Böhran qapıda, məmurlar komfortdan əl çəkmirlər – “Biznes-klass”

Müəllif: Baş Redaktor

Baş Redaktor

original_Award_Ticket_to_Israel_with_Frequent_Flyer_Miles_-_Turkish_Airlines_Business_ClassNatiq Cəfərli: “İndiki çətin durumda da ölkə məmurları dövlət hesabına xarici səfərlərə gedərkən normal biletdən 3-4 dəfə baha biznes-klas biletlərindən istifadə etməkdə davam edirlər”

Sivil ölkələrdə hər hansı bir böhran dövründə daha az xərclə problemdən çıxmaq üçün idarə və nazirliklər müəyyən izafi xərclərdən imtina edirlər. Bununla da dövlət büdcəsinin ciddi ziyan çəkməməsinə cüzi də olsa öz töhvələrini verməyə çalışırlar. Azərbaycan da hazırda manatın kəskin dəyər itirməsi fonunda ciddi böhranla qarşı-qarşıyadır. Bunun nəticəsidir ki, dövlət büdcəsinin həcmi keçən illə müqayisədə 25 faizə qədər daralıb. Belə bir vəziyyətdə hər bir sistem qənaət rejiminə keçməlidir və bu prosesdə nazirlik və idarələr mühüm rol oynaya, lazımsız izafi xərclərdən imtina etmək istiqamətində atdıqları addımlarla cəmiyyətə də bir örnək oa bilərdilər. Amma böhran qapımızı döysə də, idarə və müəssisələrin saxlanılmasına lazımsız xərclərdən imtina məsələsi hələlik gündəmə gəlmir ki, gəlmir.

natiqİqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, hazırkı mövcud durum və qarşıda gözlənilən çətinliklər nazirlik və idarələrin lazımsız xərclərdən imtina edilməsi məsələsininin aktuallığını gündəmə gətirib: “Ölkədə böhran yaranan dövrdə məntiqli olaraq məmurlar özlərinin və rəhbərlik etdiyi nazirlik və idarələrin xidməti xərclərinin azaldılmasına getməlidirlər. Amma ümumi büdcə xərcləmələrində nazirlik və dövlət idarələrinin balansında olan bu tipli xərclər o qədər də böyük həcmdə deyil. Əsasən də başqa effektiv olmayan xərclərin kəsilməsi,  bu gün üçün aktual olmayan layihələrin dayandırılması məsələsi gündəmə gəlməlidir. Ümumiyyətlə bir hesabatlılıq gündəmə gəlməlidir ki, dövlət və hökumət orqanları aldıqları hər manata görə hesabat verməyi bacarsınlar. Həm ictimaiyyət, həm də parlament qarşısında hesabatlılıq artmalıdır.  Təəssüf ki, bu günə kimi bunun şahidi olmamışıq. Həm də izafi xərclərin, xarici səfərlərin, avtomobillərdən istifadənin minimuma endirilməsi, xarici səfərlər zamanı bahalı biznes-klas biletlərindən deyil, ucuz biletlərdən istifadə olunması gündəmə gəlməlidir. İndilikdə isə ölkə məmurları dövlət hesabına xarici səfərlərə gedərkən normal biletdən 3-4 dəfə baha olan biznes-klas biletlərindən istifadə etməkdə davam edirlər. Bu tip xərclər minimuma endirilməli, hesabatlılıq artırılmalıdır. Bu istiqamətdə nazirlik və idarə rəhbərlərinin özlərinin təşəbbüs göstərməsi yaxşı olsa da, onlardan bunları gözləmək inandırıcı deyil. Bunu onlardan şəxsi təşəbbüs formasında gözləsək, təbii ki, bu baş verməyəcək. Əslində bu məsələdə yanaşma və siyasət dəyişməlidir. Nazirlər Kabineti, ya da Prezident Aparatı nəzdində göstəriş olmalıdır. Çünki ölkə məmurları bu tipli göstərişlərə daha tez riayət edir, nəinki özləri hər hansı bir təşəbbüslə çıxış etsinlər. Ciddi şəkildə tapşırıq verilsə, yaxud da qanuni qaydalar şəklində aktlat olsa, o zaman məmurlar buna əməl etməyə borclu olacaqlar. Amma özləri-özlüyündə belə bir addıma gedəcəyini, rəhbərlik etdiyi idarənin saxlanılmasına sərf olunan  lazımsız xərclərdən könüllü olaraq imtina edəcəklərini düşünmürəm”.

ELÇİN


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir