HighTechnic

hightechnic
Ads by Google

93003Çoxdan bəri səbirsizliklə gözlənilən, həyəcan və qürur doğuran tarixi an – Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi baş tutdu.

Yenicag.az xəbər verir ki, Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.

Azərbaycanın paytaxtında keçirilən ilk Avropa Oyunlarının Açılış mərasimi öz möhtəşəmliyi ilə dünyanı valeh etdi. Etiraf edirəm, o mənzərələri sözlərlə ifadə etməkdə acizəm, amma bacardığım qədər, sözün, kəlmələrin mənə imkan verdiyi qədər o möhtəşəm görüntüləri çatdırmağa çalışacam.
Açılışın ən maraqlı hissəsi isə səhnənin parçlanaraq dağa çevrilməsi, səhnədə gölün və, göy çəmənliyin yaranması və səhnədəki çatlarda od vasitəsi ilə insan obrazının yaranması idi. Allahın torpaqdan yaratdığı o insan Odlar yurdunun övladı idi…

Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən – su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı.

Mərkəzdə quraşdırılmış səhnə gah alovlara bürünürdü, gah yaşıllığa boyanırdı. Saniyə-saniyə dəyişən səhnəni izləyərkən insan özünü sanki möcüzəli bir dünyaya düşdüyünü zənn edirdi. Hətta bəzən tamaşaçının gördüklərimizdən şoka düşdüyü anlar olurdu.

Əminliklə və fəxarətlə deyə bilərik ki, dünya hələ belə şou görməmişdi. Bakı Olimpiya Stadionuna toplaşan və bütün dünyada mərasimi efirdən izləyən tamaşaçılar bu möhtəşəm şounun sehrinə düşmüşdü.

Aparıcılar Murad Dadaşov və Hüsniyyə Məhərrəmovanın idarə etdiyi tədbir 2 dildə – azərbaycan və ingilis dilində rəsmi salamlama ilə başladı. Belə bir tarixi hadisəni canlı izləyən on minlərlə tamaşaçı bu salamlaşmanın coşğu ilə qarşıladı.

Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçının gur alqışlarından sonra stadiona bir anlıq sükut çökdü. Bu sükutu Azərbaycanın dünya şöhrətli xanəndəsi Alim Qasımovun əsrarəngiz muğam ifası pozdu.

Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı. Tamaşaçıların qoşulduğu bu sayım Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini əks etdirirdi. Rəqəmlər sıfıra yaxınlaşdıqca nağaraların səsi daha yüksəlirdi və bu tamaşaçıların səsinin də zilə qalxması ilə müşayiət olunurdu.
Stadion gur işığa qərq olur və səhnəyə 1000 nəfərə yaxın rəqqasə axışır. Bunun ardınca möhtəşəm görüntülər ortaya çıxdı. Minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtdü. Rəqqasələr üst-üstə geyindikləri müxtəlif rəngli uzun ətəkləri Azərbaycanın dunyada məşhur xalılarındakı naxışlarını yaratdılar.

Sonda isə 1000 rəqqasə ətəkləri ilə 3 rəngli Azərbaycan bayrağını yaratdılar. Bu olduqca fövqəladə görüntü idi.

Hələ heç kimin şahidi olmadığı qeyri-adi şou mərasimi Avropa Oyunlarının sonuncu məşəldarı – iki dəfə paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyevin məşəli stadiona gətirməsi ilə başladı. Son məşəldar Jan Sibeliusun “5-ci Simfoniya”sının sədaları altında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyevlə yanaşı addımlayırdı. Onlar mərkəzə doğru hərəkət etdikcə ayaqlarının altında cadar-cadar olan torpaq görünürdü. Zəkiyev məşəldəki odu cadar-cadar olmuş torpağın altına ötürdü. Bu Odlar yurdu Azərbaycanın torpaqları altındakı təbii sərvətimiz qara qızıla işarə idi.
Stadiondakı böyük tərəzinin bir gözündə qadın, digər gözündə kişinin yer 5 alması isə Azərbaycanda qadın-kişi bərabərliyinin mövcud olmasına işarə idi.
Bundan sonra təqdim olunan möhtəşəm Nizami kompozisiyası sanki nağıllar aləminə bir səyahət idi. Oyunların simvolu olan Nar mərkəzə gətirilib. Narın içindən bərəkət rəmzi olan nar dənələri (şarlar) uçuruldu.

Birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrin nümayəndələrinin əllərində bayraq meydana gəlişi stadionu daha da coşdurdu. Qonaqpərvər xalq olduğumuzu burada da göstərdik; heç bir təlimat almadan, kimsənin göstərişi olmadan qonaqları sevgi dolu coşğu ilə qarşlladıq. Düzdür, ermənilərin gəlişinə sevinmədik, amma digər bütün ölkələrin gəlişinin bizim üçün bayram olduğunu öz reaksiyamızla göstərdik.
Türkiyə idmançıları meydana daxil olarkən isə başqa bir coşğu yarandı. Ayağa qalxıb “Türkiyə” qışqıran tamaşaçılar böyük Türk övladının böyüklüyünü göstərirdi. Olimpiya Stadionunda sanki Ulu Türkü salamlayırdı…
Azərbaycan idmançılarının gəlişi başqa bir abu-hava yaratdı. Fəxrdən, qürurdan ürəyi dağa dönən azərbaycanlı tamaşaçılar oğullarımızı sevgiylə salamladı.
Açılışda Ledi Qaqanın çıxış hər kəs üçün sürpriz oldu.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki salamlama çıxışında dəfələrlə azərbaycan dilində “Çox sağ ol” deməsi çox şeydən xəbər verirdi. Avropa Azərbaycana təşəkkür edirdi!

Balabanla “Sarı gəlin”in ifası isə xüsusi məna daşıyırdı. Xarici telekanalların şərhçiləri mahnının Azərbaycan musiqisinin nümunəsi olmasını deməsi çox şeydən xəbər verirdi.

Təntənəli mərasim Natiq Ritm Qrupunun performansının ardınca “Yallı” və atəşfəşanlıqla başa çatıb.

“Baku-2015”in açılış mərasiminin tam videosunu təqdim edirik:

 

 

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 76
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."