yenicag.az

“Bu, Azərbaycan xalqının ucalığıdır” – İlham Əliyev

“Bu, Azərbaycan xalqının ucalığıdır” – İlham Əliyev

Müəllif: Redaktor

Editor

1459848916472301973_1000x669“Aprelin 2-də erməni silahlıları Azərbaycana qarşı növbəti təxribat törədib, hərbi mövqelərimizə hücum çəkib, əhalini, kəndləri atəşə tutublar. Qəhrəman Azərbaycan ordusu, əsgərlərimiz düşmənin təxribatının qarşısını aldı, layiqli cavabını verdi”.

Bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu təmas xəttində öz üstünlüyünü daha da möhkəmləndirib: “Erməni işğalçılarının bu təxribatlara əl atması birinci dəfə deyil. Mən dəfələrlə demişəm ki, onlar işğal olunmuş torpaqları daim öz nəzarətlərində saxlamaq istəyirlər, sülh istəmirlər, danışıqlar prosesində özlərini qeyri-səmimi aparırlar. Bütün beynəlxalq, əxlaqi normaları pozublar, mülki əhaliyə atəş açırlar.

Bu hadisələrdən bir neçə gün əvvəl Ermənistan-Azərbaycan sərhədində, Qazax istiqamətində təxribat törədiblər və hərbçilərimiz həlak olub. Bu hadisələr zamanı daima bizim kəndlərimizi atəşə tuturlar, mülki əhalidən həlak olanlar var. 300-ə yaxın evə ziyan vurulub. Onların hərəkətləri budur. Azərbaycan ordusu, əsgərləri heç vaxt mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur və vuruşmayacaq”.

“Siz Vətən uğrunda döyüşmüsünüz, yaralanmısınız. Vətən bunu yüksək qiymətləndirir, Azərbaycan xalqı sizinlə fəxr edir”-deyən Ali Baş Komandan yaralı əsgərlərə minnətdarlıq edib:

“Siz döyüşlərdə yaralanmısınız, ancaq qələbə qazanmısınız. Azərbaycan ordusu düşmən ordusuna layiqli cavab verdi, düşmən təxribatının qarşısını aldı. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğurdan da Azərbaycan ordusu, Azərbaycan zabiti, Azərbaycan əsgəri qəhrəmandır. Ərazi bütövlüyümüzün bərpası hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Sizin kimi övladlar Vətənin şöhrətini ucaldırlar. Sizin apardığınız hərbi əməliyyatlar gələcəkdə hərbi kitablarda əksini tapacaq.

Azərbaycan Ordusu həmişəki kimi bu dəfə də düşməni yerinə oturtdu. Bu gün də biz tam üstünlük əldə etmişik. Buna baxmayaraq, biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəs elan edirik, bir şərtlə ki, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Bu, çətin məsələdir. Amma BMT, ATƏT İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Düzdür, beynəlxalq təşkilatların qərarları hələ lazımi nəticəyə gətirib çıxartmayıb, amma bu, məsələnin hüquqi həlli üçün əsasdır. Baxmayaraq ki, danışıqlar nəticə vermir, biz danışıqlara həmişə hazırıq`.

Prezident qeyd edib ki, Azərbaycan bölgədə iqtisadi və siyasi cəhətdən Ermənistanla müqayisədə xeyli dərəcədə irəli gedib: “Baxmayaraq ki, danışıqlar nəticə vermir, biz yenə də danışıqlar prosesinə hazırıq. Erməni tərəfi bu təxribatı ona görə törədib ki, beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlər artır. Artıq vəziyyətin nədən ibarət olduğu heç kimə sirr deyil, kim işğalçı, kim işğalın qurbanıdır, məlumdur. Ona görə də danışıqlar prosesini pozmaq üçün bu təxribata əl atdılar. Bu təxribat nəticəsində şəhidlərimiz olub, yaralılarımız var. Ancaq onu da bilməlisiniz ki, düşmənə çox böyük sarsıdıcı zərbə vurulub. Bunun günahkarı onlar özləridir.

Bu gün yaralı əsgərlərimizlə görüşdüm, onlara Azərbaycan xalqı adından təşəkkürümü bildirdim. Ali Baş Komandan, prezident kimi onlarla fəxr edirik. Sizə də minnətdarlıq etmək istəyirəm ki, belə gözəl, vətənpərvər, cəsarətli övladlar yetişdirmisiniz. Yaralı olsalar da, deyirlər ki, tezliklə sağalıb döyüş bölgələrinə getmək istəyirlər. Bu, Azərbaycan xalqının ucalığıdır. Bu, xalqımızın nə dərəcədə mətin, vətənpərvər olduğunu göstərir. Bu əsgərlər Azərbaycanın müstəqilliyi dövründə formalaşıblar, müstəqil Azərbaycan bayrağı altında böyüyüblər, onlarda mili qurur, ləyaqət hissi çox yüksəkdir. Mən həmişə demişəm ki, gənclərimiz vətənpərvər olmalıdır. Sizin övladlarınız, yaxınlarınız o gənclərdəndir ”.

Dövlət başçısı əlavə edib ki, erməni tərəfi sonuncu təxribatı bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlərin artması səbəbindən törədib: “Artıq heç kimə sirr deyil ki, vəziyyət nədən ibarətdir. Ona görə də danışıqlar prosesini pozmaq üçün onlar bu təxribata əl atdılar. Bu təxribat nəticəsində şəhidlərimiz olub, yaralılar var. Amma Azərbaycan xalqı onu da bilir ki, düşmənə böyük, sarsıdıcı zərbə vurulub.

Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik. Sizə də təşəkkür edirik ki, belə vətənpərvər və qəhrəman övladlar yetişdirmisiniz. Hazırda yaralılar deyir ki, istəyirik, tezliklə sağalıb döyüş bölgəsinə gedək. Bu, Azərbaycan xalqının ucalığıdır. Bu, onu göstərir ki, Azərbaycan xalqı mətin, vətənpərvər və cəsarətlidir. Həkimlər mənə dedi ki, bütün yaralılar sağalacaq, tibb işçiləri bunun üçün əllərindən gələni edəcəklər.

Ölkəmizin ərazi bütövlüyünün qorunması hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, heç vaxt da olmayacaq`.

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti