yenicag.az

"Biz tamaşaçını aldatmırıq, yoxlanılmamış xəbəri efirə vermirik" - Video,Fotolar

“Biz tamaşaçıları aldatmırıq, yoxlanılmamış xəbəri efirə vermirik” – Video,Fotolar

Müəllif: Redaktor

Editor

“Kollektivimizdə çalışan gənclərin səyi və təcrübəli kadrların səriştəsi nəticəsində bütün lazımı prosedurlar maksimal dərəcədə qısa zaman çərçivəsində həyata keçirilir.”

“ARB 24” televiziyasının fəaliyyətə başlamasından 7 il ötür. Kanal 2010-cu il iyunun 1-də Tovuzda “Türkel TV” brendi ilə yayıma start verib. Telekanal 2013-cü ilin noyabrından etibarən tamaşaçıların önünə fərqli formada çıxır – “TTV” brendi ilə hər saatın tamamında xəbər buraxılışı. Televiziya 2014-ci il aprelindən isə xəbər buraxılışlarını hər yarım saatdan bir təqdim etməyə başlayır. Qısa zaman kəsiyində bir sıra uğurlara imza atan kanal 2016-cı ilin sentyabr ayından “ARB 24” adı ilə fəaliyyətini davam etdirir. Cəbhə bölgəsinə yaxın məsafədə yerləşən kanalın məqsədi dünyanı, beynəlxalq ictimaiyyəti Azərbaycan həqiqətləri ilə məlumatlandırmaq, işğal olan ərazilər haqqında dəqiq məlumat verməkdir. Bundan əlavə izləyicilərə informasiya xarakterli proqramlar təklif etmək, maarifləndirmək və yüksək mənəvi zövq formalaşdırmaqdır. “ARB 24″ də Səlminə Ələkbərli, Hüseyn Azəri, Mehman Piriyev kimi tanınmış aparıclar çalışır. Bundan başqa xəbər sahəsində öz dəstixətti və bacarığı ilə seçilən Allahverdi Şəfiyev, Vüqar Əliyev, Namiq Abbasov, Pərvanə Əliyeva kimi mütəxəssislər işləyir. Analitik, ictimai-siyasi, iqtisadiyyat, mədəniyyət, idman buraxılışları və digər rublikaları yayimlamaqla ölkə və dünya gündəmi barədə 24 saat xəbər verən televiziya sutka ərzində 47 xəbər proqramını təqdim edir. Bununla da tamaşaçılar istədiyi informasiyanı istədiyi vaxt əldə etmək imkanı qazanır. Mehriban, vahid bir ailə olan ” ARB 24 ” kollektivi əsasən gənclərdən ibarətdir. Bu da, öz növbəsində, bir televiziya şirkəti üçün çox vacib olan bitib-tükənmək bilməyən yeni ideyalar, möhtəşəm layihələr deməkdir. “Sizin xəbər kanalınız” devizi ilə milyonlar qarşısına çıxan “ARB 24” qısa müddətdə qarşıya qoyduğu hədəflərə nail olub. Kanal müasir avadanlıq və yeni rəqəmsal yayımla təchiz olunub. “ARB 24” peyk vasitəsilə dünyanın istənilən ölkəsində yayımlanır. Bunun üçün ekrandakı tezlikləri yığmaq kifayətdir. (Azerspace: 11024 V 12698 (5/6) ) “ARB 24” telekanalının baş direktoru, tanınmış jurnalist, siyasi icmalçı Nadir Şəfiyevdir.

Yenicag.az İCMAL.az saytının 7 yaşı tamam olan telekanalın rəhbəri Nadir Şəfiyevlə müsahibəsini təqdim edir:

-Nadir müəllim, əvvəla rəhbərlik etdiyiniz telekanalın bütün işçi heyətini 7 yaş münasibəti ilə təbrik edirik. Bir televiziya üçün 7 il nə deməkdir?

-Təbrikə görə kollektivimiz adından təşəkkür edirəm. 7 il bizim üçün yaranışdan formalaşmağa qədər gedən bir yoldur. Biz artıq tam məsuliyyətlə deyə bilərik ki, televiziyamızın xəbər kanalı kimi formalaşması başa çatıb və hazırda biz sadəcə işimizi yeni çalarlarla zənginləşdirməyə və yeni layihələr həyata keçirməyə çalışırıq.

-” ARB 24 ” 7 ildə qarşıya qoyduğu hədəflərə çatıbmı?

1496207537_2-Deyəsən mən məsələni bir qədər qabağladan və qismən də olsa, bu suala əvvəlki cavabımda açıqlama verdim. Amma Siz buna təəccüblənməyin, çünki “ARB 24” kollektivi olaraq, biz qarşıda qoyulan vəzifələri bir qayda olaraq vaxtından əvvəl yerinə yetiririk. Qaldı ki hədəflərə çatmağa: yaradıcılıq sahəsində hədəfə tam çatdığını düşünən insanlar bu sahədən uzaqlaşmalıdırlar. Çünki qarşıda duran hədəflər inkişafa stimul verən amildir. Televiziya isə daimi inkişafı nəzərdə tutan sahədir. Əks halda müasir tələblərə və tamaşaçıların tələbatlarının ödənilməsinə nail olmaq mümkün deyil. Hər halda, mən belə düşünürəm.

-Bizim sorğulardan əldə etdiyimiz nəticələrə görə “ARB 24” tək ölkə daxilində deyil, həm də xaricdə ən çox izlənilən xəbər kanalıdır. Uğurun sirri nədir?

-Düşünürəm xəbər sahəsində çalışan insanların qarşısında bir neçə mütləq tələb var ki, biz də həmin tələblərə riayət etməyə çalışırıq. İlk növbədə biz tamaşaçını aldatmırıq. Şayə xarakterli məlumat yayımlamırıq. Mübahisəli məsələlərdə bir tərəfin mövqeyini mütləq həqiqət kimi təqdim etmirik. Bununla bağlı bir faktı diqqətinizə çatdırım ki, xəbər kanalı olaraq fəaliyyət göstərdiyimiz 3 il 5 ay ərzində biz hələ 1 xəbərlə bağlı belə təkzib vermək məcburiyyətində qalmamışıq. Bunun da bir səbəbi var: biz yoxlanılmamış xəbəri efirə vermirik. Əlbəttə ki, bu əlavə vaxt və səy tələb edir. Amma bununla belə, “ARB 24” operativlik baxımından geri qalmır. Kollektivimizdə çalışan gənclərin səyi və təcrübəli kadrların səriştəsi nəticəsində bütün lazımı prosedurlar maksimal dərəcədə qısa zaman çərçivəsində həyata keçirilir. Və başlıcası, bütün bunları həyata keçirmək üçün hər birimiz səylə çalışırıq. Yəqin ki, uğurun əsas sirri də elə budur.

-Televiziyanız həm də gənc kollektivi ilə fərqlənir. Gənclərə etibar eləmək olarmı?

-Mən deyərdim ki, nəyinki olar, hətta lazımdır. Gəncliyimiz – gələcəyimizdir deyirik. Bəs bu gənclik kimlərdən ibarətdir? Bizim üçün bu mücərrəd məfhum deyil. Gənclik bizimlə çiyin-çiyinə çalışan həmin gənclərdən ibarətdir. Onların bir qismi çox istedadlı və savadlıdır, digəri nisbətən zəif, amma işgüzardırlar və s. Biz gənclərə etibar etməsək onlar necə inkişaf edə bilərlər? Biz onları öyrətməsək, onlar hardan və kimdən öyrənməlidirlər? Odur ki, biz gənclərə kifayət qədər məsuliyyətli işi, yəni xəbər əldə etmək və onu tamaşaçı ilə bölüşmək işini etibar edirik. Amma eyni zamanda efirin məsuliyyətini də bir anlıq belə yaddan çıxarmırıq. Bu hissi gənclərə aşılamaqla yanaşı təcrübəli mütəxəssislərimiz mümkün çatışmazlıqların efirdə olmaması üçün böyük əmək sərf edirlər.

1496207529_4-Cəbhədə baş verən gərgin anları hər kəs ilk olaraq “ARB 24” dən izləyir. Ümumilikdə bu proses sizdə hansı hissləri yaradır?

-Cəbhədə baş verən hadisəsləri mən ikili hisslə izləyirəm və xəbərlərin hazırlanmasına da birbaşa nəzarət edirəm. Əvvəla mən bir jurnalist olaraq şadam ki, xəbərləri vaxtında operativ və dürüst olaraq çatdırırıq. Xəbər kanalı olaraq bu bizim vəzifə borcumuzdur. Amma digər tərəfdən bir vətəndaş, birinci Qarabağ savaşının iştirakçısı kimi mən çox istərdim bu müharibə haqq-ədalətin zəfəri ilə başa çatsın, məcburi köçkünlərimiz özlərinin dədə-baba yurdlarına dönmək imkanı qazansınlar və Azərbaycanın suveren hüquqları onun bütün əraziləri üzərində bərpa olunsun. Beləliklə də biz jurnalistlər bu gün döyüş meydanı olar ərazilərdən ürək açan, inkişafımızı, quruculuqla bağlı mümkün problemləri və uğurlarımızı işıqlandıraq.

-“ARB 24” Sizin uzunmüddətli televiziya fəaliyyətində hansı mərhələni təşkil edir?

-Bildiyiniz kimi mən 1992-ci ildən televiziya sahəsində çalışıram. Bu sənətə siyasi şərhçi kimi gəlmişəm, amma televiziyanın əksər sahələrində çalışmışam. Fəaliyyətimin əsas hissəsı məhz xəbərlərlə bağlı olub. Bu illər ərzində ölkəmizin 4 televiziyasında, İctimai radioda, Rusiya televiziyasında işləmişəm. Amma bütün bu müəssisələrdə sırf yaradıcılıqla məşğul olmuşam. Şöbə müdiri, baş redaktor müavini, departament direktoru olsam belə. “ARB 24” də isə mən artıq baş direktor olaraq həm də məmuram. İxtisasıma görə idarəçiliyin nəzəri əsaslarını kifayət qədər mükəmməl bilsəm də, məhz “ARB 24″də bu biliklərimi işdə tətbiq etmək imkanı əldə etdim. Amma yaradıcılıq fəaliyyətindən uzaqlaşmaq fikrim yoxdur. Pafoslu çıxmasın: həqiqətən həyatımı yaradıcılıqsız təsəvvür edə bilmirəm. Odur ki, özüm də müəllif verilişim olan “Həftəlik” analitik-informasiya proqramını hazırlayıram. Ümumiləşdirdikdə isə belə deyə bilərəm ki, “ARB 24” mənim televiziya fəaliyyətimdə idarəçilik amillərinin və təcrübəsinin genişlənməsi, artması mərhələsidir.

-Siz həm də gənc yaşlarınızda çox fəal olmusunuz, Ulu Öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlməsi dönəmində fəal gənclər sırasında olmusunuz. Həmin anları necə xatırlayırsınız?

1496207507_6-Həmin vaxt ölkəmizin müstəqilliyi yenicə əldə etdiyi bir dövr idi. Azərbaycanın müstəmləkəçilikdən qurtulmasının əlehidarları çox güclü idi. Bütün siyasi proseslər haqqında danışmaq istəməzdim, çünki bu çox vaxt aparar. Amma bir məsələni xüsusilə qeyd etmək lazımdır. Həmin qüvvələr öz məqsədlərinə çatmaq üçün gənclərdən istifadə etməyə çalışırdılar. Bunun üçün müxtəlif yalnış xəbərlər, şayələr yayır, gənclərə zahirən gözəl görünən ideyaları təbliğ edir, reallıqda isə onları çaşdırıb öz maraqları üçün istifadə etməyə çalışırdılar. Mən çox şadam ki, həmin dövrdə mən də, mənim dostlarım da müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı naminə çalışa bilmişik. Bəzən deyirlər ki, həmin dövrü yenidən yaşasaydın, nəyisə başqa cür edərdim. Şükürlər olsun ki, mən həmin vaxta nəzər saldıqda bunu demək istəmirəm.

-Gələcəkdə hansı planlarınız var?

-Qeyri-adi bir planlarımız yoxdur. İşləmək, efirimizin keyfiyyətini, kollektivimizin peşəkarlığını daha da artırmaq

-ARB24 tamaşaçılarına sözünüz.

-Biz Sizin üçün çalışırıq. Və əgər Siz bizim kanalı seçib xəbəri bizdən alırsınızsa, bu bizim üçün ən böyük qiymətdir.

Yenicag.az

Müsahibə, Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti