!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbhə xəbərlərinin əldə olunması və işıqlandırılması asandırmı? - Media rəhbərləri danışır - SORĞU

!Reklam – Yazi

Qarabağ cəbhəsində bir neçə gün əvvəl baş vermiş növbəti gərginlik zamanı yaranan informasiya qıtlığı medianın fəaliyyətində də ciddi sıxıntılara səbəb oldu. Toqquşmalarla bağlı Müdafiə Nazirliyinin rəsmi informasiyasının yayılmasında operativliyin gözlənilməməsi digər mənbələrdən alınan təsdiqlənməmiş döyüş xəbərlərinin yayılmasına səbəb olur. Bununla belə, Müdafiə Nazirliyi mətbuat xidmətinin susqunluğu və yalnız bu qurumun məlumatlarına istinad etmək çağırışları medianı müşahidəçi mövqedə saxlayır. Maraqlıdır, cəbhə xəbərlərinin əldə olunması və işıqlandırılmasında hansı çətinliklər var?

Yeniçağ.az olaraq yaranmış vəziyyətin aktuallaşdırdığı bir sualla baş redaktorların bu məsələyə münasibətini öyrənməyə çalışdıq.

Azinforum.az-ın rəhbəri Məhəmmədəli Qəribli söyləyir ki, müharibə şəraitində yaşayan ölkənin mediası olduqca həssas davranış nümayiş etdirməlidir:

“2015-ci ilin avqust, 2016-cı ilin aprel hadisələri zamanı biz medianın davranışında tamamilə fərqli mövqe hiss etdik. Bir neçə gün əvvəl baş verən gərginlik zamanı isə mediamız daha təmkinli davrandı.

Hesab edirəm ki, belə vəziyyətlərdə gecikmiş də olsa rəsmi mövqeyi gözləyib, sonra informasiya yaymalıyıq. Bu məsələdə oxucu sayı qazanmağı qarşıya məqsəd qoyub, yalnışlığa yol vermək olmaz.

Təəssüf ki, son hadisələr zamanı da biz ara-sıra analoji hallara rast gəldik. Unutmayaq ki, müharibə yalnız səngərdə getmir. Əlində qələm olan hər bir jurnalist də özünü döyüş meydanında hiss edərək, qələmini süngüyə çevirməyi bacarmalıdır”.

BAKU.WS saytının baş redaktoru Azad Əliyevin fikrincə, cəbhə xəbərlərinin əldə olunması və xüsusilə də təqdimatı çox həssas məsələdir:

“Ermənilərlə informasiya müharibəsi baxımından hər dəqiqləşdirilməyən detal və kiçicik nüans düşmənin əlinə verilmiş növbəti imkan və bizə vurulacaq zərbə üçün əsas ola bilər. Ona görə də cəbhə xəbərlərini sayta yerləşdirməzdən əvvəl mütləq Müdafiə Nazirliyi ilə əlaqə saxlanılmalı, hərbi sirr və digər cəbhə ilə bağlı nüanslar dəqiqləşdirilməlidir. Biz də cəbhə ilə bağlı xəbərlər əldə edərkən bu cür işləməyə üstünlük veririk. Hesab edirəm ki, Müdafiə Nazirliyinin əməkdaşları da KİV nümayəndələri ilə aktiv işləməli, cəbhə xəbərlərində nəyin necə verilməsi və hərbi sirr haqda daha ətraflı anlayış yaratmaq üçün fəal çalışmalıdırlar. Bunun üçün Müdafiə Nazirliyi əməkdaşları ilə KİV nümayəndələrinin mütəmadi görüş keçirtmələrini təklif edirəm. Bu cür görüşlər hər mənada işin xeyrinə olar”.

Ölkə.az saytının rəhbəri Məmməd Gülməmmədov düşünür ki, dünya informasiya məkanında elektron media televiziyanı geridə qoyub:

“Bu, danılmaz faktdır. Belə olan halda informasiya yaxud dezinformasiya sürətlə yayıla, ictimaiyyətdə rəy formalaşdıra bilər. Ona görə də lazımi informasiyanın vaxtında yayılması üçün operativ olmaq lazımdır. Bunun üçün xüsusən də müharibə şəraitində olan bir ölkədə müvafiq qurumlar məlumatın ötürülməsində gecikməməlidirlər. Oxucu, xəbəri gözləyir, ona məlumatı ilk hansı formada çatdırdınsa, o formada da inanmaq məcburiyyətində qalır. Bu məlumat rəsmi olduğu təqdirdə yanlış xəbərlərin yayılmasının da qarşısını alır. Əks-təqdirdə düşmən öz silahını işə salır, informasiyanı özünün maraqlarına uyğun yayılmasını təmin edir. Son hadisələr zamanı biz şəhid olan hərbçilərimizin siyahısını, adını düşmən mətbuatından oxuduq. Əlbəttə, bu məsələdə biz də vaxtında xəbər yaya bilərik, amma Müdafiə Nazirliyini gözləyirik. Çünki cəbhədə döyüş gedir və burada adi məlumat xətasının nələrə yol açacağını anlayırıq. Rəsmi informasiya gecikdikdə isə dezinformasiya yayılır. Bu hal üçün ən münbit şərait rəsmi qurumların susduğu vaxtdır. Düşmən isə bu vəziyyətdən istifadə edir, lazımi şəkildə faydalanır. Ona görə də müvafiq rəsmi qurumlar informasiya ötürülməsində qəti gecikməməli, bu fürsəti düşmənə verməməlidirlər”.

Report İnformasiya Agentliyinin siyasi şərhçisi Sədrəddin Soltan bildirir ki, cəbhə xəbərlərini məlum səbəblərdən əldə etmək olmur:

“Ona görə də bu işdə ağırlıq və məsuliyyət Müdafiə Nazirliyinin mətbuat xidmətinin üzərinə düşür. Mətbuat xidməti o dərəcədə operativ, dəqiq məlumat yaymalıdır ki, xarici ölkələrin informasiya vasitələrindən xəbər əldə etməyə ehtiyac qalmasın. Bu qurum öz işini elə qurmalıdır ki, hətta xarici ölkələrin KİV-nin Ermənistan mənbələrinə müraciət etməsinə zərurət yaranmasın. Çünki biz təkcə torpaqlarımızı işğaldan azad etmək istəmirik, həm də informasiya məsələsində də ermənilərin yalanının ayaq tutub, yeriməsinin qarşısını almalıyıq. Odur ki, mətbuat xidmətinin bu istiqamətdə görüləsi işləri yetərincədir. Bu sahədə işlər daha yaxşı təşkil edilərsə, ölkəmizin KİV-nin əlavə mənbələr axtarmasına ehtiyac da qalmayacaq, cəbhə xəbərlərinin əldə edilməsində çətinliklər də olmayacaq, dezinformasiyanın da qarşısı daha çox alınacaq”.

Arqument.az saytının baş redaktoru Şəmşad Ağa da dedi ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin media ilə operativ qaydada işləməməsi əksər hallarda yanlış informasiyaların yayılmasına gətirib çıxarır:

“Bu gün problemə təkcə mediada məlumatın yayılması kontekstində baxılmamalıdır. İşğalçı ölkənin media orqanları məlumat yayır, ölkə əhalisinin də böyük bir hissəsi internet istifadəçisidir. Onlar bizim mediadan məlumat ala bilmədikdə, erməni saytlarına baxırlar. Ermənilərin yaydığı məlumatlar isə cəbhədəki vəziyyətlə bağlı insanlarda mənfi və yanlış təsəvvürlər yaradır. Ümumiyyətlə, bütün hallarda işğalçı ölkəni informasiya savaşında udmaq lazımdır. Amma təəssüf ki, müdafiə nazirliyi bu məsələdə ləng davranır, mətbuat xidməti isə işlək qurum deyil. Üç gün idi ki, insanlar neçə əsgərin şəhid olduğunu öyrənə bilmirdilər. Hətta bir çox əsgərlərin şəhid olması ilə bağlı şaiyələr də yayıldı. Sonradan bəlli oldu ki, onlar sağdır. Yəni Müdafiə Nazirliyi çox yanlış informasiya siyasəti yürüdür. Yaxşı bir qayda öyrəniblər: biz demədən heç nə yazmayın. Amma bizim də kefimiz nə vaxt istəsə, onda da məlumat verərik. Ümumiyyətlə, dünyada belə bir qayda yoxdur ki, mən demədən heç nə yazma. Yəqin, nazirlik rəsmiləri KİV Haqqında Qanunun 7-ci maddəsini oxumayıblar. Təbii ki, hərbi vəziyyəti nəzərə almaq lazımdır. Amma nazirlik informasiya sahəsində də düşməni qabaqlamalıdır. Ümid edək ki, bundan sonra nəzərə alacaqlar”.

TİA.az saytının rəhbəri Əlişir Əhəd vurğulayır ki, bəlli qaydalarla yanaşanda, heç bir çətinlik yoxdur:

“Müdafiə Nazirliyinin mətbuat xidməti var və məqsədəuyğun məlumatları heç kimin sorğusunu gözləmədən hər gün mütəmadi xalqa çatdırmalıdır. Əfsus ki, MN-nin mətbuat xidməti bunu etmir. Bütün çətinliklər də bundan sonra başlayır. Amma bir vətəndaş olaraq, mövzu müharibə, işğal altındakı torpaqlarımızdırsa məncə, çətinliklər bəhanəyə çevrilməməli, səhih və dəqiq məlumatlar nə yolla olursa-olsun oxucuya və xalqa çatdırılmalıdır”.

Turkustan.info-nun baş redaktoru Aqil Camalın fikrincə, məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır:

“Media səlahiyyətindən daha atrıq məlumat əldə etmək istəyir. Bunun da səbəbi var. Belə həssas məqamlarda oxucuların media resurslarına kütləvi axını olur. Media isə bu tələbi qarşılamaq üçün gündəmdə olan mövzu ilə bağlı daha çox xəbər istehsal etməyə çalışır. Rəsmi qurumun – konkret olaraq, Müdafiə Nazirliyinin məhdud şəkildə yaydığı məlumatlar yetərli olmadığı üçün artıq əlavə mənbələrin xəbərləri dövriyyəyə girir. Və bu zaman bəzən erməni mənbələrinə də istinad olunur. Məncə, bu məsələdə “qızıl orta”nı tapmaq lazımdır. Birincisi, heç kimə “düşmən dəyirmanına su tökən” damğası vurmaq olmaz. İndiki dövrdə informasiyaya sərhəd qoymaq mümkünsüzdür. Azərbaycan oxucusu təkcə yerli mediadan məlumat almır ki…

Digər tərəfdən, media da bir qədər məsuliyyətli olmalıdır. Müdafiə Nazirliyi dövlətin strateji qurumlarından biridir.

Nazirliyin mətbuat xidməti varsa, bu o demək deyil ki, bütün günü xəbər bülleteni yaymaqla məşğul olmalıdır”.

 

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

850
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv