www.sinerjipro.net

SinerjiProWide
Reklam

38498Vəkil Adəm Məmmədov Bakı İstintaq Təcridxanasında müdafiə etdiyi futbolçu Cavid Hüseynovla görüşüb. Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil bildirir ki, C.Hüseynov baş vermiş hadisədən çox üzüldüyünü, Rasimin ailəsinə başsağlığı verdiyini bildirib. “Cavid mənimlə söhbətində hadisəni törədənlərin ən ağır formada cəzalandırılmasını istədiyini dedi. O, belə bir hadisədə adının hallanmasından çox təəssüf edir və buna görə də cinayəti törətmiş şəxslərin layiqli cəza almasını istəyir. Cavid çox əsəsbidir ki, hadisəni törədənlər öz hərəkətləri onun da işini qəlizləşdiriblər” – deyən vəkil vurğuladı ki, Cavid baş vermiş hadisədə özünü günahkar bilmir və istintaqın həqiqəti ortaya çıxaracağına inanır.

Adəm Məmmədov bildirir ki, C.Hüseynovun barəsində seçilmiş həbs qətimkan-tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayətinə sabah saat 14.00-da hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən döyüldükdən sonra xəstəxanada dünyasını dəyişməsi ilə bağlı Cavid Hüseynov və daha 6 nəfər həbs olunub. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına görə, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.
E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."