!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Çayxana, gül dükanı, bazar yoxsa Tennis Akademiyası? - Reportaj - Fotolar

!Reklam – Yazi

Bu gün sosial media insanların problemlərini, qayğılarını əks etdirən əsl güzgüyə çevrilib. Və bu güzgüdə çox maraqlı bir statusa rast gəldik: söhbət Tennis Akademiyasında baş verənlər barədə idi.

Tanınmış jurnalist Naibə Qurbanovanın statusunda deyilirdi:

“Tennis Akademiyasının hansı təyinat üçün olduğu çoxdan unudulub. Məhlənin adamları yığışanda deyirlər ki, gəlin gedək Oqtayın (Akademiyanın rəhbəri, spiker Oqtay Əsədov – red.) çayxanasına. Bank, çayxana, fast-food, restoran, geyim dükanı, gül dükanı, kababxana… Görünən bunlardır. Əvvəllər yan-yörəyə Mariya Şarapovanın bir-iki şəklini vurmuşdular. Uca millətimiz qıza bığ-saqqal qoyduqları üçün şəkli yox elədilər. İndi o boyda obyekt olub əsl Sədərək bazarı. Və biz idmanımızı bazar qanunları ilə beləcə “inkişaf etdiririk…””.

Biz də Yeniçağ.az olaraq, vəziyyəti yerindəcə araşdırmaq qərarına gəldik. Üz tutduq Tennis Akademiyasına…
Gördüklərimiz oxuduqlarımızın tam təsdiqi idi. Həqiqətən də Tennis Akademiyasının binası əsl bazara çevrilmişdi. Binanın daxilindəki dükanları çəkməyimiz nədənsə, bəzi satıcıların ürəyincə olmadı. Hətta bizə mane olmağa da çalışdılar. Xeyli dolaşdıqdan sonra binanın içində yerləşən mağazalardan birinə daxil olub, satıcıya yaxınlaşdıq.

– Bu mağaza sizin özünüzündür?

– Xeyr, icarəyə götürmüşük.

– Yəqin bilirsiniz ki, bura Tennis Akademiyasının binasıdır və idmançılar üçün nəzərdə tutulub. Bəs necə olub ki, burada xırdavat dükanı, dönərxana, hətta çayxana belə fəaliyyət göstərir?

– Əlbəttə biz buranın Bakı Tennis Akademiyası olduğunu bilirik. Amma bizim nə günahımız var ki? Yer götürmüşük, aylıq da haqqını veririk.

– Mağazaların yerləşdiyi bu bina bəlkə sonradan ayrılıb, Akademiyaya heç aidiyyatı yoxdur?

– Burada gördüyünüz bütün mağaza, dükan, çayxana – hamısı Bakı Tennis Akademiyası ASC-nin nəzdində fəaliyyət göstərir. Yəni icarədar onlardır.

Mağaza sahibi ilə sağollaşdıqdan sonra ətrafda olan sakinlərdən Tennis Akademiyasının daxilindəki çayxanaya rahat şəkildə gedib-getməmələri barədə soruşduq. Sakinlər həm içəridəki, həm də binanın çölündəki çayxananın hər kəsə açıq olduğunu bildirdi. Onların sözlərinə görə, havalar istiləşən kimi Akademiyanın bağçasında yerləşən çay evinə, soyuq havalarda isə binanın içindəki çayxanaya üz tuturlar. Burada müştərilərə çay dəstgahı ilə yanaşı sulu qəlyan da təklif olunur.

Aldığımız məlumata görə, hazırda Bakı Tennis Akademiyası tennisçilərin üzünə həsrət qalıb. Akademiyada nə normal idmançılar var, nə də məşqçilər. Milli komandadan isə söhbət belə gedə bilməz. Azərbaycan Tennis Federasiyası bu yöndə fəaliyyətini demək olar ki, dayandırıb. Akademiyaya gələnlər isə boş vaxtını tennis oynamaqla keçirənlərdir. Təbii ki, bu da ödənişli əsaslarla həyata keçirilir.

Aygün İlqarqızı
Fotolar: Cəmalə Əlizadə

Yeniçağ.az

www.yenicag.az

1813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv