Ceyhun Osmanlının “intellektual” qohumu

Müəllif: Redaktor

Editor

ceyhunosmanhdhdhdBəlkə də sabiq millət vəkili Ceyhun Osmanlını unudub onun fəal olduğu dövrdə barəsində səsləndirilən ittihamlara qayıtmamaq da olardı.

Əslində, indi də belə bir fikrimiz yoxdur. Ancaq o, arabir mətbuata çıxır və sanki “qarğa məndə qoz var” deyir. Ciddi cəhdlə Gülən şəbəkəsi və FETÖ ilə əlaqələrini inkar etməyə çalışır, hakimiyyət həmişə sədaqətlə xidmət etdiyini bildirir. Bunun da düz və ya yalan olduğunu araşdırmaq istəmirik, çünki artıq məsələ ilə bağlı kifayət qədər yazılıb və hər şey aydındır.

Amma C. Osmanlı ölkə.az saytına müsahibəsində yenidən özünü bataqlığa çəkir. O, bir tərəfdən FETÖ-çü olmadığını deyir, onu bu şəbəkəyə aid edənləri günahlandırır, digər tərəfdən də jurnalistin “Sizcə Fətullah Gülən Türkiyə dövlətinin dediyi kimi terrorçudurmu?” sualına birmənalı şəkildə cavab verməkdən yayınaraq, “Əgər Ramil Usubov deyirsə, deməli elədir” deyə ikibaşlı, haradasa ironik cavab verir. Yəni deyir ki, “dövlətin mövqeyi necədirsə, mənim də mövqeyim elədir”. Ya da demək istəyir ki, “Hocam, bunu mən demirəm ha, Ramil Usubov – Azərbaycanın daxili işlər naziri deyir”. Baxın, artıq neçənci müsahibədir ki, C.Osmanlıya eyni sual verilir və hər dəfə o, bu suala birmənalı cavab verməkdən yayınır. Niyə? Bu barədə çox yazılıb.

Ceyhun Osmanlı nə qədər dərin qazırsa, bir o qədər də özünə və tərəfdarlarına yeni problemlər yaradır. Vaxtilə Elnur Aslanov başda olmaqla bütün bu dəstə cəmiyyətə özlərini “dünyanın mərkəzi” kimi təqdim edir və belə bir rəy formalaşdırmağa çalışırdılar ki, əgər bunlar olmasa, Azərbaycan hakimiyyəti və dövləti batacaq. O cümlədən, açıq şəkildə deyirdilər ki, Azərbaycan gəncliyi dövlətin, cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan partiyasının və şəxsən Prezidentin ətrafında deyil, onların ətrafında birləşib. Guya gənclik ona görə İlham Əliyevə dəstək verir ki, ortada onlar var. Baxın, C.Osmanlı müsahibəsində nə deyir: “Misal üçün, kənardan insanlar məni bu dövlətə xidmət edən gənclərin simvolu kimi tanıyırsa, müəyyən vaxtdan sonra mənə qarşı bu cür kampaniya başlayırsa, digər gənclər bunu görüb nə düşünəcək? Düşünəcəklər ki, Ceyhun Osmanlı gəncliyində bu dövlətə canı ilə fəda olub, bu yolda söyülüb, döyülüb. Ancaq indi buna verilən qiymət budur. Təbii ki, bütün bunlar gənclərdə ruh düşkünlüyü yaradır. Mən indi müşahidə edirəm, görürəm ki, xeyli sayda gənclərimizin fəallığı azalıb. Səbəbini soruşanda, onu deyirlər ki, siz xidmət etdiniz, buna görə sizin haqqınızda mənfi yazılar yazılır. İndi biz də elə olaq? Yəni, həvəsdən düşən gənclərimizin sayı kifayət qədər artıb. Mən müşahidə edirəm, son dövrlər məktəblərdə radikal gənclərin sayı artıb”.

Qısa və konkret – “mən Azərbaycan gəncliyinin simvoluyam”, “mən vurulduğuma görə, gənclik çayxanalara üz tutub bu iqtidara lənət oxuyur”. Məntiq budur. Bu qədər özündən müştəbehlik!!! Bu qədər Prezidenti, hakim komandanı gücsüz, dişsiz və aciz yalnız AXCP və Müsavat funksionerləri təqdim edirlər. Ceyhun Osmanlı Əli Kərimlinin, İsa Qəmbərin, Rəsul Quliyevin, “Nida”çıların, “D18”çilərin və digərlərinin dediklərini bir az mədəni formada təkrarlayır. Bax budur Elnur Aslanovun, Ceyhun Osmanlının və bu şəbəkəyə daxil olan digərlərinin Heydər Əliyev yoluna və İlham Əliyevin siyasətinə “sədaqəti” və “dəstəyi”.

Bu mənada, məsələnin daha maraqlı bir tərəfini, şəbəkənin özündən müştəbehliyinin və xəyanətinin daha bir nümunəsini yaddan çıxarmamalıyıq. Yadınızdadırsa, 2005-ci ildə Azərbaycan Könüllülər İctimai Birliyi adlı qurum ölkədə “Gənclər parlamenti” adlı bir struktur yaratmaq təşəbbüsü ilə çıxış etmişdi. İddia olunurdu ki, guya ictimai-konsultativ qurum kimi fəaliyyət göstərən bu struktur gənclərin dövlət idarəetməsində iştirakını sürətləndirəcək, onların marağını və qanuni hüquqlarını ifadə edən bir sistem, struktur olacaq. Gənclər parlamenti ideyasının təbliğində aşağıdakı ideya diqqəti daha çox cəlb edir: “Gənclər Parlamentinin hal-hazırda yaradılmasının məqsədi seçkilər ərəfəsində gənclər arasında seçki mədəniyyətinin təbliğ edilməsi, seçkilərdə gənclərin aktivliyinin təmin edilməsi, gənc namizədlərin aşkara çıxarılması, efir vasitəsi ilə gənclər arasında təbliğat və hüquqi maarifləndirmə kampaniyasının neytral qaydada aparılması, gənclərin seçkilərlə bağlı biliklərinin artırılması, və ən əsası gənclər parlamentarizm ideyasını təbliği. (http://www.e-vc.az/index.php?action=static_detail&static_id=2102). Həmin Könüllülər İB-nin sədri olan Ceyhun Osmanlı bu gəncliyi Prezidentin ətrafında deyil, “neytral” görürdü və bunu açıq bəyan edirdi. Məsələnin qapalı tərəfi isə o idi ki, şəbəkə bu təşəbbüsü irəli sürüb onu reallaşdırmaqla, legitim dövlət strukturlarının alternativlərini yaratmaq istəyirdi. İlham Əliyevi dəstəkləməyən və neytral olan “Gənclər parlamenti” bu yolda növbəti addımıydı və hakimiyyətin nüfuz edə bilməyəcəyi strukturlar yaratmaq vasitəsilə post-Əliyev dövrünə – hakimiyyətə gəlməyə hazırlıq idi.

Eyni zamanda diqqət çəkən məqamlardan biri C. Osmanlının Sevinc Osmanqızı haqqında ağız dolusu danışması, onu yerə-göyə sığışdıra biməməsidir. Sitat “ Səmimi deyim ki, Sevinc Osmanqızı mənim yoldaşımın xalasıdır. Sevinc Osmanqızı 19-20 yaşından “BBC” teleradio kampaniyasında çalışan, dünyanı gəzən intellektual səviyyəli adamdır. Onun atası rəhmətlik Osman Mirzəyev də Azərbaycanın görkəmli şəxslərindən biri olub. Yəni, bu ailənin keçmişi hamıya məlumdur. Eyni zamanda bu ailəyə qiymət verəcək adam nə Ceyhun Osmanlı, nə də hər hansı sayt deyil. Bu ailəyə qiyməti dövlət və tarix özü verib.”

Hakimiyyətə sədaqətindən gen-bol danışan keçmiş deputatın bu fikrin azından çox qəribədir. Axı sosial şəbəkələrdən də bilirik ki, S. Osmanqızı son zamanlar Heydər Əliyevin Qurduğu bu dövləti, Prezident İlham Əliyevin siyasətini hədəfə götürüb. Gəlin Ceyhun Osmanlının yoldaşının xalasının, eyni zamanda onun təsvir etdiyi kimi dünyanı gəzən intellektualın, səviyyəli bir adamın – Sevinc Osmanqızının Facebook səhifəsinə göz yetirək. Sentyabrın 16-sı “çox səviyyəli” Sevinc Osmanqızı özünün Facebook səhifəsində Azərbaycanı Ermənistanla müqayisə edir və hər hansı bir erməninin mövqeyindən fərqli olmayan mövqe nümayiş etdirir.

Biz nahaq yerə Ceyhun Osmanlının yoldaşının xalası Sevinc Osmanqızını ermənilərlə müqayisə etmirik. Azərbaycan dövlətinə qarşı düşmən mövqeyi ilə seçilən “xala” “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edir, istənilən platformada ermənilərlə həmrəylik nümayiş etdirir. Məsələn sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanın iştirakı və Amerika erməni diasporunun təşkilatçılığı ilə keçirilən dinləmələrdə Əli Kərimlinin oğlu Türkel Kərimlinin də ermənilərlə bərabər Azərbaycanı tənqid etməsi “İntellektual və səviyyəli xala”nın canına yağ kimi yayılır.

Yuxarıda bəhs etdiyimiz dinləmələrdən bir gün öncə Ceyhun Osmanlının yoldaşının “intellektual və səviyyəli xalası” Azərbaycanı cəza koloniyası adlandırır.

Bunu da qeyd etməliyik ki, “xala” eyni zamanda Amerikada Ceyhunun danışan ağzıdır. Məlum səbəblərə görə Ceyhun Osmanlı FETÖ-nü açıq-aşkar müdafiə edə bilməsə də, Sevinc Osmanqızı fədakarcasına bu missiyanı yerinə yetirir.

Qəribə paradoks yaranır. Ceyhun Osmanlı Azərbaycan dövlətinə, onun prezidentinə sədaqətdən dəm vurur, “səviyyəli və intellektual” deyə xarakterizə etdiyi qohumu isə ölkəni “cəza koloniyası” adlandırır.

Hər halda, C.Osmanlıya bir daha xatırlatmaq yerinə düşər ki, “şüşəli evdə oturub ona-buna daş atmaq” heç də uğurlu pozisiya deyil.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır