!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Böyük bir milli layihənin astanasındayıq" - Millimizin baş məşqçisi  

!Reklam – Yazi

Futbol üzrə U-15 və U-16 millimizin baş məşqçisi Vüqar Məmmədin Yenicag.az saytına müsahibəsi.

– Məşqçilər üçün Almaniyada keçirilən Beynəlxalq konqresdə iştirak edənlər arasında siz də vardınız. Konqreslə bağlı fikirlərinizi bilmək maraqlı olardı…

– Bu, Almaniya Futbol İttifaqı (DFB) Akademiyasının I Beynəlxalq Oyun Analizi Konqresi idi. Düşünürəm ki, bu konqres ilk dəfə təşkil olunmasına baxmayaraq, həqiqətən də möhtəşəm alınmışdı. Dünyanın müxtəlif ölkələrindən 230 iştirakçı Almaniyanın Frankfurt şəhərinə dəvət almışdı. Bura məşqçilər, skoutlar, analizçi məşqçilər, professorlar, psixoloqlar, pedaqoqlar, layihə menecerləri, yeni texnologiya üzrə menecerlər və hal-hazırda meydançada aktiv olan futbolçular belə dəvətli idilər. Konqresdə futbol ilə yanaşı reqbi, xokkey, basketbol, həndbol və digər idman növləri də müzakirə mövzusu idi. Məndə olan məlumata görə, əslində buna oxşar tədbirlər Almaniya, İspaniya və İtaliyada ölkə daxilində təşkil edilir. Ancaq adından da məlum olduğu kimi bu tədbir keyfiyyətinə görə bir ilk idi.

– Tədbirdə məşhur simalardan kimlər var idi?

– Ayrı-ayrı sahələrin mütəxəssisləri çıxış etdilər və öz təcrübələrini biz iştirakçılarla bölüşdülər. Bunların arasında Almaniya Milli komandasının baş məşqçisi Yoahim Löv, köməkçi-məşqçi Markus Sorq, Almaniya Futbol İttifaqının baş skoutu və oyun analiz mütəxəssisi Kristofer Klemens, AFİ Akademiyasının layihə meneceri Oliver Birhof, AFİ Milli komandasının psixoloqu Prof. Hans-Dieter Hermann, Frankfurt “Ayntraxt”ının idman direktoru Fredi Bobiç, “Mançester Siti”nin oyun analizi üzrə mütəxəssisi Pedro Marques kimi mütəxəssislər vardı. Onlardan başqa “Barselona”, “Arsenal” kimi komandalardan və Hollandiya Futbol Federasiyasından mütəxəssislər çıxış etdilər.

– Konqresdə daha çox hansı detallara toxundular?

– Mütəxəssislər öz təcrübələrini bölüşməklə bərabər bütün idman növləri arasında müqayisələr apardılar. İdman sahəsində çalışan universitet mütəxəssislərinin fikirləri də böyük maraqla izləndi. Son texnologiya olaraq, keyfiyyətli analiz proqramları haqqında danışıldı və dünyanın məşhur klubları və federasiyaların bu proqramlardan necə istifadə etdikləri haqqında fikir mübadiləsi aparıldı. Bacarıq, dərketmə və qərarvermə kimi mövzularda maraqlı müzakirələr oldu. Belə ki, bir oyunu və məşq proseslərini analiz edərək, həmin işə “necə diaqnoz qoyulur?” mövzusu müzakirə olundu. Bir baş məşqçi ilə analizçi məşqçinin söhbəti zamanı hansı metodlardan istifadə etmək və hansı detallara daha çox diqqət ayırmaq məsələsi də mühüm müzakirələr sırasında idi. Nəticə etibarilə analiz və seleksiya işlərinin bir-birilə nə qədər iç-içə incə bir iş olduğu hiss olunurdu. Bunlardan başqa, konqresdə yaranan fasilələrdə bir çox xarici klublar, liqa nümayəndələri və milli komandalarda çalışan məşqçi və analizçi məşqçilərlə görüşərək, təcrübələrimizi bölüşdük.

– Sizin kimlərlə görüşünüz oldu?

– Almaniya millisinin, “Rubin” və “Barselona”nın məşqçiləri, Köln Universitetinin mütəxəssisləri, analiz proqramları rəhbərləri ilə maraqlı görüş və fikir mübadilələrimiz oldu. Ümumiyyətlə, düşünürəm ki, bu konqresdə ən möhtəşəm çıxış “Barselona” təmsilçisi Paul Pelaez Blankonun oldu. Onun çıxışı tədbirin sonunda baş tutdu. Blanko ilə şəxsən görüşərək, kontaktlarımızı bir-birimizə verdik. Əminəm ki, gələcəkdə də əməkdaşlığımızın olması üçün önəmli addımlar atmağa çalışacağıq. Onun özü də bunu çox əla qarşıladı.

– Analiz proqramları dedikdə, konkret hansı məsələ və proqramdan söhbət gedir?

– Məsələn, SGB Sports Software analiz, Scout7 analiz, Playsight analiz, CC-CC analiz, SAP Soccer analiz, Beyond Sports analiz, Hudl video analiz və s. Bu proqramlar həm mükəmməl, həm də son modern texnologiya hesab olunur. Olduqca bahalı və keyfiyyətli olan bu proqramlar vasitəsilə anında, tez, operativ şəkildə analiz etmək mümkündür; hətta fasilə zamanı oyunu analiz edib, 3-4 dəqiqəlik video görüntülü təqdimat da keçirtmək olar. Konqresin gedişatından məlum oldu ki, Avropada buna çox önəm verirlər.
Məhz buna görə də əgər biz məşqçilər bu işlə məşğuluqsa, işimizi də əsaslı bir şəkildə elmlə peşəkarcasına əlaqələndirməyi bacarmalıyıq.

– Almaniya səfəri başa çatıb, yoxsa hələ davam edir?

– Frankfurtdakı ikigünlük konqresdən sonra Düsseldorf şəhərinə uçdum. Burada UEFA PRO kateqoriyası üzrə təhsilimi davam etdirmək məqsədilə II Bundesliqa komandası olan “Fortuna Düsseldorf”un əsas komandasında 12 günlük təcrübə keçəcəyəm. Bu komandanın bir-birindən güclü 2 oyununu izləyərək, analiz etməli və 1 həftəlik məşq proseslərində iştirak edərək, təqdimat hazırlamalıyam. Detallar çoxdur, qısaca bu qədər… Ümid edirəm ki, çox dəyərli təcrübə toplayacağam.

– Millidəki gələcək karyeranızla bağlı yenilik varmı? Ümumiyyətlə, mənzərəyə baxdıqda görünən odur ki, siz aşağı yaş qruplarında fəaliyyətini davam etdirən yeganə məşqçisiz.

– Bilirsiniz, əlbəttə, bu məsələdə rəhbərliyin qərarı önəmlidir. Rəhbərliklə görüşüm olub, hətta vaxt azlığına baxmayaraq, mütəmadi görüşlərimiz olur, iş və gələcək planlarla bağlı qısa da olsa müzakirələr aparırıq. Mənim gördüyüm və hiss etdiyim mənzərə budur ki, yəqin böyük bir milli layihənin astanasındayıq. Mən bu inkişaf yolunda millimizin uğuru naminə hər zaman hazıram. 2018-ci il üçün nəzərdə tutduğum proqram da artıq hazırdır. Rəhbərliyin bu günə qədər mənə və məşqçi heyətimə güvənərək, dəstək verdiyinə görə təşəkkür edirəm. Bəli, hal-hazırda da işimizə davam edirik. Turnirdən dönər-dönməz məşqçi heyətim ölkə daxilindəki matçları və xaricdəki futbolçularımızın oyunlarını internet vasitəsilə izləyərək məlumat toplayır. Yeni futbolçular üzə çıxartmışıq və tezliklə onları da Millimizin düşərgəsində görəcəksiniz. Özüm isə Almaniyadan dekabrın 12-də qayıdacağım gün UEFA PRO kateqoriyasının 5-ci modulunda iştirak edəcəyəm. Bu arada da, dekabrın 6-da 2018-ci ildəki Avropa ön təsnifat qrupunda yer alacaq U17 və U19 Millilərimizin rəqiblərinin kimliyinə püşk atıldıqdan sonra aydınlıq gələcək. Yəni gördüyünüz kimi, iş qrafiki çox gərgindir və hər yana çatdırmağa çalışırıq. Düşünürəm ki, dayanmadan oxuyub, işləmək lazımdır. Hamımıza uğurlar arzu edirəm!

Emin Səfərov

www.yenicag.az

8059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv