Cərimələr büdcəni dolduracaq, yoxsa?…

Müəllif: Redaktor

Editor

81358Natiq Cəfərli: “Cərimələrin artırılmasından büdcə heç nə qazanmayacaq, ara yerdə korrupsiyaya yol açan addımlara səbəb olacaq”

Son dövrlər Azərbaycanda yeni-yeni cərimə növləri tətbiq edilməyə başlayıb. Məsələn, 30 iş günündə 7 dəfə dərsi buraxan şagirdlərin valideynləri 100 manat məbləğində cərimələnəcəklər. Bundan başqa digər cərimə növlərinin məbləğində də artımlar var. Verilən məlumatlara görə cərimələrin artırılmasında məqsəd büdcə kəsirinin doldurulmasına hesablanmış addımdır. Deyilənə görə, bu kimi addımlarla büdcədə yaranma ehtimalı böyük olan kəsirin müəyyən qədər doldurulmasına nail olmaq istəyirlər. Görəsən, cərimələrin artırılması və yeni-yeni cərimə növlərinin tətbiqilə büdcədə yarana biləcək kəsiri doldurmaq mümkün olacaqmı?

Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, cərimələrin miqdarını artırmaqla büdcəni doldurmaq mümkünsüzdür: “Dünyanın heç bir ölkəsi yoxdur ki, cərimələr onun büdcə gəlirlərində dominant rol oynasın. Mümkün deyil ki, Azərbaycanın gələn ilə nəzərdə tutulan14 milyard manatlıq gəlir, 16 milyard manatlıq xərc hissəsi olan büdcəsinin böyük bir hissəsində cərimələr önəmli rol oynasın. Bu mümkünsüzdür. Burada bir neçə məsələ var. Əlbəttə ki, cərimələrin qaldırılmasının bir səbəbi büdcəyə daha əlavə vəsaitin cəlb olunmasıdır. İkinci bir tərəfdən bu addım polis orqanları üçün əlavə qeyri-leqal gəlir mənbələrinin yaranmasına səbəb olacaq. Yəni bu addım büdcədən daha çox həmin strukturların gəlirlərinin artmasına xidmət edəcək. Göründüyü kimi artırılan cərimələrin böyük əksəriyyəti məhz polis orqanlarının payına düşür. Qonşuların şikayətinə, metroda, küçədə səs salmağa görə, müəllimlərin valideynləri cərimələmək üçün müraciət edəcəyi orqamlar da məhz polis olacaq. Çünki cərimələri təsbit və təyin edən orqan məhz polis orqanları olacaq. Azərbaycanda da heç kimə sirr deyil ki, bütün sahələrdə olduğu kimi polis orqanlarında da rüşvətxorluq halları var. Hətta bu bir neçə dəfə rəsmi açıqlamalarda, cinayət işlərinin açılmasında da özünü büruzə verib. Hətta daxili işlər nazirinin özü çıxışlarında rüşvətxorluqla bağlı polis orqanlarından onlarla adamın xaric olunduğu, məsuliyyətə cəlb olunduğunu bildirib. Cərimələrin artırılması korrupsiya hallarının daha da artımına səbəb olacaq. Yəni bu addımlar polislərlə vətəndaşlar arasında müəyyən danışıqların nəticəsində cərimə əvəzinə, qeyri-leqal ödənişlərə gətirib çıxaracaq. Belədə cərimələrin artırılmasından büdcə demək olar ki, heç nə qazanmayacaq. Ara yerdə korrupsiyaya yol açan addımlara səbəb olacaq. Həmin səbəbdən bu qənaətdəyəm ki, cərimələrin artırılması kimi addımların atılması indiki situasiyaya adekvat deyil. Çünki indiki situasiya köklü islahatlar tələb edir, cərimələrlə heç nəyə nail olmaq mümkün olmayacaq”.

ELÇİN


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir