www.sinerjipro.net

SinerjiProWide
Reklam

Axısxa türklərinin 14 noyabr 1944-cü ildəki böyük sürgünü ilə əlaqədar Saatlı rayonunun Nəsimikənd kəndində tədbir keçirilib.

Tarixi vətənləri olan Gürcüstanın Axısxa vilayətindən sürgün edilmələrinin 73-cü ildönümü ilə əlaqədar olaraq keçirilən tədbir Azərbaycanda yaşayan Axısxa türkləri “Vətən” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirə “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, TRT Bakı təmsilçiliyinin yeni təyin edilən rəhbəri Murat Akkoç, Birliyin Bakı Komitəsinin sədri Məmməd Şamilov, rayon təşkilatlarının nümayəndələri, sürgünün canlı şahidləri və bölgələrdən gələn Axısxa türkləri də qatılıb.

“Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov giriş sözü ilə çıxış edərək, Axısxa türklərin sürgün ildönümlərini qeyd etməklə həm də bütün dünyaya bir əsrə yaxın vaxtda hələ də sürgündə yaşayan, öz vətəninə dönə bilməyən insanların vəziyyətini göstərmək istədiklərini qeyd etdi.

Axısxa türklərin heç bir səbəb olmadan elindən, yurdundan didərgin salındığını və dünyanın bir çox ölkəsinə səpələndiyini deyən İbrahim Məmmədov, bütün bunlara baxmayaraq, dilini, dinini, adət ənənələrini hələ də olduğu kimi qorumasını “millətimizin böyüklüyü” adlandırdı.

İbrahim Məmmədov çıxışında, “Bütün bu dəyərlərimizi bu günə kimi qoruduqsa, buna səbəb büyüklərimizdir. Onlara təşəkkür edirəm. Bu dəyərləri eynilə gələcək nəsillərə də ötürmək lazımdır. Arzu edirəm ki, bizlər ən qısa müddətdə vətənimizə dönək və bundan sonra dönüş günümüzü qeyd edək”, – dedi.

Gürcüstanın geri dönüş üçün icazə verdiyini, yalnız müəyyən problemlərə görə prosesin hələ də gecikdiyini deyən İbrahim Məmmədov, 5 il əvvələ nisbətən bu gün Axısxa türklərinin vətənə dönmək üçün kifayət qədər səy göstərdiklərini bildirdi.

Natiq çıxışının sonunda “Vaxt gələcək bütün insanlarımız öz tarixi dədə-baba yurdları olan Axısxa bölgəsinə könüllü şəkildə dönəcəklər. Sürgün zamanı vəfat edən bütün insanlarımıza Allahdan rəhmət diləyirəm. Başımız sağ olsun. Allah bir daha millətimizə belə ağrılı-acılı günlər göstərməsin”, – dedi.

Daha sonra çıxış edən Axısxa türklərinin ziyalılarından olan tarixçi Tahir Kukulov Axısxa bölgəsi və sürgünün tarixi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Tədbirdə çıxış edən sürgünün canlı şahidləri də dəhşətdolu günləri xatırlayaraq, tədbir iştirakçılarına duyğulu anlar yaşatdılar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1211
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."