!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cazibədar aktrisadan inanılmaz sözlər: “Buna görə həmin kişiyə qan udduraram” - VİDEO+FOTOLAR

!Reklam – Yazi

Gənc aktrisa, “Vicdan haqqi” serialının Nərgizi Ülviyyə Xəlilbəylinin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Nədənsə, mənə elə gəlir ki, həyatda utancaq, sakit, qapalı birisən… Zənnimdə yanılmıram ki?

– Sakit, qapalıyam, amma həmişə yox. Elə məqamla qarşılaşa bilərəm ki, onda üzüm dönər. Hətta hamı məəttəl qalar ki, bu yəni həmin Ülviyyədir? Amma daha çox təmkinliyəm – dəymə mənə, dəyməyim sənə. Başımı aşağı salıb, öz işimi görməyi xoşlayıram.

– Hansı halda üzün dönər?

– Elə çəkildiyim serialı misal gətirim: Larisa bizim evdə olsaydı, o qədər səbr edə bilməzdim.

– Yəni səbrsizsən?

– Səbrliyəm, sadəcə olaraq o məqamda bu qədər tab gətirə bilməzdim. Yəni o qadın bizim evdə üç gün qala bilməzdi. Haqsızlığa dözmürəm. Bir dəfə, iki dəfə səbr edirəm, şans verirəm. Üçüncü dəfə də dözürəm, amma dördüncü dəfədə həmin adamın cavabını verirəm. Hətta həmin adam deyir ki, buna bax e, özünü yaxşı göstərirmiş, əslində belə deyilmiş. Həmişə “hə” deyəndə yaxşı olursan, bir dəfə “yox” deyəndə, olursan pis. Ona görə də dəmiri isti-isti döymək lazımdır.

– İnsanlarla baryer saxlayırsan?

– Mütləq, əks halda xoşagəlməz nəticələri ola bilər.

– Gözəlliyin sənə mane olur, yoxsa kömək edir?

– Mane olmur. Əslində, özümü gözəl hesab etmirəm. Normal, adi qızam.

– Səncə şarmın nədədir?

– Hə, deyilənə görə şarmım var. Hələ orta məktəbdən yaşıdlarımdan seçilirəm. Amma bilmirdim nəylə… Bəlkə xarakterimlə, bəlkə görünüşümlə… deyə bilmərəm. Sinif rəhbərimiz vardı, çox sərt qadın idi. Bizə sırğa taxmağa, dırnaq saxlamağa icazə verməzdi. Əsəbiləşəndə uşaqların əlini partaya qoyub, çubuqla vurardı. Bircə mənimlə işi yox idi. Hansı ki, mən saçımı boyamışdım; daha doğrusu, iki telimə “gölgə” atmışdım. Orta məktəbi bitirəndə ondan soruşdum ki, niyə bir dəfə də olsun məni cəzalandırmadınız, axı mən də sizin qaydaları pozurdum. Dedi ki, səndə bir xanım-xatınlıq var, heç nə bayağı görünmür, ona görə də səni cəzalandırmağa ürəyim gəlmədi.

– Bəs insanlar səni daha çox nəyə görə sevirlər: gözəlliyinə, yoxsa xasiyyətinə görə?

– Məni görünüşümə görə sevən adamların səmimiyyətinə inanmıram. Ola bilər ki, nəsə qəza baş verər və mən gözəlliyimi itirərəm. Həmin anda o adam məni atıb gedəcəksə, nəyimə lazımdır onun sevgisi? Sevgi bütöv olmalıdır, yarımçıq yox.

– Xilas olmaq istədiyin hansısa bir xüsusiyyətin var?

– Bir insana bağlanıram və ondan qurtula bilmirəm. Bu da mənim zamanımı alır. Çox pis xüsusiyyətimdir. İnsanı çətin unuduram. Bu, mənim zəif tərəfimdir.

– Hərdən fikirləşirəm ki, yəqin gözəl qızların kompleksləri olmaz. Sənin necə, komplekslərin varmı?

– Var, amma bunu demək istəmirəm.

– Utancaqlığın çəkiliş meydançasında sənə mane olmur ki?

– Hardasa mənə müsbət imic gətirir. Bəlkə də utancaqlığım olmasaydı, insanlarla məsafə saxlamasaydım, indiki hörməti qazana bilməzdim.

– Məsələn, rejissor desə ki, açıq-saçıq səhnəyə çəkilməlisən, razılaşarsan?

– Mən rola razılıq verməzdən öncə soruşuram, əgər orda açıq-saçıq səhnələr varsa, çəkilməyə razılıq vermirəm. Bəlkə də irad tutacaqsınız ki, peşəkar aktrisa bunu da bacarmalıdır. Hər kəs öz seçimini edə bilər, amma mən xoşlamıram.

– Başqa vaxt Hollivud aktrisaları ilə müqayisədən danışırıq…

– Biz o qədər inkişaf etməmişik. Lap etsəydik də, mən buna razılıq verməzdim. Mən hisslərimlə oynayan aktrisayam.

– Yəni bir öpüş səhnəsinə çəkilməzdin?

– Yox.

– Səni nə ruhdan salır?

– Nə gizlədim, depressiyaya meyilliyəm.

– Bəs səni depressiyadan nə çıxarır?

– Sevgi.

– Gözəl qızların ətrafında oğlanların da sayı çox olur…

– Amma gözəl qızların bəxti olmur. Onların şansına düşənlər istədiyinin tam əksidir. Başqasını deyə bilmərəm, məndə belədir.

– Sevgidə də bəxtigətirməyən olurlar?

– Hələ ki məndə gətirməyib. Tez-tez aşiq olan biri də deyiləm. Olanda da möhkəm bağlanıram.

– Nakam sevgi yaşamısan deyəsən?

– Hə.

– Günah kimdə olub?

– Heç kim öz ayranına turş demir. Hər kəs bir-birini günahkar sayır.

– Unutmusan onu?

– Bəzi insanlar var ki, həyatında yaşadığı uğursuzluq onu daha da güclü edir. Əslində, bizim ayrılmağımız səbəbsiz oldu. Mən çox qürurluyam.

– Sevgi elan edənlər çoxdurmu ?

– Çoxdur. Onları eşidirəm, görürəm, amma reaksiya vermirəm.

– Evli kişilər necə, eşq elan edir?

– İnsan özünü necə təqdim edirsə, ona elə də yanaşırlar. Mənə heç vaxt əxlaqsız təkliflər olunmayıb. Bir də düşünürəm ki, evli kişi subay xanıma niyə yaxınlaşmalıdır ki? Həyat yoldaşını atıb, mənimlə evlənəcək? Yoxsa mən onun ailəsini dağıdıb, xanımı olacam? Bu, mümkün deyil.

– Yəni heç məftunluğunu da bildirə bilməz?

– Bildirsin e, mənim də cavabım “təşəkkur edirəm”dən o yana keçməyəcək.

– Qısqancsan?

– Yerində. Hər halda kişi qısqanmaq üçün əsas verməməlidir.

– Xəyanətə görə ailəsini dağıdan qadınlara münasibətin necədir?

– Kişi nə qədər peşəkar olsa da, xəyanətini qadından gizlədə bilməyəcək. Özümə gəlincə, buna görə boşanmaram, amma kişiyə qan udduraram. Onun burnundan tökərəm.

– Qadın da var, xəyanətə görə ərindən boşanır…

– Azərbaycanda boşanmış qadına pis baxırlar. Qəşəng geyindisə, o saat bunu söz edirlər. Xoşagəlməz sözləri eşitməmək üçün məcbursan dözüb oturasan.

– Hərdən bu cəmiyyətin sənə görə olmadığını fikirləşirsən?

– Əslində, başqa cəmiyyətdə yaşasaydım tamam fərqli biri olardım.

– Səni nə qane etmir ki?

– İnsanların baxış bucağı xoşuma gəlmir. Üzdə “mentalitet” deyib, əslində, ətrafa oynayırlar. Amma içləri bir başqadır.

– Siyasi prosesləri izləyirsən?

– İzləyirəm, amma dərinliyə getmirəm.

– Əlində səlahiyyət olsaydı, nəyi dəyişərdin?

– Qadınlara şiddət göstərən kişiləri cəzalandırardım. Hərdən bu baxımdan qəddarlığım tutur.

– İçində deputatlıq iddiası baş qaldırır deyəsən?

– Heç vaxt ağlımdan belə keçməyib.

– Amma millət vəkili ola bilərdin?

– Bacarardım, mən şir bürcündənəm, “şirlər” idarəetməni yaxşı bacarır.

– Gənc bir xanım kimi əks-cinslə bağlı hansı sərt qərar verərdiniz?

– Gənc oğlanlarla bağlı ölçü götürərdim. Oğlanlar küçədə fırlanıb, qızın arxasınca baxır ha, onda çox qəzəblənirəm.

– Hər küçəyə əxlaq polisi də qoymaq olmaz axı.

– Hər halda, bunun qarşısını almaq üçün bir cəza nəzərdə tutulsa, yaxşı olar.

Cəvahir Səlimqızı
Foto:Cəmalə Əlizadə
Yenicag.az

www.yenicag.az

2157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv