www.sinerjipro.net

SinerjiProWide
Reklam

Yarım əsrdən çoxdur ki rabitə sahəsindən dərs deyən, kommunikasiyanın təşkilatlanmasında xüsusi rolu olan, Türkiyənin qabaqcıl elm xadimlərindən olan, İstanbul Yeni Yüzyıl Universitetinin rabitə fakültəsinin dekanı prof.dr. Aysel Aziz təcrübələrini Yenicag.az-la bölüşüb.

– Əsasının qoyulduğu ilk illərdən etibarən Türkiyədə rabitə elminin bütün inkişaf mərhələlərində yaxından iştirak etmisiniz. Bu gün təhsilin dünya standartları ilə uyğunlaşdırılması üçün həyata keçirilən bütün təşəbbüslərə rəhbərlik edənlərdənsiniz. Fəaliyyətinizlə bağlı fikirləriniz çox maraqlıdır.

– Keçən ildən etibarən ali təhsildə baloniya sistemi ilə başlayan keyfiyyət probleminin aradan qaldırılması məqsədilə xeyli səy göstəririk. Universitetlərdə təhsilin səviyyəsinin müəyyənləşdirilməsi ilə əlaqadar YÖK-lə (Ali Təhsil Komitəsi) yanaşı YÖK-ün nəzdində Ali Təhsil Keyfiyyət Şurası da fəaliyyətə başladı. Şura əvvəlcə YÖK-ün tərkibində idi, ancaq rəhbərlər bu qurumun müstəqil olmasının vacibliyini vurğulayırdılar. 2017-ci ilin əvvəllərində verilən qərarla şura tamamilə müstəqilləşdi. Rabitə sahəsi olaraq, biz də bu məsələyə diqqət ayırdıq. QHT-lərə ali təhsilin səviyyəsini müəyyənləşdirmək üçün xüsusi vəzifələr verildi. Əslində, daha əvvəl mühəndislik, memarlıq, tibb, əczaçılıq və s. sahələrdə təhsilin keyfiyyətini yoxlamaq üçün QHT-lərə sertifikatlar verilmişdi. Bunun müsbət nəticələr yaratdığını gördük və biz də rabitə fakültələrinin dekanları (İLDEK) olaraq bir araya toplaşdıq. Qeydiyyatdan keçdikdən sonra isə YÖK-ə müraciət etdik və monitorinqlərlə bağlı danışıqlar apardıq. 2015-ci ildə başlayan danışıqların nəticəsində Rabitə Araşdırmalar Dərnəyi bu vəzifəni öz üzərinə götürdü. Hazırlıq komitələrində rabitə fakültələrinin təyin etdiyi şəxslər çalışmağa başladı. Biz rabitənin yeddi əsas sahəsində akkreditasiya keçirmək üçün qaydalar müəyyənləşdirdik. 2017-ci ildə təsdiqlənmiş Keyfiyyət Şurasına müraciət etdik. Hal-hazırda akkreditasiya prosesinə başlamaq üzrəyik. Keyfiyyət Şurası tərəfindən müraciətimizin təsdiq olunmasını gözləyirik. Sertifikatımızı aldıqdan sonra fakültənin tələbələrinə məlumat veriləcək, iclaslara dəvət olunacaq, onlar “Hazırıq” dediyi an isə manitorinqə başlayacağıq. İndi Keyfiyyət Şurasının özündə də struktur dəyişiklikləri gedir, qurum bütün sahələr üzrə dəyərləndirmələr aparır, rabitə sahəsi də məhz bu qəbildəndir. Sertifikatın da müəyyən bir vaxtı var, bir müddətdən sonra onlar sizi yoxlayaraq ya sertifikatın vaxtını uzadırlar, ya da onu tamamilə ləğv edirlər. Rabitə sahəsinin 50 illik inkişafının sonunda, nəhayət, biz də öz akkreditasiya qurumumuza malik olacağıq. Hətta deyə bilərik ki, artıq bu arzumuza nail olmuşuq. YÖK akreditasiya keçirmək üçün bizə icazə verir, lakin sertifikatımızı əlimizə almadan bir addım atmaq istəmirik. İndiyə qədər həmişə kənardan gəlib yoxlayırdılar, indi isə bu işi özümüz həyata keçirəcəyik. Hər ölkənin təhsil sistemi özünəməxsusdur, buna görə də, kənar şəxslər bu fərqlilikləri görməyə qadir deyil. Həmçinin bu işin maliyyə tərəfi də var, bizim 5 lirəyə gördüyümüz işi onlar 15 lirəyə edəcək. Bütün rabitə fakültələri məndən cavab gözləyir, sertifikatımızı alan kimi fakültələrlə yazışmalarımız olacaq və nəhayət, monitorinqlərə başlayacağıq. İnşallah, gələn görüşümüzdə deyəcəyəm ki, fakültəmiz akkreditasiyadan uğurla keçdi.

– Və ya hesabatlarınız daha dəqiq olacaq.

– Bəli, məsələn, 10 müraciət var idi, 5-i müsbət nəticə aldı, 5-i isə mənfi deyə biləcəyik.

– Türk kommunikasiya elminin nümayəndəsi olaraq siz keyfiyyətin yüksəldilməsi üçün bir növ könüllü fədakarlıq göstərirsiniz. Doğrudur?

– Bəli. Madam ki Azərbaycandan söhbət açıldı, onu deyim ki, şuramız sadəcə, Türkiyəni deyil, Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan olmaqla digər türkcə təhsil verən ölkələrdə rabitə fakültələrinin inkişafı üçün səy göstərir. İnşallah, biz də gələcəkdə oralara gedib akkreditasiyadan keçməyə çalışacağıq.

– Bu fəaliyyətinizdə Türkiyədən fərqli olaraq, hər hansı boşluqlar olacaqmı?

– Xeyr, əgər hər hansı boşluq olarsa, Keyfiyyət Şurası sertifikatı geri alır. Heç bir halda bundan söhbət gedə bilməz. İndi Rabitə Araşdırmaları Akkreditasiya Şurası (İLEDAK) adlı qurum yaradılıb. Təzyiq olmasın deyə, biz bu quruma rektor, rektor müavini, idarəçi təyin edə bilmirik. Hər mövzuda bərabər qaydalar tətbiq edirik. Bilirlər ki, söhbət işimdirsə, güzəştə getmirəm, buna görə də məni itirmək istəmirlər. İşi sağlam şəkildə qurduqdan sonra gənclərə təslim edəcəyik. İkiillik hazırlıq mərhələsindən sonra artıq bu mərhələyə gəlib çatmışıq.

– Siz Yeditepe və Yeni Yüzyıl universitetlərinin əsasının qoyulmasına böyük dəstək vermisiniz. Bildiyimizə görə, hal-hazırda da universitet təhsilində nəzəriyyənin praktikada tətbiq olunmasına üstünlük verirsiniz. Bu barədə nələr demək istərdiniz?

– Elə mən də bu məsələyə toxunmaq istəyirdim. Bilirsiniz ki, Türkiyədə rabitə təhsili jurnalistika, cəmiyyətdaxili münasibətlər, radio-televiziya sahələri ilə birgə tədris olunmağa başlamışdı, zaman keçdikcə bunlara başqa sahələr də əlavə olundu. 1965-ci ildən sonra qurulan 6 fakültədə bu 3 sahə əsas götürülmüşdü. İndiki fakültələrin hamısında bunlar var. Rabitə fakültələrində 20-dən çox tədris proqramı mövcuddur, biz onlardan yeddisini nəzarətimizə götürmüşük. Vizual rabitə dizaynerliyi, reklamçılıq, rabitə elmləri kontrolumuz altında olacaq. Rabitə elminin nəzəriyyəsi geniş olsa da, yaradıcılıq üçün müəyyən tələblər var. Digər 6 sahədə isə nəzəriyyə ilə yanaşı praktika üçün də proqramlar hazırlamışıq. 7 istiqamətdə 15-16 maddə var, Avropa təhsil sisteminin standartlarını da tətbiq etməyə çalışırıq. Beynəlxalq səviyyədə dəyişməz tələblər mövcuddur. Tələbələr ümumi hüquq, iqtisadiyyat kimi elm sahələrindən xəbərdar olmalıdırlar. Bundan əlavə tələbə araşdırma aparmağı bacarmalı, müşahidə bacarığı olmalı, sosial mediadan yüksək səviyyədə istifadə etməyi bacarmalıdır. Hər sahəyə aid özünəməxsus qaydalar var. Birinci növbədə ümumi dünyagörüşü, daha sonra sahəyə aid bilik və bacarıqlar gəlir. Bunların dəyərləndirilməsi üçün standartlar hazırlamışıq. 7 sahəni əhatə edən standartlara müasir media da daxildir. Bu standartları müəyyən etmək üçün bütün universitetlərdən 15 nəfərlik komanda yaratdıq və 9 ay çalışdıq. Hal-hazırda mənim iki vəzifəm var: həm dekan kimi fəaliyyət göstərirəm, həm də akkreditasiya sertifikatı almaq üçün aparılan hazırlıqlara rəhbərlik edirəm. Bu işi tam ərsəyə gətirdikdən sonra, ikinci işdən imtina edəcəyəm. İndi Türkiyədə akkreditasiyadan keçmək icbari deyil, lakin bizim işlərimiz sona çatanda bu, icbari olacaq. Həmin vaxt YÖK-ün kitabçasında “Bu ixtisas akkreditasiyadan keçmişdir” yazılacaq. Bu, universitetlər arasında rəqabət yaradacaq. Valideynlər, tələbələr, müəllimlər belə seçim edərkən fakültənin akkreditasiyadan keçib-keçmədiyinə fikir verəcəklər. ÖSYM kitabçasında akkreditasiyadan keçmiş qurumlarla bağlı qeydlər görə bilərsiniz. Həmçinin, qəzetlərdə universitet reklamları veriləndə də kənarda onun akkreditasiyadan keçib-keçmədiyi qeyd olunur. Bu, böyük bir prestijdir.

– 1990-cı illərin əvvəllərindən etibarən, Türkiyədə özəl televiziya sahəsinin inkişafı profesionallığın aşağı olmasını aşkara çıxartmışdır. Problemlər həll olunmaqdansa daha da dərinləşib. Fəaliyyətinizdə bu problemlərin aradan qaldırılması üçün hansı addımları atmısınız?

– 1965-ci ildə Ankarada YUNESKO-nun dəstəyi ilə təsis edilən Media-Yayım ali məktəbində televiziya studiyası yox idi; o vaxtlar Türkiyədə heç televizor da yox idi. Ancaq 35-lik və 16-lıq kameralar vardı. Mən Media-Yayım ali məktəbində işə başlayanda çox təəccüblənmişdim, elə bil “Yeşilçam”da film studiyasındaydıq. Ancaq biz onları işlədə bilmədik, çünki lent almağa pulumuz yox idi. Türkiyədə rabitə sahəsinin inkişaf etdirilməsi üçün AK partiyanın rolu böyük oldu. Lakin o o zamandan nə qədər vaxt keçsə də, təəssüf ki, Mimar Sinan Universitetində hələ də televiziya studiyası yoxdur. Çox yerdə radio-tv də yoxdur. Rabitə təhsili texnologiya ilə ayaqlaşa bilmir. Tələbələr məktəbi bitirib, kanallara gedəndə problemlərlə üzləşirlər. TV rəhbərlikləri bizə deyirlər ki, təcrübəsi olan tələbələr göndərin. Ancaq universitetlərdə kifayət qədər texnologiya olmadığına görə bunu edə bilmirik. Buna görə də biz balansı qorumalıyıq. Onsuz da baloniya sistemi hər hansı təhsil sahəsində birinci növbədə dünyagörüşünü əsas götürür. Jurnalist, yayımçı ilk növbədə cəmiyyətdəki münasibətləri yaxşı bilməlidir. Bundan əlavə, ölkənin qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüququ, siyasəti, iqtisadiyyatı, dövlət sistemini bilməlidir. Biz operator yetişdirmirik, 3 aylıq kurs da operator yetişdirə bilər. Biz ictimai rəyə istiqamət verə biləcək şəxslər yetişdirmək istəyirik. Necə yetişdirəcəyik? Birinci növbədə onlar dili yaxşı bilməli, bununla yanaşı xarici dillərə də yiyələnməlidirlər. Onlara 60% dünyagörüşü, 90 % nəzəriyyə, 60% tətbiqi bilikləri öyrətməyi bacarmalıyıq. Bizim peşənin birinci qaydası budur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 581
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."