Büdcədən pulu kəsilən rayonlar necə “dolanacaq"? - Təhlil

Müəllif: Redaktor

Editor

2017-ci ilin dövlət büdcəsindən dotasiya almayan rayon və şəhərlərin öz xərclərini hansı mənbələr hesabına təmin edəcəkləri hələ də qeyri-müəyyəndir.

Yeniçağ.Az xəbər verir ki, 2017-ci ilin dövlət büdcəsində idarəetmə xərclərinin azaldılması məqsədi ilə bir sıra rəsmi qurumlarla yanaşı, ölkənin çox sayda rayon və şəhərlərinə ayrılan dotasiyanın azaldılması, yaxud da tamamilə kəsilməsi məsələsi öz əksini tapdı. Büdcənin təsdiq olunması ilə ümumi sayı 33 olan rayon və şəhərlər (Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Naftalan, Şirvan, İmişli, Lənkəran, Kürdəmir, Qazax, Yevlax, Qubadlı, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Qəbələ, Quba, Qusar, Şəki, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı ) artıq öz xərclərini əldə edəcəkləri gəlir əsasında qarşılamalı olacaqlar. Bununla belə, bu inzibati vahidlərin ölkə büdcəsinə yönləndirməli olduqları gəlirlərdən hansı prinsip əsasında “pay” götürəcəkləri hələ də qeyri-müəyyəndir.

Natiq Cəfərli ile ilgili görsel sonucuMəsələni Yeniçağ.Az-a şərh edən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilməsi dayandırılan rayon və şəhərlərin öz gəlirləri hesabına xərclərini təmin etmələrini tənzimləyən mexanizm hazırlanmayıb:

“Bu ilin büdcəsində xeyli rayon və şəhərin büdcədən maliyyələşməsinin dayandırılmasından sonra həmin məntəqələrin öz xərclərini necə təmin edəcəkləri məsələsi açıq qalır. Həmin inzibati vahidlərin xərclərinin öz gəlirlərindən çıxılacağı deyilir. Ancaq bu proses necə tənzimlənəcək, dövlət büdcəsinə yönləndirilməli olan gəlirlərdən neçə faiz o rayonların özlərinə qalacaq, bu, məlum deyil. Bu məsələni nizamlamalı olan mexanizmin yaradılmaması qeyri-müəyyənliyə səbəb olub. Deyilir ki, rayon və şəhər icra hakimiyyətləri özünümaliyyələşdirməyə keçiblər. Ancaq qeyd olunan rayon və şəhər icra hakimiyyətlərinin öz xərclərini ödəmələri ümumi planda özünümaliyyələşdirməyə keçid sayıla bilməz. Nə qədər ki gec deyil, bunun dəqiq mexanizmi hazırlanıb tətbiq olunmalıdır.

Mən bu yerdə bir daha o fikrə qayıdıram ki, Azərbaycanın mövcud inzibati bölgüsü effektli deyil. Ona görə də, çoxsaylı rayonların təmərküzləşməsi labüddür. Bu halda həm rayonların sayının azaldılması ilə inzibati idarəetmə sadələşər, həm də maliyyələşmə məsələlərində çeviklik təmin olunar”.

 

A.Zeynalov
Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır