yenicag.az
yenicag.az

Bu torpaqların icarə müqaviləsinə xitam verilib

Bu torpaqların icarə müqaviləsinə xitam verilib

Müəllif: Redaktor

Editor

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkənin vahid torpaq fondundan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti daha da gücləndirilib, torpaq idarəçiliyi ilə bağlı vəzifələrin yerinə yetirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.

Komitədən Yenicag.Az-a verilən məlumata görə, torpaqlardan səmərəli istifadə ilə bağlı Bakı şəhəri və regionlarda aktiv monitorinqlərin və reydlərin keçirilməsi davam etdirilir.

İndiyədək komitənin torpaq müfəttişləri tərəfindən aparılan monitorinqlər nəticəsində 4 900-ə yaxın, 2016-cı il ərzində isə 1 300-ə yaxın torpaq istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Operativ qaydada yerlərdə qanunvericiliyin tələblərinə əsasən tədbirlər görülmüş və pozuntu hallarının qarşısı alınıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən indiyədək 1 100-ə yaxın hal üzrə inzibati protokollar tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarlarla 580 min manatdan çox cərimə tətbiq edilib. Vətəndaşlara torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunur, tətbiq olunmuş cərimələrin 30 gün ərzində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilir.

Aparılan monitorinq və torpaq reydləri nəticəsində əsasən kənd təsərrüfatı torpaqlarının təyinatının müvafiq qanunvericiliyin tələbləri pozulmaqla məqsədli şəkildə dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının qeyri-qanuni zəbt olunması, mülkiyyət sənədi olmadan torpaqlar üzərində tikinti-quraşdırma işlərinin aparılması, mühafizə zolaqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, torpaqların üst münbit qatının korlanması ilə bağlı olub. Həmçinin, həyata keçirilən tədbirlər nəticəsində əvvəlki dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən torpaqların zəbt olunması, hasarlanaraq uzun illər istifadəsiz saxlanılması və birbaşa təyinatına uyğun olmayaraq başqa məqsədlərlə istifadəsi halları müəyyən edilmişdir.

Görülən tədbirlər nəticəsində respublikanın 46 rayonu üzrə icarədə olan lakin istifadəsiz qalan 200 min hektar torpaq sahəsinə dair 935 icarə müqaviləsinə xitam verilib və həmin torpaqlar dövlət mülkiyyətinə geri qaytarılıb.
Eyni zamanda respublika üzrə icarədə olan dövlət və bələdiyyə torpaqlarının istifadə vəziyyəti göstərilməklə icarəçilərinin ümumi siyahısı hazırlanaraq vahid elektron baza yaradılıb.
Aparılan araşdırmalar nəticəsində respublikada mövcud olan özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri barədə də məlumat bankı yaradılıb.

Komitə torpaqların qeyri-qanuni və səmərəsiz istifadəsi ilə bağlı monitorinqləri və qanun pozuntularına qarşı sərt tədbirləri bundan sonra da davam etdirəcək.

Yenicag.Az

Xəbərlər, Əmlak, İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti