!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Camaatda geyim almaq üçün pul yoxdur”-Fotolar

!Reklam – Yazi

89581“2015-ci il başlayandan ziyana işləyirik. Günə yüz manat xərcim çıxır. Hazırda günün ikinci yarısıdır, mən hələ indi 35 manat siftə etmişəm. Dünən isə ümumiyyətlə alver olmadı. Bütün ticarətçilər qış mövsümünə aid məhsulların qiymətini endirib. Yaz geyimlərini gətirmək istəyirik ki, bəlkə dəymiş zərəri kompensasiya edə bildik. Bu il qış malı demək olar ki, alınmadı. Camaatda geyim almaq üçün pul yoxdur. Xalqın 3-5 manatı var ki, ona da çörək və kartof-soğan alıb yeyir”.

Bu sözləri alıcı qıtlığından şikayət edən “Binə” Ticarət Mərkəzində ticarətlə məşğul olan Əli deyib. Qəzetin əməkdaşı dünən “Binə”yə gedərək satıcı və alıcılarla söhbət edib, geyim bazarındakı vəziyyəti öyrənməyə çalışıb.

“Bazara gələn olsun ki, alver olsun da. Ticarət mərkəzinin qarşısında gördüyünüz avtomobillərin əksəriyyəti ticarətçilərə məxsusdur. Onların da çoxu kreditlə alınıb. Geyim məhsulları bazarında vəziyyət acınacaqlıdır. Soruşdunuz ki, hansı mallara tələbat var? Nisbətən qadın geyimlərinə tələbat var. Gördüyünüz kimi bazarda alıcılar azdır. Onların da çoxu baxır, almır. Qınamaq da olmur, camaatda pul yoxdur.

“Binə”də qazanc Dağıstandan və ölkənin regionlarından gələnlərin hesabına əldə olunurdu. Dünya bazarında neftin və Rusiyada rublun qiymətinin aşağı düşməsi görünür alıcılarımıza mənfi təsir göstərib. Daha onlar bizim bazara gəlmirlər. Gələnlər məhsulları bir-bir deyil, topdan alırdılar.

Rayonlarımızdan olan alıcılarımız isə iki həftədən bir “Binə”yə gəlirlər. Əvvəlki aylardan fərqli olaraq bu dəfə az məhsul alırlar deyə biz də çox endirim edə bilmirik. Onlar da sata bilmirlər ki, gəlib yenidən bizdən mal alsınlar. Kişi geyimlərindən nisbətən çorablar və ayaqqabılar satılır. Uşaq geyimləri də zəif satılır”-deyə satıcı Vüqar bildirdi.
Bu ticarət mərkəzində olan əksər obyektlərin sahəsi 40 kvadratmetrdir. Ticarətçilər bu ölçüdə olan obyekt üçün 3500 manat aylıq ödəniş edirlər.

“Bunun 2500 manatını icarədara icarə haqqı olaraq veririk. 1000 manatı isə “Binə”yə yer pulu, vergi kimi ödəyirik. Ancaq obyektlərimiz sığortalanmayıb. Dəfələrlə bu ticarət mərkəzində yanğın baş verib və məhsulları yanan ticarətçilərə kompensasiya ödənilməyib. Obyektlərə sayğac yerləşdirilməyib. “Binə” rəhbərliyi hər bir obyektdən 90 manat “işıq pul”u yığır”-deyə ticarətçi Elnur bildirdi.

Satıcılarla söhbət zamanı onu da öyrəndim ki, son zamanlar “Binə”də ticarətçilərə iki qadağa qoyulub. Qadağalardan biri budur ki, ticarət mərkəzində reklam xarakterli elanların asılmasına icazə verilmir. Bunun üçün gərək ticarət mərkəzinin rəhbərliyinə müraciət olunsun. Müraciət qəbul olunursa, ödəniş aparılır və müəyyənləşdirilmiş ticarət obyektinin reklamı səsləndirilir.

İkinci qadağa isə ondan ibarətdir ki, “Binə”də velosipedlə hərəkət etməyə icazə verilmir.

Həmsöhbət olan Əli ali təhsilli olsa da, ixtisasına uyğun iş tapmadığı üçün burada alverlə məşğuldur: “Nəinki ixtisasıma uyğun, ümumiyyətlə Azərbaycanda iş tapmaq müşkül məsələdir. Məcburiyyətdən bazarda hanballıq edirəm. Gənclər, cavanlar işsizlik problemindən əziyyət çəkirlər. Ziyana işləsəm də, bazarı tərk edə bilmirəm. Ümidlə yaşayıram ki, bəlkə nə vaxtsa üzümüzə gün doğdu. Əslində bu ümid deyil, bu özümə verdiyim təsəllidir. Çünki problemdən çıxış yolum da yoxdur”.

Ticarətçilər bildirir ki, onlar şifahi olaraq dəfələrlə obyekt sahibinə və “Binə”nin əməkdaşlarına müraciət edərək, ödənişin məbləğinin endirilməsini xahiş ediblər. Bu müraciət müsbət nəticələnmədiyi üçün əksər tacirlər başqa Ticarət Mərkəzlərinə üz tutublar.

Bəziləri isə istəsələr də, bazardan çıxa bilmirlər. Belə ki, alverin olmaması səbəbindən onlar icarə haqqını ödəyə bilməyiblər və borcları yarandığı üçün indi bazarı tərk edə bilmirlər.

Artıq müxtəlif sıralarda obyektlər boşalıb. Bu obyektlərin qapısına “Arendaya verilir” yazılan elanları yapışdırılıb. Son sıralarda obyektlər ümumiyyətlə boş idi(qafqazinfo).

www.yenicag.az

1145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv