yenicag.az
yenicag.az

“Bunlardan başqa kişi yoxdu bu məmləkətdə?” – SENSASİYA

“Bunlardan başqa kişi yoxdu bu məmləkətdə?” – SENSASİYA

Müəllif: Redaktor

Editor

9“Orda olduğum günlərə, aylara, illərə gerçəkdən də bir az yanıram”

VHP sədri, xalq şairi, keçmiş millət vəkili Sabir Rüstəmxanlı ilə söhbətin üçüncü hissəsini təqdim edirik:

İkinci hissəni bu linkdən oxumaq olar—moderator.az/news/119550.html

– İllərin bir düzəni var idi və millət vəkili həyatınız bir növ öz axarı ilə davam edirdi. İndi yeni situasiyaya adaptasiya olunmaq çətin deyil ki?

– Əgər biz səmimi danışırıqsa, şübhəsiz ki, mən həmişə səmimi olmağa çalışıram, içimdəkini, içimdən keçənləri deyirəm. İndi mən məclisə seçilməmişəm, getməmişəm bu məclisə. Bir az da kənardan baxmaq şansım yaranıb. Bir var, mən bunu beş ildən, lap iki dəfə də seçilib, on ildən sonra eləyəydim və onda qələmim kağız, dilim də söz tutmaya, ağlım kəsməyə, bəzi şeyləri görməyəydim. Bir də var ki, indi iş qabiliyyətimin yüksək olan vaxtıdır, hər şeyi kənardan daha aydın görür, cəmiyyətdə gedən prosesləri rahat izləyə bilirəm. Əslində 25 ildən sonra hər şeyə bir az da kənardan baxmaq istəyirəm ki, görüm nələr baş verir. Və indi, sənə açıq deyirəm ki, ötən o 25 ilimə də bir az yanıram. Çünki, bir məclisdə ki, sənin bircə təklifin belə keçmir, nə deyirsənsə de, ancaq məclisin rəhbərliyi yerində oturub, sanki səndən müdafiə olunur. Adamlara da bir deyən yoxdu ki, siz gedin ermənidən, dünyanın çeşidli yerlərində və təşkilatlarında oturan Azərbaycanı istəməyən, hətta ona düşmən kəsilmiş adamlardan müdafiə olunun. Axı, siz niyə öz millət vəkilinizdən, xalqın seçdiyi adamlardan mudafiə olunursunuz ki? Hər dəfə qan qaraldan bu toqquşmalar-filan adamı çox yorursa və üstəlik də, orda heç nəyi dəyişmək imkanın yoxdursa və sadəcə nə gəlirsə ona səs verməklə iş bitirsə, o baxımdan orda olduğum günlərə, aylara, illərə gerçəkdən də bir az yanıram.

– 25 il içində olduğunuz belə bir məclisə, bir az da ideoloji-siyasi yöndən qiymət verməniz maraqlı olardı. Bütün bu illər ərzində, ordakı 125 nəfər “seçilmişlər”in, ən yaxşı halda, 15-20 nəfərini, müsbət, ya da mənfi yönlərdən, fərq etməz, cəmiyyət tanıyıb. Qalanlarının isə, hətta qohumları və yaxın qonşuları tərəfindən tanınmaları belə ciddi şübhə doğurub. Yəni qohum-qonşularının belə düz-əməlli tanımadığı insanları gətirib parlamentə doldurmağın məqsədi nə idi, bunun ideoloji və siyasi anlamının izahını vermənizi istərdik.

– Bilirsənmi, indi burda mənə o məsələlərdən danışmağa mane olan bir şey var. Mən indi seçilməmişəm deyə, bu məclis haqqında o yönlərdən danışmağım düzgün anlaşılmaz.

– Sizdən məclis haqqında yox, bu cür məclisi yaradan siyasət haqqında danışmağınızı istəyirəm.

– Amma bütün hallarda, məclisə deputat seçkisi siyasəti, şübhəsiz ki, doğru deyil. Yəni, bunu hamı bilir ki, seçki yoxdur, təyinat var. Mən özüm də o sistemdən kənarda qalmamışam ki, razılıq olub ki, seçilmişəm. Razılıq olmasaydı seçilə bilməzdim axı. Necə ki, indi razılıq olmadı deyə, seçkiyə də getmədim.

– Yardımlını qanına qəltan edərdilər, amma Sabir Rüstəmxanlı seçilə bilməzdi…

– Ona görə də hesab eləyirəm ki, indiki seçki siyasəti Azərbaycanın ən böyük bəlalarından biridir. Axı niyə normal, demokratik və şəffaf seçki olmasın? Onsuz da kim seçilirsə seçilsin, Azərbaycanın müstəqilliyini istəyəcək, dövləti qorumağa çalışacaq. Sadəcə hamısı prezidentin siyasətini dəstəkləməyə, ya da hökumətin fəaliyyətini bəyənməyə bilər. Qoy olsun, amma bu nəyi dəyişə bilər ki? Onsuz da indi, o səhələrdə nəyisə dəyişə bilmək üçün məclis hansısa ciddi səlahiyyətlərə sahib deyil. Ona görə də məclisə əlavə enerji, mütərəqqi fikir mənbəyi kimi, inkişafa yol açacaq əlavə ideyaların verildiyi bir məkan kimi, qurum kimi baxmaq lazım idi. Orda siyasi plüralizmə, müxtəlif siyasi partiyaların öz ideyalarını ortaya qoymaları üşün şərait yaratmaq lazımdı. Amma o məsələ günü bu gün də həll olunmamış qalmaqdadır və bu, Azərbaycanın sözdə yox, gerçəkdən inkişafı üçün vaicdi, olmazsa olmaz şərtlərdən biridi. Ancaq, təəssüf ki, bu belə deyil. Baxın, indu parlamentdə icra başçılarının nə qədər adamları təmsil olunurlar. Hər icra başçısı gücü çatan yerdən bir-iki adamını irəli verib. Tutaq ki, biri pul qazananını, biri tikinti tikənini, biri qardaşını, biri digər qohumunu məclisə saldırıb və belə baxırsan ki, ora məclis yox, qohum-qardaş yığınağıdı. Belə məclis olar?

– Təkcə məclis elə deyil. Bu ölkədə konkret ailələr var ki, bir qardaşı nazir, bir qardaşı deputat, bir qardaşı icra başçısı, nə bilim bir qardaşı general, o biri yanda da qudaları, yeznələri və sair. Bu məsələlərdən yana düşüncələriniz nə deyir?

– Yəni, bunlardan başqa kişi yoxdu bu məmləkətdə? Bax, ay əziz qardaşım, axı bir gün soruşarlar ki, niyə bu ölkənin hər şeyi bir qrup adamın əlində olmalıdır, bəs bu millətin özü hardadır. Bu millət və biz da onunla bir yerdə meydanlarda can çürütdük ki, Azərbaycanda normal cəmiyyət qurulsun, xalq seçsin, xalqı onun öz içindən irəli gələn adamlar idarə eləsin.

– Bəs niyə Azərbaycanda bu şərait yarandı?

– Ona görə ki, uzun illərdi müəyyən vəzifələrdə oturan adamların əksəriyyətinin iqtisadiyyatın nə demək olduğundan xəbərləri yoxdur. Biriləri tanışlıqla, biriləri pulla, biriləri də müəyyən digər yollarla, məsələn, kimlərinsə təqdimatı ilə vəzifələrə gətirirlər. Bu gün də neçə-neçə icra başçıları var ki, bircəciyi əvvəl hansısa ciddi bir müəssisədə işləməyib və indi də gedib müqəvva kimi hansısa rayonda oturublar. Sizcə, bu cür adamlar rayon idarə edə bilərlərmi? Ona görə də, bir-iki il hansısa vəzifədə oturan adamı tərpədirsən, altından milyonlar çıxır, hardandı o milyonlar? Bəs biz əlli ildi ki, bu meydandayıq, can çürüdürük, niyə bizim ancaq bu gündən sabaha ümidimiz var, o da maaş ala bilsək. Amma milyonları bunlar hardan və necə qazana bilərlər ki? Deməli bəzi və məxsusən də iqtisadi münasibətlər düzgün qurulmayıb, seçim doğru aparılmır, kadr siyasəti düzgün deyil. Bu kadrlarla ümumiyyətlə hər hansı siyasət olmaz. Ona görə də, bütün bu sahələrdə ciddi islahatlara ehtiyac var. İslahat nədir, danışmaqla deyil ki? Bu ölkədə son 25 ildə kifayət qədər sanballı, həmin islahatların aparılmasına potensialı yetəcək nə qədər cavan kadrlar yetişib. Bu sırada xeyli sayda xaricdə təhsil almış, özümüzdə oxumuş nə qədər istedadlı, çağdaş dünyanın gəldi-gedərini anlayan adamlarımız var. Bizdə isə guya islahat adına nələr eləyirlər. Həmin o ali məktəbləri bitirmiş insanlar hansısa işə gedə bilmək üçün təzədən imtahan vermək zorunda qalırlar. Bəs o necə ali məktəbdir ki, oranı bitirəndən sonra yenidən imtahan vermək lazım gəlir? Amma əslində o imtahan başqa mətləblərə xidmət edir. Orda adamları seçir və kim ki, bunlara uyğundur, onları işə götürürlər. Yaxud da, dövlət qulluğuna qəbul imtahanından yüksək bal alanlar, sonradan gedib söhbətdən keçə bilmirlər. Bu necə ola bilər axı, o nə söhbətidi elə?

– Bəllidi nə söbət olduğu, amma Siz necə bilirsiniz?

– Kimin adamıdır, hansı bölgədir, hardan gəlib, hansı partiyaya yaxınlığı var və sair kimi yolverilməz söhbətlərdi əlbəttə. Axı, cəmi on milyonluq olan olkənin əhalisini niyə bu qədər rəzil günə qoymalıyıq və bu siyasət nəyə xidmət edir, kimə lazımdır?

– Sabir bəy, Siz meydan adamısınız …

– Yenə meydadnayıq elə…

– Meydan üçün qəribsəməmisiniz, ümumiyyətlə, durumlar meydana işarət verirmi?

– Açığı, mən Azərbaycanın təzədən bir xaosa sürüklənməyini istəmərəm. Baxın, indi Azərbaycanda siyasi partiyalar param-parça halındadır, yəni bir-birindən xeyli aralı düşüblər. Amma vəziyyət elə gətirə bilər ki, həm də çox qısa müddətdə, yaxın 10-15 gündə, bunların hamısı bir araya gələrlər. Çünki xalq tamamilə məhv olmayıb və heç kim də razı ola bilməz ki, onun ölkəsi, göz görə-görə dağılıb getsin. Dediyim kimi, siyasilər 10-15 günə bir araya gələ bilərlər, amma bu siyasi partiyaların və siyasi fəalların kənarında, Azərbaycanda bizə bəlli olan və olmayan qüvvələrin yetişdirdikləri başqa güclü qruplar, təşkilatlanmış dəstələr də var. Məsələn, dini təmayüllü xeyli qüvvələr var, Iranin maddi və mənəvu dəstəyi ilə təşkilanlamış xeyli qurumlar var. Eləcə də, Amerikanın, Qərbin burdakı şəbəkələrinin, QHT-lərinin təşkilatlandırdığı qüvvələr var. Rusiya heç burdan getməmişdi də və onların da öz himayədarlığında, hər an hərəkətə keçə biləcək qurumlarının olduğu heç kəsə sirr deyil. Yəni, siyasi orientiri Azərbaycan dövlətinin və çəmiyyətinin tutduğu yola uyğun gəlməyən və bu ölkəni tamam ayrı istiqamətlərə sürükəyən qüvvələr hər an meydana çıxa və nəticədə də böyük bir xaos yarana bilər. Ona görə də, məncə, burda nə tələsmədən, nə də gecikmədən, ciddi bir dialoqa başlanılmalıdır. Mən həmişə onu demişəm ki, hakimiyyətlə müxalifətin çox ciddi və səmimi dialoqu olmalıdır. Burdakı bütün tərəflər bir-birindən qorxmadan, çəkinmədən, üz-üzə oturub bu problemləri daşımalı, danışa bilməlidirlər. Və bu proses kimlərisə aldatmaq, müəyyən keçici məsələlərin həlli naminə imitasiyadan yox, gerçək və ciddi yanaşmalardan keçən danışıqlardan ibarət olmalıdır. Yoxsa, bizdə baş verənlər, getdikcə durumun daha da gərginləşməsinə şərait yaradır. Adətən də, ya seçki, ya da hansısa böyük beynəlxalq tədbirlər ərəfəsində, guya “dialoqa gedirik” pərdəsi altında, gah müxalifətin başının altına yastıq qoymaqla, gah da bir neçə görüş keçirib, sonradan ortadan çəkilməklə müəyyən proseslər olur. Həmişə də bu addımları, müəyyən adamlara ümid verərək, müəyyən adamları aldadaraq atırlar və adını da qoyullar ki, baxın, guya dialoq aparırıq. Halbuki bu dialoqlar dialoq xatirinə olmamalı, ya da cari və ya mövsümi məsələlərin üzərində manipulyasiya xarakteri daşımamalıdır. Burda ölkənin ciddi problemləri müzakirəyə çıxarılmalı, hər kəs də öz baxışlarını ortaya qoymaqla, müzakirələr və təhlillər aparılmalıdır. Yalniz belə olduqda, bu, ümumi işin xeyrinə ola bilər. Şəxsən mən bu cür ciddi əsaslara söykənən dialoqu qaçılmaz hesab edirəm və ökləni xaosa aparan yoldan çıxarmaq üçün ciddi addımların atılmağını istətirəm. Bu işlər zorla əmələ gəlməyəcək və tutaq ki, filan rayonda 100 adam küçəyə çıxır və oraya 200 polis göndərib məsələni yat-küt eləmək, çıxış yolu deyil.

– Müxalifətin tədbirlərinə niyə qatılmırsınız?

Davamı var…(moderator)

Müsahibə, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti