalıdır:

“İkincisi, hər hansı obyektiv şəraitdə dəyişiklik olmalıdır. Bu məsələdə isə boğazdan yuxarı sözlər deyilir. Camaatı aldatmaq üçün müəyyən fikirlər səsləndirilir. Bunun da real həyatla heç bir əlaqəsi yoxdur. Ona görə də heç bir dəyişiklik gözləmirəm”.

Millət vəkili Asim Mollazadə də bildirir ki, hal-hazırda bu məsələdə hansısa irəliləyiş gözlənilmir:

“Rusiya ilə hərbi qüvvələrini birləşdirən Ermənistan danışıqlar prosesini pozmağa çalışır. Beynəlxalq təşkilatlar təcavüzkarın siyasətinə düzgün qiymət verməyənə qədər, biz hansısa irəliləyiş əldə edə bilməyəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həllində hələlik, heç bir irəliləyiş yoxdur”.

Politoloq Qabil Hüseynlinin fikrincə, Rusiya vəziyyəti o qədər qarışdırıb ki, heç özü də nə dediyini bilmir :

“Üstəlik daha çox dondurulmuş münaqişə statusundan istifadə edirlər. Rusiyanın Dağlıq Qarabağ probleminin həllində konstruktivliyinin az qala sıfıra endiyindən danışmaq lazımdır. Tez-tez demək lazım deyil ki, tərəflər özləri razılığa gəlməlidir. Torpağı işğal olunan dövlət təcavüzkarla necə razılaşsın? Özü də o təcavüzkarın arxasında Rusiya dayanır. Mariya Zaxarovanın üzünə baxanda bilirsən ki, qeyri-ciddi və hadisələrə obyektiv yanaşmağı bacarmayan bir adamdır. Onun hər sözünü ciddi qəbul etmək çox çətindir. O qadın, gah “Dağlıq Qarabağın açarı bizdədir”, deyir, gah da “tərəflər razılığa gəlsin”- fikrini səsləndirir”.

Millət vəkili Araz Əlizadənin sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan həmsədrləri yarım ildənbir, öz vəzifəsinin icrasına başlayanda deyirlər ki, Dağlıq Qarabağ məsələsini həll etməyə çalışacağıq:

“Bu artıq növbəti çiy ifadələrdən biridir. Münaqişənin həlli bu il də gözlənilmir. Bir çıxış yolu var: Azərbaycanın səbr kasası daşsın, bu sırtıqları töksün bayıra”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxışı zamanı bildirib ki, Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurtsun Moskva səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

Gülnarə Eynullaqızı

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir