yenicag.az

“Bu, Türkiyədə növbəti çevriliş planıdır”

“Bu, Türkiyədə növbəti çevriliş planıdır”

Müəllif: Redaktor

Editor

zahii

Günter Ettingerin bəyanatı açıq-aşkar ötən 10 illər ərzində Qərbdə Türkiyəyə qarşı olan münasibətin real məzmununu təyin etmək baxımından çox yaxşı arqumentlər verir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Avropa Birliyinin iqtisadi məsələlər üzrə komissarı Günter Ettingerin Türkiyə ilə bağlı qalmaqallı açıqlamasına münasibət bildirən millət vəkili onun bu mövqeyini kəskin pisləyib:

“O, yalnız Ərdoğan hakimiyyətdən getdikdən sonra Türkiyənin AB ilə üzvlük məsələsinə baxılacağını dilə gətirib. Əslində, rəsmi görəvli şəxsin təyinatına, vəzifə səlahiyyətlərinə uyğun olmayan bu təxribatçı açıqlaması şübhəsiz Azərbaycanı da narahat edir. Ettinger açıq şəkildə Türkiyədə dövlət çevrilişinə cəhdə çağırış edib. İllərdir söyləyirik ki, əgər həqiqətən də AB xristian klubu deyilsə, onda Türkiyənin Qərbin maraqlarının təminatı yolunda on illər boyu həyata keçirdiyi kursu müsbət dəyərləndirməlidir. 1960-cı ildən AB ilə münasibətdə olan, 1987-ci ildən isə hüquqi statusunu üzvlük məqamına kimi daşıyan dövlət bu gün ayrı-seçkilik, diskriminasiya və xəyanətlərin hədəfinə çevrilib. Bu gün Türkiyə Avropanın Yaxın Şərqdə həyata keçirdiyi azğın dövlətləri məhv etmə siyasətinin bütün ağırlıqlarını öz üzərinə götürüb. Türkiyə Suriya köçkünlərinə qapısını açmaqla bərabər, istəmədən bu regiondan gələn separatizmə də qucaq açıb. Təsadüfi deyil ki, son illər Türkiyənin daxili təhlükəsizlik əmsalı qat-qat aşağı düşüb. Belə şəraitdə Ettingerin Türkiyədə hakimiyyətin devrilməsi mövqeyini dilə gətirməsi böyük məhvetmə planlarından xəbər verir”.

Millət vəkili hesab edir ki, Türkiyədə dövlət çevrilişinə cəhd ssenarisi bu ölkənin sərhədlərindən kənarda yazılıb:

“Çünki AB ölkələrinin böyük əksəriyyəti həmin hadisələr dövründə sükut mövqeyini seçdi. Söhbət Türkiyədə təyyarələri göyə qaldırmaq və kütləvi insan qırğınlarına səbəb olmaqla hakimiyyətə qəsd edilməsindən gedirsə, Avropa demokratları, köhnə qitənin siyasi qurucuları buna necə dözüm göstərir? Məgər bu, Yaxın Şərqdə diktaturalı ölkələrdə guya demokratiya toxumu əkmək istəyənlərin ideallarının nə qədər cəfəng olduğunu sübuta yetirmirmi? Əslində, AB təmsilçisi çevrəsində yer alan hökumət üzvlərinin də mövqeyini ifadə edir. Görünür, Türkiyə hegemoniyasının Avropa üzərində bərqərar olacağından narahatdırlar. Azərbaycan da müxtəlif xarici qüvvələrin hədəfində olub, onların müxtəlif daxili qüvvələri himayə etməsi və bir sıra dövrlərdə açıq siyasi və maliyyə dəstəyilə ölkədə hakimiyyət çevrilişi planları ilə üz-üzə qalıb. Söhbət Türkiyəni parçalamaq, köçkünlərin gətirdiyi sosial, iqtisadi, mənəvi və təhlükəsizlik qayğılarının içərisində boğmaq, həmçinin Suriya içərisindən yayılan separatizmlə bu ölkəni dağıtmağa çalışan dövlətlərin böyük planlarından gedir. Ettinger mahiyyətcə PKK və PYD-ni maliyyələşdirən qurumların başı üstündə dayanır. Buna heç bir şübhə yoxdur ki, belə təşkilatlar Türkiyəni ön sıralarına almayacaqlar, ancaq heç olmazsa, onların ixtiyarları yoxdur ki, düşündüklərini bu dərəcədə açıq dilə gətirsinlər. Bu, bir dövlətin işlərinə qarışmaq, vəzifə səlahiyyətlərini aşmaqdır. Beynəlxalq hüquqi tələblər belə bir mövqeyə imkan tanımır. Türkiyənin hüququ var ki, belə şəxslərdən üzrxahlıq tələb etsin”.

Qeyd edək ki, AB Komissiyasının üzvü Günter Ettinger Türkiyənin AB üzvlüyünə yalnız Rəcəb Tayyib Ərdoğan prezident postundan getdikdən sonra baxılacağını deyib.

 

Yenicag.az

Siyasət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti