Çavuşoğlu: “Türkiyə və Rusiya bir-birinə inana biləcəyini başa düşüb”

Müəllif: Redaktor

Editor

cavusogluTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Suriyada atəşkəs və humanitar yardım üçün həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

O, bildirib ki, Rusiya bu prosesdə hər zaman sözünün üstündə durub, eyni zamanda Türkiyə də verdiyi vədləri yerinə yetirib. Hər iki dövlət xüsusilə strateji məsələlərdə bir-birinə inanmışdır.

Yeniçağ.Az türk mətbuatına istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu Antalya şəhər bələdiyyəsinin təşkil etdiyi tədbirdə iştirak edib. Xarici işlər naziri qeyd edib ki, Hələbdə hazırda 50 minə yaxın insanın yardıma ehtiyacı var və Türkiyə bu məsələdə öz boynuna düşən məsuliyyəti kifayət qədər dərk edir. Çavuşoğlu çıxış zamanı deyib:

“Əgər orada mühasirəyə alınmış, bombalanmış, aclığa məruz qalmış insanlara qarşı heç bir yardım etməsək, o zaman müsəlmanlığımızdan, insanlığımızdan utanarıq. “Çanaqqala keçilməz” deyib, çiyin-çiyinə mübarizə apardığımız zaman orada 6 min hələbli vardı. Buna görə də, hələblilərə qarşı etinasızlıq göstərsək, tarix bizi bağışlamaz. Bu dünyanın da, o biri dünyanın da hesabatını verə bilmərik.”

Türkiyənin sadəcə, Hələbdə yox, bütün Suriyada sülhün təmin edilməsi üçün mübarizə apardığını vurğulayan Çavuşoğlu, Türkiyə prezidentinin Vladimir Putin, Barak Obama, Almaniya kansleri Angela Merkel və digər ölkə liderləri ilə bu məsələni tez-tez müzakirə etdiyini bildirib.
Həmçinin, xarici işlər naziri Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılması üçün səy göstərildiyini, maneələrin bir-bir aradan qaldırıldığını söyləyib:

“Səmərəli ticarət etmək üçün prinsiplərimizdən heç bir zaman əl çəkmədik. İnsanlığımızı əsla satmadıq. Keçmişdə Suriya ilə əlaqədar Rusiyanı, başqa ölkələri də tənqid etmişik. Suriya rejiminə dəstək verən bütün qüvvələri tənqid etmək bizim haqqımızdır. Ancaq sonuncu proseslərdə atəşkəs və insanların xilası üçün həyata keçirilən bütün addımlarda Rusiya sözünün üstündə durmuşdur. Hətta bu prosesi pozanlara da xəbərdarlıq etmişdir. Beləliklə, xüsusən strateji məsələlərdə bu iki ölkə bir-birinə inana biləcəyini anlamışdır. Yaxın gələcəkdə ölkələrimiz arasında ticarətə maneə olan bütün əngəllər aradan qaldırılacaqdır. Bunun üçün danışıqları davam etdiririk. Bizim arzumuz dostluğa yaraşan şəkildə, ticarətin və insanların qarşısında heç bir maneənin olmamasıdır.”

“Biz gedib onları məhv etməsək, onlar bizə gələcək”.

Çavuşoğlu FETÖ, PKK və İŞİD-lə mübarizəni axıra qədər davam etdiriləcəyini diqqətə çatdırıb:

“Sərhədlərimizin daxilində də, xaricində də mübarizəmizi davam etdirəcəyik. Əl-Babda türk əsgərinin nə işi vardı? Bəs oradakı DAEŞ gəlib, bizim vətəndaşımızı hədəfə almırmı? Qaziantepdə mülki vətəndaşları, məsum insanları öldürmürmü? İstanbulun mərkəzində bomba partlatmırmı? Mənim vəzifəm o xainləri tapıb cəzalandırmaq deyilmi? Namərd PKK ilə şəhərlərin içində mübarizə aparırıq. Onları dağlardan, gizləndikləri mağaralardan tapıb, məhv edirik. Onlar namərddir, FETÖ də həmçinin… Budur, Rusiya səfiri Andrey Karlovu da arxadan vurdular. Bu da tam FETÖ-ya yaraşan xain hərəkətdir. Necə ki, PKK ilə mübarizə aparırıqsa, DAEŞ də haradadırsa, gedib tapmalıyıq. Biz gedib onları məhv etməsək, onlar bizə gələcək. Ölkənin bütövlüyünü, şəhidlərimizin bizə əmanəti olan bu torpaqları qorumaq üçün hər növ düşmənlə sona qədər mübarizə aparmalıyıq.”

Nazir həmçinin bildirib ki, gülənçilərlə mübarizə sərhəddən kənar da davam etdirilir:

“Xaricdən çoxlu sayda xaini gətirtmişik. Bəzi ölkələr bizdən onların adlarını açıqlamamağımızı xahiş edir. Bu günə qədər FETÖ-nun 80-dən çox qurumunu ya bağlatdırdıq, ya da aldıq. Qvineyada 5 məktəbi aldıq, onların ikisinə şəhid Ömər Xalisdəmirin adını verdik. Şəhidlərimizin adını hər yerdə yaşadacağıq.”

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır