Yazı İçi 468×60

Nüfuzlu “Reuters” agentliyi xəbər yayıb ki, “Azərbaycan Dəmir Yolları” ASC maliyyə məsələləri üzrə beynəlxalq məsləhətçi axtarır, səbəb də “müəyyən mövcud borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi” mexanizmlərini hazırlamaqdan ibarət olacaq.

Bu əsasda bir çox ekspertlərin fikrincə, sözügedən ASC ətrafında cərəyan edən proses Beynəlxalq Bankın ardınca ADY-nin də özünü müflis elan etmək, borclarını “restrukturizasiya” etmək, bacardıqca uzadaraq gec qaytarmaq, dövlətin üzərinə atmaq mənasını daşıyır. Bu əsasda da fikirlər səslənir ki, növbədə SOCAR, AZAL, “Azərenerji”, “Azərsu”, digər nəhəng dövlət şirkətləri də ola bilərlər. Onların toplam borcu birbaşa dövlət borcundan da çoxdur, təqribən 13-14 milyard dollardır. İllərdir tək büdcə pulunu deyil, beynəlxalq kreditləri də basıb-yeyiblər, indi də dövlətimizin bu gününə, sabahına, artıq birisi gününə də təhdid yaradıblar, övladlarımız, hətta nəvələrimiz də uzun illər bu borcları qaytarmalı olacaqlar.

ADY ASC ətrafında cərəyan edən bu prosesi Yenicag.az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, ADY ASC ətrafında yaşananlar qurumun özəlləşməməsi, uzun illərdir dövlət şirkəti olaraq qalmasından qaynaqlanır:

“Azərbaycan Dəmir Yolları” ASC, SOCAR, AZAL, “Azərenerji” kimi qurumlar iqtisadi sahədə fəaliyyət göstərən dövlətə məxsus xidmət qurumlarıdır. Bu qurumların indiki addımları, öz borcları ilə məşğul olması və bu istiqamətdə yaranan digər problemlərin hamısı ölkədə bazar iqtisadiyyatı elan edilsə də, onların xidmət göstərən dövlət şirkətləri olaraq qalmalarından qaynaqlanır.

Bu da zərərli tendensiyadır. Dünya praktikası da göstərir ki, iqtisadi sahədə xidmət göstərən hər hansı müəssisə uzun müddət dövlət şirkəti olaraq fəaliyyət göstərirsə, onda təbii problemlər yaranır. Şirkət tam olaraq bazar iqtisadiyyatına inteqrasiya edə bilmir. Bir tərəfdən də müflisləşir. Müflisləşsə də, dövlət dayağı sayəsində fəaliyyətini davam etdirir. Nəticədə də borclar ortaya çıxır. Həmin müəssisələr qeyri-dövlət şirkəti olaraq özünü doğrultmasaydı, anoloji vəziyyətdə sıradan çıxacaq və yerlərini başqaları tutacaqdı. Dövlət də onları himayə etməyəcəkdi. Konkret olaraq problemin məğzi odur ki, sadalanan şirkətlər uzun müddətdir ki, dövlət şirkəti olaraq fəaliyyət göstəriblər. Hətta bu azmış kimi bir zamanlar onların bəzilərinin dövlətə olan borcları silinib. Nəticədə, həmin şirkətlər dövlətin yenidən onlara güzəşt etməsi adı ilə növbəti dəfə borc yığmağa tamahlanıblar. Yəni bu şirkətlər bazar iqtisadiyyatı şəraitində sərbəst fəaliyyət göstərə bilməyən, özünü doğrultmayan şirkətlərdir. Problemdən çıxış yolu olaraq hökumət həmin şirkətləri hissə-hissə özəlləşdirməlidir. Ona görə hissə-hissə deyirəm ki, onlar sağlamlaşdırılmamış özəlləşdirilsə, taleləri acınacaqlı olacaq. Məsələn, ADY ASC-nin özəlləşdirilməsi bundan sonra onun sərbəst fəaliyyət göstərməsinə imkan verməyəcək. Çünki qurumun ciddi borcları yığılıb qalıb. Nəticədə, xarici şirkətlərdən biri onu satın alacaq və beləcə ölkənin strateji obyektlərindən biri əcnəbilərin əlinə keçəcək. Milli iqtisadiyyatı qorumaq, öz sahibkarlarımızın həmin obyektlərə sahib çıxmalarına şərait yaratmaq lazımdır. Amma bu addımı dərhal etmək lazım idi. Demək olar ki, 15 il gecikmişik. Su, qaz, işıq sahəsində yaşanan problemlərimiz də məhz buradan qaynaqlanır. Sonradan fəaliyyəti dayandırılan “Barmek” şirkətinin Azərbaycana gəlməsi ilə ölkədə elektrik təminatı yaxşılaşmış, xidmət yüksəlmişdi. Bu da onun məhz özəl şirkət olmasından qaynaqlanırdı. Ümumiyyətlə, bazar şəraitində mümkün qədər bütün xidmətlər özəl şirkətlər tərəfindən həyata keçirilməlidir. Bu, baş verməsə, əhaliyə xidmət göstərən dövlət şirkətlərinin vəziyyəti daha da acınacaqlı olacaq və sonda onun ağırlığını da ölkə vətəndaşı çəkəcək”.

ELÇİN

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 300
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."