!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cəzaların tətbiq olunmasına ehtiyac var”

!Reklam – Yazi

jurnalist-freelanseEkspertlərin fikrincə, mediada neqativ halların əndazəni aşması qanuni tənzimləməni tələb edir

“Yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək. Ölkəmizdə söz və məlumat azadlığı, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib. KİV-lər Azərbaycanın daxili və xarici siyasəti, cəmiyyət həyatının müxtəlif sahələri, habelə dünyada baş verən mühüm hadisələr haqqında çoxsaylı məlumatlar, müxtəlif şərh və təhlillər hazırlayır və ictimai rəyə təqdim edir. Amma son zamanlar KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə halları artıb”.
Bu fikirləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı AZƏRTAC-a müsahibəsində bildirib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyillərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidir: “Əks təqdirdə, qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”.

Media ekspertləri də son vaxtlar xoşagəlməz halların xeyli artdığını, artıq belə vəziyyətin qanunların sərtləşməsini tələb etdiyini düşünürlər.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Kaspi”yə açıqlamasında dedi ki, yalan informasiya yayan media qurumlarının cəzalandırılması məsələsi kifayət qədər aktual mövzudur: “KİV-də yanlış informasiyaların yayılması hər zaman ciddi müzakirə obyekti olub. Son illərdə isə bu problemin həcmi bir qədər də genişlənib. Mövzunun aktuallığını nəzərə alan Mətbuat Şurası məsələ ətrafında monitorinq aparıb. Apardığımız təhlillər məsələnin bir neçə səbəbinin olduğunu üzə çıxarıb. Təbii ki, bu xoşagəlməz halın müxtəlif səbəbləri var. Amma onları əsasən üç istiqamətdə təsnif etmək olar. Birinci səbəb qeyri-peşəkarlıqla bağlıdır. Jurnalistikanın vacib prinsiplərindən biri əldə olunan informasiyanın doğruluğunu, həqiqiliyini yoxlayıb daha sonra yaymaqdan ibarətdir. Təəssüf ki, bu gün ölkəmizdə qeyri-peşəkar media qurumları və jurnalistlər var. Onlar jurnalistikanın bu mühüm prinsipini nəzərə almırlar. İnformasiyanı dəqiqləşdirmədən, onun obyektivliyini yoxlamadan, qarşı tərəfin fikrini öyrənmədən, bir sözlə, heç bir prinsipə riayət etmədən yalan xəbər yaymış olurlar. İkinci qrupa isə yüksək İP toplamaq, oxucu auditoriyasını genişləndirmək istəyən qurumlar aiddir. Onlar ictimai rəyi aldadıb manipulyasiya yolu ilə yazının oxu sayını artırmaq istəyənlərdir. Vaxtilə ənənəvi mediada da bu hal mövcud olub. Amma belə ənənə çap mediasında o qədər də geniş yayılmamışdı. Hazırda bu hal internet mediasında baş alıb gedir”.

M.Ələsgərli hesab edir ki, İP toplamaq həvəsi peşəkarlığı geri atmamalıdır: “Sayta daha çox şəxsin girişini təmin etmək üçün sensasiya xarakterli yazılar yaymaqda maraqlıdırlar. Onların əsas niyyəti bu yolla öz reklam gəlirlərini artırmaqdır. Təəssüf ki, bu da qeyri-peşəkarlıqdan irəli gəlir. Auditoriyanı genişləndirmək üçün bilərəkdən yalan informasiya yaymağa yol vermək olmaz. Təsnif etdiyimiz üçüncü qrupa isə peşəkar, amma qərəzli, ambisioz maraqları olan media qurumları daxildir. Onlar əsasən Azərbaycana düşmən olan, ölkəmizdə sabitliyin hökm sürməsini istəməyən, cəmiyyəti hər zaman ajiotaj altında, narahatlıq içində saxlamağa çalışan şəxslərdir. Həmçinin əhalidə hökumət qurumlarına qarşı etimadsızlıq yaratmaq istəyirlər. Onların fəaliyyəti daha çox internet üzərində qurulur. Bir məqamı xatırladım. 2014-cü ilin avqust ayında cəbhə bölgəsində gərginlik yaranmışdı. Yalan məlumatlar yayanların cəzalandırılması məsələsi həmin vaxtlardan gündəmə gəlib. Çünki onda məlum oldu ki, qərəzli media nümayəndələri var. Araşdırılanda isə aydın oldu ki, onların domen qeydiyyatı xaricdədir və məsuliyyətə cəlb olunmaları praktik olaraq qeyri-mümkündür. Üstəgəl, qeydiyyatdan da anonim adlarla keçirlər. Neqativ məqamlar bununla bitmir. Sosial media aktivistləri də Azərbaycana qarşı qərəzli şəkildə yalan məlumatlar yayırlar. Azərbaycanda sabitliyin olmasını istəmirlər. Ona görə də cənab Əli Həsənovun fikirlərini dəstəkləyirik. Düşünürəm ki, bu addım çoxdan atılmalı idi. 2014-cü ildə Prezident Admistrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin jurnalistlərlə görüşü oldu. Onda yalan məlumat yayanlara humanist yanaşıldı və sadəcə şifahi xəbərdarlıq edildi. Tapşırıldı ki, daha belə hallara yol verməsinlər”.

Ekspert onu da dedi ki, xəbər istehsalçıları deyərkən yalnız jurnalistlər nəzərdə tutulmur: “Hazırda xəbər istehsalçıları yalnız jurnalistlər deyil. Həmçinin vətəndaş jurnalistikası amili, sosial şəbəkə aktivistləri var. Doğru və ya yalan olmasından asılı olmayaraq, faktiki, ölkənin əksər hissəsinə informasiya yayırlar. Buna görə də cənab Əli Həsənovun bu çıxışı tam yerinə düşdü. Cəzaların tətbiq olunması təbiidir. Xəbərdarlıqlar olunur, qanunlarda təkmilləşdirmələr aparılır, amma yenə də dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən, qeyri-obyektiv xəbərlərlə üz-üzə qalırıq. Təəssüf ki, çox zaman həmin informasiyalar düşünülmüş şəkildə, qərəzli formada yayılır. Onlara qarşı tədbirlərin görülməsi aktual məsələdir. Son zamanlar MTN ətrafında gedən söhbətlər də göstərdi ki, bu mövzu diqqətə alınmalıdır. Kiminsə səhvi varsa, dövlət, hüquq-mühafizə orqanları bu yöndə lazımi işləri görür. Bu informasiyaları yaymaq KİV-in borcudur. Amma onlar özlərindən xəbər istehsal edə bilməzlər. Təəssüf ki, digər nazirlərin də həbs olunacağı ilə bağlı əvvəlcədən reallığa söykənməyən informasiyalar yayılır. İstintaqa cəlb olunmuş şəxslər haqqında da yalan məlumatlar verilir. Bu, KİV-ə yaraşmır. Bəlkə də o insan heç bir səhv etməyib. Ola bilsin ki, istintaq müddətində öz təqsirsizliyini sübuta yetirəcək və azadlığa çıxacaq. Yəni, insanın istintaqa cəlb olunması onun mütləq şəkildə cinayətkar olması və həbs olunacağı demək deyil. Amma KİV elə bir vəziyyət yaradır ki, həmin şəxs təqsirsizliyini sübuta yetirsə belə, cəmiyyət arasında öz nüfuzunu itirmiş ola bilər. Görünən odur ki, vəziyyət əndazəni aşıb. Ona görə də bu tədbirlər görülməlidir. Əli Həsənovun xəbərdarlığı yəqin ki, sonuncu olacaq”.

Digər media eksperti Azər Həsrət də artıq cəza tədbirlərinin zamanının çatdığını düşünür: “Cəza tədbiri o zaman zəruri olur ki, vətəndaş özünütənzimləməsi baş tutmur. Əli Həsənovun da belə bir mövqe bildirməsi zərurətdən irəli gəlir. O bildirdi ki, söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir. Amma KİV ona yaradılan şəraitdən sui-istifadə etməməlidir. Bəzi media qurumları dezinformasiyalar yayaraq insanları çaşdırırlar. Biz media təmsilçiləri olaraq özümüz kənar nəzarətə şərait yaratmamalıyıq. Amma təəssüf ki, sensasiya dalınca qaçan bir çox həmkarlarımız məsuliyyət hissini itirir. Əli Həsənov onu da dedi ki, xüsusilə, internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Bu cür məlumatlar yayanlar öz mənfəətlərini düşünürlər. Belə olan halda, təbii ki, dövlət müdaxiləsinə zərurət yaranır. Elə vəziyyət yaranıb ki, qanuni müdaxiləni dəstəkləməmək mümkün deyil”.

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv