!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün təkcə neftin deyil, dünyanın taleyi həll olunur – Fikrət Yusifov

!Reklam – Yazi

скачанные файлыSon iki ay yarım dövr ərzində neftin qiymətlərinin əlavə olaraq 30% ucuzlaşması hər kəsin gözləntilərini və optimizmə söykənən mülahizələrini alt-üst etdi. Manat dekabr ayının 21-də məcburən üzən məzənnəyə keçirildi və o, öz dəyərinin birdən-birə 47% itirdi. Bu dəyişiklik isə hər fürsətdə Azərbaycana, onun maraqlarına qarşı çıxıb, qərəzli kampaniyalar aparanlara yeni bir “ruh” verdi. Öz dövlətinin maraqlarını qara qəpiyə belə satmağa hazır olanlar manatın dəyərdən düşməsini elə bir “şövqlə” qarşıladılar ki, heç qatı düşmənlərimiz onlar qədər sevinmədi. İndi bu adamlar özlərini az qala iqtisadiyyatın Vanqası kimi qələmə verib, “Biz demişdik…”nidası ilə müşayət olunan statuslar və məqalələr yazırlar. Bu gün mətbuat səhifələrində, “Biz vaxtında yazdıq, dedik ki, manatı təhlükə gözləyir, onu üzən məzənnəyə keçirmək lazımdır, ancaq bizim çağrışlarımızı heç kim eşitmədi” kimi fikirlər səsləndirən “ifrat ağıllılara” deyirik ki, heç də hər şey onların “gördükləri” və “eşitdikləri” kimi olmayıb. Bir müddət əvvəlki çağrışlarının əsassız olmadığını “göstərməyə” çalışanlar bir məsələıni başa düşməlidirlər ki, dövlət manatın üzən məzənnəyə hazırlıqsız keçirilməsinin fəsadlarını hamıdan daha yaxşı bildiyi üçün maksimum çalışırdı ki, bu addım vaxtından əvvəl atılmasın. Onsuz da manatın bu ilin əvvəlində təxribat nəticəsində 34% devalvasiyası baş vermişdi. Bu, kifayət edirdi. Lakin təəsüf ki, neftin dünya bazarındakı qiymətinin son iki ayda 30% uçuzlaşması səbəbindən manatı 21 fevraldan sonrakı məzənnədə saxlamaq mümkün olmadı. Amma hökumət və Mərkəzi Bank bunun üçün hər şeyi etdi. Heç kəs istəmirdi ki, manat yenidən devalvasiyaya uğrasın və rəsmi səviyyələrdə verilən açıqlamlardan da görünür ki, hökumət neftin 50 dollarlıq səviyyəsində qalacağını ehtimal etdiyindən manatla bağlı kəskin addımlardan mümkün qədər qaçmağa çalışıb. İndi yazırlar ki, biz vaxtında dedik, ancaq bizi eşidən olmadı. Hökumət hər deyiləni eşitməyə borclu deyil. Bu yazıları oxuyanda az qalırsan inanasan ki, manatın taleyi bizim bəzi şüvənçi iqtisadçı ekspertlərdən başqa heç kəsi narahat etmir. Bu adamlar elə zənn edirlər ki, nə hökumətdə, nə də Mərkəzi Bankda manatın taleyi kimisə düşündürmür və atılan addımıar da kortəbiidir. Xeyir, belə deyil! Mətbəxi bilməyib, meydandan kənarda dayanaraq söz güləşdirənlər əmin olmalıdırlar ki, hökumətdə də, Mərkəzi Bankda da manat ətrafında baş verənlərlə bağlı gecə-gündüz müzakirələr gedir və hər bir vəziyyət üçün optimal çıxış yolları axtarılır. Bu yerdə yadıma bir məhşur futbolçunun telerepartyorla birlikdə stadionun tamaşaçılar oturan yerinə qalxıb orada dediyi sözlər düşdü. O, televiziya əməkdaşına tamaşaçıların oturduğu yeri göstərərək belə demişdi: “Bax, bu gördüyünüz yer o yerdir ki, biz meydanda hər top uğrunda “ölüm-dirim” mübarizəsi apararkən yol verdiyimiz kiçik bir səhvə görə bizi buradan söyüb təhqir edirlər və bu onlardan o qədər də böyük zəhmət tələb etmir”. Odur ki, manatla bağlı proseslərdə meydandan kənarda dayanıb ağıl oyrədənlərin də işindən asan iş yoxdur. Heç kəs özünü hamıdan ağıllı hesab etməsin. Neftin qiymətlərinin 50 dollardan aşağı düşmə ehtimalı nə qədər idisə, siyasi oyunlardan qaynaqlanan prosesin yumşalacağı, neft qiymətlərinin bir qədər artacağı da bir o qədər gözlənilən idi. Elə bu səbəbdən də həm hökumət, həm də Mərkəzi Bank tələsmirdi. Bəli, biz də proseslərin siyasi motivlərdən qaynaqlanması faktından çıxış edərək, neftin qiymətinin daha da aşağı düşəcəyini gözləyirdik. Lakin bir məsələni bilmək vacibdir. Baş verən proseslərin dərinliklərini meydandan kənarda olanlarla bu prosesləri idarə edənlər eyni səviyyədə bilə bilməzlər. Azərbaycan hökuməti və Mərkəzi Bank manatla bağlı məlum addımı bir neçə ay əvvəl atmayıbsa, deməli, onların neftin qiymətləri ilə bağlı müəyyən gözləntiləri olub. Başqa çıxış yolu qalmadıqda isə məcburiyyət qarşısında bu addım atılıb. Məsələyə dərindən yanaşdıqda, görürük ki, hökumətin “ləng” davranışının kökündə yenə də ümumxalq maraqları, əhalini itkilərdən mümkün qədər qorumaq istəyi dayanıb. Heç kim 5-10 gündən sonra dünya neft bazarında nə baş verəcəyini deyə bilməz və Azərbaycan hökuməti də sırf optimist gözləntilərlə manatı bütün mümkün vasitələrlə qorumağa çalışdı…

“Azərbaycanda qeyri-neft sektoru yaxşı inkişaf etsəydi indi bu proseslər baş verməzdi” deyənlər heç özlərinə sual verirlərmi ki, əgər Azərbaycanda qeyri-neft sektoru inkişaf etməsəydi onda iqtisadiyyatın qeyri-neft sektorundan 1,7 milyard dollar həcmində ixraca necə nail olunur? Əgər bu sektor bəzilərinin təqdim etdiyi kimi, “bərbad” vəziyyətdədirsə, onda necə olur ki, son illər ərzində biz özümüzü bütün inşaat və tikinti məhsulları ilə və başqa bir çox məhsullarla tam təmin edə bilmişik? Təkcə son 5 ildə Ümumi Daxili Məhsulda bu sektorun payı 20%-ə qədər, bu sektordan ixracın həcmi isə 60%-dən çox artıb. Faktları, reallıqları danmaq olmaz. Bəli, hər birimiz istərdik ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı ən qısa zamanda tam aradan qaldırılsın. Qeyri-neft sektorunda daha ciddi nəticələrin əldə olunması hamımızın istəyidir. Ancaq gəlin unutmayaq ki, Azərbaycanın neft sənayesinin 100 ildən artıq tarixi var və bir neft ölkəsini dərin tarixi köklərə malik, oturuşmuş iqtisadi sistemdən birdən-birə ayırmaq asan məslə deyil. Əgər bu istiqamətdə hansısa addımlar atılmasaydı, hökumət bu məsələdə ciddi kursa malik olmasaydı onda yuxarıda qeyd etdiyimiz nəticələri də əldə etmək mümkün olmazdı. İndi əsas məsələ bu sektorun daha sürətli inkişafını təmin edən tədbirlərin görülməsidir. Bu istiqamətdə də artıq dövlət başçısı səviyyəsində ciddi qərarlar qəbul edilib və digər zəruri qərarların da yaxın günlərdə qəbul ediləcəyi gözləniləndir.
Və nəhayət, gəlin unutmayaq ki, bu gün dünya siyasi meydanında çox ağır oyunlar gedir ki, bütün bunların da nəticəsində bütövlükdə bəşəriyyət təhlükə qarşısında qala bilər. İndi yaxın şərqdə gedən proseslər təkcə neftin qiymətini deyil, ümumən dünyanın taleyini müəyyənləşdirir…

Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv