“Cahangir Hacıyev milyardlarla vəsaitə təkbaşına sərəncam verə bilməzdi” – İQTİSADÇI

“Cahangir Hacıyev milyardlarla vəsaitə təkbaşına sərəncam verə bilməzdi” – İQTİSADÇI

Müəllif: Redaktor

Baş Redaktor

Beynəlxalq Bankın xarici borclarının dövlətə yüklənməsi talan edilmiş milyardlarla vəsaitin vətəndaşların “cibindən çıxarılacağı” anlamına gəlir.

Yeniçağ.Az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı ötən gün restrukturizasiya planını açıqlayaraq, kreditorlarla razılaşdırılacağı təqdirdə, bankın 3,3 milyard dollarlıq xarici borcunun dövlət borcu kimi yenidən rəsmiləşdiriləcəyini bəyan edib.

Bu qərar açıqlandığı andan etibarən, media və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Mövzu haqda fikir bildirənlərin əksəriyyəti həmin qərarın əslində, Beynəlxalq Bankdan oğurlanan milyardlarla vəsaitin vətəndaşların “dəri”sindən çıxarılacağını deyərək, buna etiraz ediblər.

Sözügedən qərarı Yeniçağ.Az-a şərhə edən keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirlinin fikrincə, Beynəlxalq Bankın xarici borclarının dövlətə yüklənməsi məcburi addımdır:

“Bilirsiniz ki, Beynəlxalq Bankın səhmlərinin 50 faizindən çox dövlətə məxsusdur. Ona görə də bankın xarici biznes qurumları qarşısında, ümumiyyətlə, xaricdən cəlb etdiyi kreditlər üzrə öhdəlikləri həm də dövlətin öhdəliyi hesab olunur. İctimaiyyətə əvvəl də məlum idi ki, Beynəlxalq Bankın girovsuz kreditlərinin həcmi kifayət qədər böyükdür. Hətta 2012-ci ildə bu məbləğin 2 milyard manat olduğu bildirilirdi və bu, əldə olunan informasiyanın az bir qismi idi.
Buna baxmayaraq, Beynəlxalq Bank daha sonra da bölgələrə, müxtəlif dırnaqarası biznesmenlərə kifayət qədər böyük kreditlər ayırıb. Mən bunu sadəcə, Beynəlxalq Bankın rəhbəri ilə əlaqələndirməyin tərəfdarı deyiləm. Qanuna görə, bankın Müşahidə Şurasının qərarı olmadan 1 milyondan artıq vəsaitin ayrılması qadağandır və İdarə Heyəti təkbaşına o qərarı verə bilməzdi.

Belə demək mümkünsə, hökumətin müxtəlif orqanları – Maliyyə Nazirliyi, Mərkəzi Bank hökumətlə birgə pul-kredit siyasətini həyata keçirən, o cümlədən maliyyə sabitliyinə cavabdeh olan qurumdurlar. Maliyyə nəzarətini həyata keçirən, müxtəlif yoxlamalar aparan qurumların – Hesablama Palatası və digərlərinin – bundan xəbəri vardı. Bankın İdarə Heyətinin bir neçə üzvünü və bəzi biznesmenləri həbs etməklə, ictimaiyyətin diqqətini bu böyük talançılıqdan yayındırdılar.

Hesab edirəm ki, dövlətin bu borcları vergi ödəyicilərinin hesabına ödəmək qərarı ağır da olsa, məcburi addımdır. Ancaq arzu edərdik ki, bu talançılığın əhatə dairəsi tam müəyyənləşsin və bütün cavabdehlər məsuliyyətə cəlb olunsunlar. Yəni tək Cahangir Hacıyevi həbs etməklə, bu işi bitirmək doğru deyil”.

A.Zeynalov
Yeniçağ.Az

Xəbərlər, Manşet, Araşdırma, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti