www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Procter&Gamble” şirkətinin Türkiyə və Qafqaz Başqanı Tankut Turnaoğlunun Yeniçağ.az-a müsahibəsi

– Azərbaycanda hansı tarixdə fəaliyyətə başladınız? Oradakı ofisiniz “Procter& Gamble” firmasının özünündür yoxsa nümayəndəlik ilə əməkdaşlıq edirsiniz?

-“Procter&Gamble” şirkətinin özünə məxsusdur, nümayəndəliyimiz də var. Orada öz şirkətimizi də yaratmışıq. Azərbaycan bazarına ilk dəfə 1998-ci ildə çıxmışıq, tezliklə 20 ilimiz tamam olacaq. 20 ilin böyük müddəti qarşılıqlı əməkdaşlıq şəklində keçdi və o əməkdaşlıq bu gün də davam edir. 5 il öncə isə öz şirkətimizi də yaratdıq.

– Buna niyə ehtiyac hiss etdiniz? İş həcminiz çox böyükdür yoxsa başqa faktorlar tədavülə daxil oldu?

– İş proseslərinə nəzarətin bizdə olmasını istədik.nGömrük işlərini də öz öhdəmizə götürdük, oradakı işçilərimizi də şirkətin tələblərinə görə qəbul etdik. Azərbaycan bizim firmamız üçün önəmli bir yerdir. Hətta hörmətli dövlət başçısıyla bizim Avropa başqanımız yaxın keçmişdə Davosda görüşdülər. Bizim Azərbaycana olan etimadımız, Azərbaycanın da bizə olan etimadı müştərək şəkildə yenidən təzələndi, qarşılıqlı etimad nümayiş etdirdilər. Biz şirkət olsaq da əsas missiyamız istehlakçılara yüksək keyfiyyətli brend malları təklif etməkdir. Əslində, Azərbaycanlı istehlakçılar üçün dünyadakı təşəbbüsləri eyni vaxtda aparmaq imkanımızdan ölkədəki vətəndaşlar da bəhrələnir – biz bu cür düşünürük.Təşəbbüskarlıq məsələsində biz əvvəlcə “o ölkə və ya bu ölkə olsun”, – demirik. Biz Avropanın bir hissəsiyik, Azərbaycan da Avropanın bir hissəsidir. Türkiyə, Azərbaycan və Gürcüstan “Procter&Gamble” şirkətinin Avropa başqanlığının üzvləri olduğuna görə, Avropada nə yenilik olsa, o dəqiqə Türkiyə və Azərbaycana da gedir. Hətta bizim bəzi brendlərimiz Azərbaycanda var, Türkiyədə yoxdur. Məsələn, Azərbaycanda “Safecard” brendimiz var.

– Bunun səbəbi nədir? Azərbaycandakı istehlak tələbinin daha çoxşaxəli olmasımı?

– Vallah, oraya tez getmişik, Türkiyəyə gəlməkdə isə gecikmişik…

– Azərbaycan bazarına Türkiyədən əvvəl çıxmaqda səbəb nə idi?

– O vaxtlar Azərbaycanda bizim məhsullarımıza çox böyük ehtiyac vardı. Ona görə bir çox brendlə eyni vaxtda oraya gedə bildik. Bir ölkəyə gedəndə oraya ciddi miqdarda investisiya aparırsınız, əvəzini ala bilmək üçün o investisiya bazarının da hazır olması lazımdır.

– Şirkətinizin Avropadakı rəhbəri ilə Azərbaycan prezidentinin görüşdüyünü dediniz. Arxanızda siyasi dəstəyin mütləq olmasına ehtiyac hiss edirsiniz?

– Yox, yox, o məqsədlə deyil. Biz hökumətlərlə münasibətlərimizi həmişə yüksək səviyyədə qoruyuruq. Məsələn, bizim şirkətin rəhbəri Türkiyəyə gəldi, burada hörmətli prezidentimizlə görüşə bilmədi, nazirimizlə görüşdü.Yəni, bizim məsuliyyətlərimizdən biri də qurum halında yaxşı vətəndaş olmaqdır. Biz Azərbaycanda qurum olaraq vətəndaşıq. O mənada, Azərbaycandakı idarəçilərlə əlaqələrimizi güclü saxlamaq istəyirik.

– Ticarət dövriyyəsi baxımından Azərbaycan Qafqazda birinci yerdədir?

– Qafqaz ölkələri arasında ən qabaqdadır, ancaq dövriyyənin həcmi barədə məlumat verə bilmərəm. Gələcəkdə, xüsusilə, TANAP layihəsindən qaz ixracatına başlayandan sonra Azərbaycanın daha güclü olacağını düşünürük. Son vaxtlar iqtisadi cəhətdən bəzi çətinliklər oldu. Problemlərin öhdəsindən yaxşı gəldiyimizi düşünürəm.

– Böyük ehtimalla, devalvasiyanı nəzərdə tutursunuz. Sizə də təsiri oldumu?

– Təbii ki, bizə də təsir göstərir. Ancaq geri addım atmadıq. Nəticədə, biz hələ də bütün brendlərimizlə, yeniliklərimizlə Azərbaycandayıq. Mən də 3-4 aydanbir Azərbaycana gedirəm. Bakıda keçirilmiş Avropa oyunlarının əsas sponsorlarından biri “Procter&Gamble” firması idi. Biz olduğumuz ölkələrdə vətəndaşların həyatını inkişaf etdirəcək fəaliyyət göstərmək istəyirik. O baxımdan idman bizim üçün çox önəmlidir. “Procter&Gamble” dünyadakı Olimpiadaların 8 əsas sponsorundan biridir. Bizim üçün uşaqların idmanla böyümələri çox mühümdür. Çünki o cür böyüyəndə komanda halında işləməyə daha uyğun olurlar, məsuliyyət hissi artır, zərərli vərdişlərdən qorunurlar. Məhsullarımızın daha çox istehlakçıya çatması sahəsindəki gücümüzdən istifadə edərək, Azərbaycanda da, Türkiyədə də uşaqları idmana həvəsləndirmək üçün mühüm işlər görməyə çalışırıq.

– Azərbaycanda ənənəvi gigiyena məhsullarından istifadə üçün gələn təkliflərdən istifadə edirsinizmi?

– Biz hər kəsə qulaq asırıq. Önəmli olan dinləməkdir. Bizim kimi qurumlar nə vaxt itirərlər? Gördüyü işlərin ən doğru olduğunu düşünərək, kənardan gələn təklifləri dinləməyəndə.Təbii ki, hər gələn təklifi də həyata keçirtmək olmur. Ancaq biz əvvəlcə dinləyirik, şirkətimiz üçün bir ölçü, fərq yarada biləcək şeyləri daha dərindən araşdıraraq onlardan istifadə etməyə çalışırıq. Biz bu gün dünyanın müxtəlif yerlərində çox böyük layihələrə sahibik. Ona görə bəzi şeyləri seçmək imkanımız var. Məsələn, Avropadan gələn bir məhsulun qoxusu Azərbaycana uyğun gəlmirsə, biz onu dəyişdiririk.Və ya başqa ölkələrdə mövcud olan məhsulları testdən keçirərək onunla əvəzləyə bilirik.

– 3-4 aydanbir Azərbaycana səfər etdiyinizi dediniz.

– Azərbaycanı görməkdən daima qürur duyuram. Biz Türkiyədəki təcrübələrimizi Azərbaycana aparmaq istəyirik.

Aytək YUSİFSOY
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."