!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cahangir Hacıyev: “Həmin şirkətlərin təsisçisinin kimlər olduğunu yoxlayın”

!Reklam – Yazi

3

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə istintaqının aparılmasına etiraz edib. Vəkil deyib ki, təqsirləndirilən şəxslərin təqsirsizlik və müdafiə hüququ pozulur, ittiham tərəfinin qərəzli materialları məhkəmədə müzakirəyə çıxarılır: “Müdafiə tərəfinin isə bununla bağlı vəsatətləri nəinki qəbul olunmur, heç müzakirə də edilmir. İttihamdakı rəqəmlərdə ziddiyyətlər var, bu gedişlə məhkəmədən ədalətli qərar gözləmirəm”.

Vəkil Maliyyə Nazirliyinin yaydığı məlumatda Cahangir Hacıyevin 5 milyard dolları mənimsədiyi ittihamı, təqsirsizlik hüququnun pozulmasına və ictimai rəydə ona qarşı mənfi rəy yaranmasına səbəb olub: “Əgər Maliyyə Nazirliyində həmin 5 milyard dollarla bağlı sənədlər varsa, niyə istintaqa təqdim etməyiblər. Əgər yoxdursa, niyə belə açıqlama verilir? Buna görə də əvvəlki vəsatətlərin yenidən müzakirəyə çıxarılmasını xahiş edirik”.

Vəkil Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin məhkəmədə əlavə şahid qismində ifadə verməsi barədə vəsatət verib. Digər bir vəsatət isə Beynəlxalq Bankda Maliyyə və Vergilər Nazirliklərinin apardığı yoxlamaların nəticələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı olub.

Başqa bir vəsatət Beynəlxalq Bankdan layihələrlə bağlı sənədlərin alınması barədə. Vəkil bildirib ki, bank qərəzli olduğu üçün sənədləri təqdim etmir: “Ötən həftə bankın idarə heyətinin müaşviri də ifadəsində bildirdi ki, guya qanunsuz olan kreditlərlə bağlı DİN-ə məlumat verib. Maraqlıdır ki, niyə məhz DİN? Əgər bu, bankın fəaliyyəti ilə bağlıdırsa, ya Maliyyə Nazirliyinə, ya da Baş Prokurorluğa məlumat verilməli idi. Elə bu qərəzə görə də layihələrlə bağlı sənədləri vermirlər”.

Hakim Əfqan Hacıyev qeyd edib ki, əvvəl qaldırılan vəsatətlərə şahidlərin ifadəsindən sonra baxılacaq. Hakim yeni vəsatətlərlə bağlı deyib ki, sənədlərin təqdim edilməsi də məhkəmədə sənədlərin tədqiqi mərhələsində müzakirə ediləcək.

Prokuror Fərid Nağıyev bildirib ki, Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunan 5 milyard dollar məsələsinin cinayət işi ilə əlaqəsi yoxdur. O qeyd edib ki, həmin məbləğ bankla bağlı deyil, şəxslə bağlıdır.

Canahgir Hacıyev isə dövlət ittihamçısı ilə razı olmadığını bildirib.

O qeyd edib ki, ittihamda yer alan 211 milyon manat məbləğ iddia edilən 5 milyard dollarla bağlıdır.

“Bu gün həmin şirkətlərin təsisçisinin kimlər olduğunu yoxlayın. Həmin şirkətlər hazırda Samir Şərifov və digərlərinin benefisləridir. Ona görə də həmin sənədlərin yoxlanması ilə bağlı vəsatət verirəm. İndi benefislər öz əllərində olduğu üçün sənədləri vermirlər. Əslində siz sübut etməlisiniz ki, məniməməyə yol vermişəm. Ancaq indi biz sübut etməyə çalışırıq ki, mənimsəməyə yol verməmişəm. Araşdırın görək, bu 211 milyon manatdır, yoxsa 211 manat?!
Nə baş verdiyini siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm. Şou göstərəndə heç olmasa yaxşı göstərin. Mənə də yüz sifariş olub. Yəni heç vaxt şouya çevirməmişəm”.

Beynəlxalq Bankın filiallarında müxtəlif vəzifələrdə çalışmış şəxslər ifadə verərək bildiriblər ki, onlar yanlız sənədləşdirmə işləri aparıblar.
Şahid qismində ifadə verən İbrahim Ağayev bildirib ki, “İnter tekstil” şirkətində işləyib.
O deyib ki, müdiri Şakir müəllim tərəfindən əsas rəhbər Dünyamin Xəlilovun adından ona göstəriş verilib ki, banka gedib kreditə imza atmalıdır. Şahid deyib ki, səbəb olaraq şirkətə dəzgah alınmalıdır”.

Dövlət ittihamçısı çıxışında bildirib ki, onun adında 15 milyon 776 minlik kart açılıb. O isə bildirib ki, bundan istintaq zamanı xəbər tutub.

Şahid Ramin Məhərrəmov ifadəsində bildirib ki, təqsirləndirilən İbrahim Hüseynovu tanıyır və 2009-2010-cu ildə onun göstərişi ilə idarəyə çağırılıb, oradan da banka gedərək sənədlərə qol çəkib. Onun adına 815 min manat və 480 min manat olmaqla iki kredit ayrılıb.
Sadıqlı Zəfər ifadəsində qeyd edib ki, bankın “Nərimanov” filialında xəzinədar olub, adlarına kredit ayrılmış şəxslər bankda sənədlərlə yaxınlaşıblar və pul alınıb.

Proses nahardan sonra davam edəcək.

Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.(lent.az)

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv