www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ona şəhərin mərkəzi küçələrinin birində rast gəldim: zarıya-zarıya öz-özünə nəsə deyinirdi. Qara geyimi toz və çirkdən ağappaq idi . Qəhvəyi gözləri, sarı bənizi, çürük dişləri və uzun saqqalı vardı…

47 yaşlı Mamed kişi (ad şərtidir- red.), başını yuxarı qaldırıb, deyinə-deyinə yediyi dönəri dizinin üstünə qoyub, üzümə baxdı. Qəhvəyi gözlərinin şüşə kimi soyuq baxışlarında yalvarış, dərd, ağrı vardı. Sonra dönərini yeməyə başladı. Mən də yeyib qurtarmasını gözlədim. Gördüyüm mənzərə ürəyimi ağrıtdı və mən onun taleyini öyrənib,

Yeniçağ.az saytının oxucularına təqdim etmək istədim.

– Niyə zarıyırsan?

Xırıltılı, boğazından sürtünə-sürtünə çıxan səslə cavab verir:

– Canım ağrıyır, adam nə qədər küçələrdə daşın, betonun üstündə yatar?!

– Sənin evin yoxdur ki, küçələrdə qalırsan?

– İndi yoxdur, amma vaxtında olub. Öz səhvimin ucbatından həm ailəmi, həm də evimi itirmişəm. İndi də xəstə canımla günümü küçələrdə yubadıram ki, nə vaxtsa öləcəm.

– Nə səhv etdin ki, ailəni və evini itirdin?

Sualımdan sonra xeyli üzümə baxdı, sonra onu niyə sorğu-suala tutmağımın səbəbini öyrənmək istədi. Mənsə kənardan diqqətimi çəkdiyini və həmsöhbət olmaq istəyimi bildirdim. O isə gülümsəyib, başını yellədi və davam etdi…

– Ailəmizdə yeganə övlad olmuşam. Atamın ölümündən sonra anam məni min bir əziyyətlə böyütdü, ali təhsil verdi. Mən isə anama da layiqli övlad ola bilmədim (kövrəlir). Ali təhsilimi bitirdikdən sonra işə düzəldim. Anam tək olduğu üçün həmişə mənə “evlən”,- deyərdi. Bir qızı da bəyənmişdi. Amma mən öz bildiyimi etdim, gedib bir rus qızı ilə evləndim. Və hər şey də bundan başladı. Qız anamı yola vermədi. Hər gün işdən yorğun gəlirdim, ancaq onların qırğınına qulaq asırdım. Anam bir tərəfə dartırdı, arvadım bir tərəfə, qalmışdım ikisinin arasında. Bilirsən, anam niyə yola getmirdi yoldaşımla? Çünki qız pinti idi, bizim yerimizi də anam yığışdırırdı. Nəsə, uzun sözün qısası, dava-qırğınlarla bir oğlum oldu. Uşağa da anam baxırdı. Bir gün yoldaşım mənə dedi ki, “gəl, ananı qovaq evdən, özümüz xoşbəxt yaşayaq. O, bizə mane olur”. Mən onun heç bir sözünə məhəl qoymurdum. Sonra anam rəhmətə getdi. Amma bizim davamız əskilmədi. Artıq söz-söhbətdən bezdim, içkiyə qurşandım. Neft daşlarında işləyirdim, yaxşı maaş alırdım. Hər gün işdən çıxıb gedib yeyib-içirdim. Artıq pal-paltarımı da özüm yuyub-təmizləyirdim.

– Və bu nə qədər davam etdi?

– Yoldaşım da içməyə başlayana qədər… Oğlum da bizim söz-söhbətimizdən bezmişdi. Uşaq idi də, biz dalaşan kimi gedib stolun altında gizlənirdi. Evdə hər ikmiz sərxoş olurduq. Bir gün mənə dedi ki, özünə butulka dostu tapıb və onunla yaxınlıq da edib. Bu sözü eşidib dəli oldum, onu möhkəm döydüm. Az qala öldürəcəkdim. Həmin gün evdən baş götürüb çıxdım və Rusiyaya getdim. Rusiyada olanda xəbər tutdum ki, həmin kişi mən aldığım qızılları da oğurlayıb qaçıb. Sonra da öyrəndim ki, yoldaşım evi də satıb, uşağı da götürüb, Moskvaya köçüb.

– Necə oldu Azərbaycana qayıtdınız?

– Kaş ki, qayıtmayaydım, kaş…Gəlib gördüm ki, evimdə başqaları yaşayır. O gündən qaldım küçələrdə. Gecələr zibilliklərdə eşələnir, özümə yemək axtarırdım. Sonra dilənməyə başladım. Əvvəlcə utanırdım, sonra öyrəşdim. Düz 16 ildir ki, küçələrdəyəm.

Gözünün yaşını qolu ilə silir…

– Bəlkə də anam məni belə görsəydi ürəyi partlayardı. Bir rus köpək qızı anamın da axırına çıxdı, mənim də. Parklarda, tinlərdə, dalanlarda yatmaqdan bezmişdim. 2015-ci ildə insult keçirtdim, sol qolum qurudu, hansı xəstəxanaya getdimsə heç bir həkim üst-başıma baxıb məni qəbul etmədi, həta “səndən it iyi gəlir, çıxarın bunu burdan”,- dedilər.

– İndi səhhətin necədir?

– Sol qolum işləmir. Yenə də gördüyünüz kimi dilənirəm.

– Bəs indi harda qalırsan?

– Allah mərdimazara lənət eləsin. Özümə gül kimi yer tapmışdım, o da əlimdən çıxdı. Çünki başıma pis iş gəldi, mən də daha ora getmirəm. Demək, hər gün axşam tərəfi yanıma üç oğlan gəlirdi, mənimlə danışıb-gülürdülər, hətta mənə siqaret də verirdilər. Bir dəfə də mənə qonaqlıq vermişdilər, yeyib-içmişdik. Onlara öyrəşmişdim, görməyəndə elə bilirdim nəsə itirmişəm. Sən demə, bunlar da normal uşaq deyilmişlər, narkoman imişlər. Bir dəfə yay vaxtı saat 1 idi qaldığım yerə getdim, həmin günü də yaxşı pul yığmışdım. Gecənin bir aləmi ayaq səslərinə oyandım. Yadımda qalan odur ki, kimsə ağzımı tutub, boynumu qoltuğuna sıxdı. Və o səs ömürlük beynimə həkk olundu: “şalvarını soyundur, şalvarını”. Bilirsiniz, onlar mənə neylədilər? (ağlayır) Üçü də məni zorladı. Qolum işləmir axı, müqavimətə gücüm çatmadı. Pulumu da əlimdən alıb, qaçdılar. Mən kişiliyimi əlimdən verdim. Bundan sonra ancaq ölüm istəyirəm.

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 81
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."