yenicag.az

Cənnətovların “cəhənnəmi” – Evli evsizin fəryadını eşidən olacaqmı?

Cənnətovların “cəhənnəmi” – Evli evsizin fəryadını eşidən olacaqmı?

Müəllif: Redaktor

Editor

Yeniçağ.az-a müraciət edən 66 yaşlı Cənnətov Mirabbas Səlim oğlunun şikayəti evlə bağlıdır. O, başına gələnləri təfərrüatı ilə danışır:

“Mənə Yeni Yasamal ev 7, mənzil 18 ünvanında 5 otaqlı mənzil verilib. 1992-ci ildə evimi Şuşa rayonundan olan məcburi köçkün zəbt etdi. Təsəvvür edin ki, 10 ilə yaxın öz evim ola-ola kirayələrdə qaldım. O vaxt dəfələrlə Ulu Öndərimiz Heydər Əliyevə müraciət etdim. Heydər Əliyev isə mənim evlə təmin olunmağım üçün doğulduğum Qaradağ Rayon İcra hakimiyyətinin o vaxtkı rəhbəri Yaqub Əliyevə göstəriş verdi. Yaqub Əliyev də məni çağırıb, məsələni aydınlaşdırdıqdan sonra dedi ki, “qaçqını evdən çıxartmaq olmaz. Səni Ümid qəsəbəsində müvəqqəti yaşayış üçün evlə təmin edə bilərik”. Və 2000-ci ildə müvəqqəti olaraq mənə Qaradağ rayonunun Ümid qəsəbəsində 2 otaqlı həyət evi verdilər. Mən də səkkiz nəfər ailə üzvümlə çöllərdə qaldığım üçün bu təkliflə razılaşdım. Onu da deyim ki, o ərazidə məcburi köçkünlərə də 107 ev verilmişdi”.

Düz 17 ildir ki, müvəqqəti yaşayış adı ilə sığındıqları ev bu gün Cənnətovların əsl cəhənnəminə çevrilib. Çünki az qala uçulub tökülən bu ev 9 nəfərdən ibarət olan ailənin, xüsusən də körpə əkizlərin həyatı üçün təhlükə mənbəyinə çevrilib:

“Oğlanlarımdan biri mənimlə qalır. Onu evləndirdim. Əvvəl üç uşağı vardı, 2 ay bundan əvvəl əkiz övladları oldu. Evdə 9 nəfərik. Təsəvvür edin ki, ev uçub gedir, tərpənmək mümkün deyil. Evin halını gəlib görsəniz qan ağlayarsınız. Qaradağ Rayon “Qaçkınkomun” rəhbəri Ceyhun Əliyev 2014-cü ildə yaşadığım ərazidə yeni tikilən 5 mərtəbəli binada qaçqınlara mənzillər verdi. Bircə mənim həyətimi sökmədilər. Hətta dəfələrlə “Qaçqınkoma” müraciət etdim ki, “bəs mənə niyə ev verilmir?” . Dedilər ki, o evlər yalnız qaçqınlara verilir. Heç kim mənə qulaq asmadı”.

Mirabbas müəllim 3 ilə yaxındır ki, bütün aidiyyatı qurumlara şikayət etdiyini bildirdi:

“İnanın ki, 2014-cü ildən respublikanın daha o qurumu yoxdur ki, qapısını döyməyim. Prezident Aparatının qəbul otağına da getmişəm. Mənim şikayətimi Prezidentimizə çatdırmırlar. Aparatda da “get, məktub yaz qutuya at”, deyirlər. Yasamal Rayon İcra Hakimiyyətinə, Yasamal Rayon Məhkəməsinə də şikayət etdim. Məhkəmə qərar çıxartdı ki, mənim Yeni Yasamaldakı evim bir ay müddətinə boşaldılsın. Qarşı tərəf isə Apellyasiya Məhkəməsinə şikayət etdi. Apellyasiya rayon məhkəməsi də qərarı qüvvədə saxladı. Daha sonra işi Ali Məhkəməyə verdilər. Ora da qərarı qüvvədə saxladı. Sadəcə, 2 ildir ki, Yasamal Rayon Məhkəməsinin İcra şöbəsinin Samir adlı əməkdaşı məni get-gələ salır. Hər gün əlaqə saxlayıram: ya məni “yola” verir, ya da zənglərimi cavabsız qoyur. Dəfələrlə Yasamal Rayon Məhkəməsinin qəbul otağına Samirin mənə qarşı çıxartdığı oyunlarla bağlı məlumat vermişəm. Onlar da mənə deyir ki, “get, icraçının yaxasından yapış”. Mən yaşlı kişi yollarda qalmışam, nə qədər gedib-gəlim axı?

Nə qaçqını evlə təmin edirlər, nə də mənim evimi özümə qaytarırlar. Təsəvvür edin ki, mənim o 5 otaqlı evimdə 4 nəfər adam yaşayır. Mən isə o boyda külfətlə ikiotaqlı evə sığınmışam. İddiam Yasamaldakı evimin qaytarılmasıdır. Məni evlə təmin etmirlərsə, versinlər öz evimi, gedim ailəmlə yaşayım”.

Redaksiyadan: Məsələni diqqətdə saxlayacağıq və tərəflərin mövqeyini dərc etməyə hazırıq.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Foto Qalereya:

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti