www.sinerjipro.net

SinerjiProWide
Reklam

10501834_715744521824185_4118222661888377839_nElə bilirsiniz asandır Bakıda gənc qız olmaq?!

Bu şəhərdə özünə güvənən, ayaqlarını yerə basa bilən gənc qız tapsaz, onu tutun, əllərini sıxın, qucaqlayın. Öpə də bilərsiniz.

“Xalx”, “camahat” nə deyərlər o qədər çoxdur ki leksikamızda.

Məncə, heç bir ölkədə bu qədər ictimai qınaq yoxdur. Ola bilməz. Çünki orda hər kəsin öz işi var. Məşğuldur.  Bunlar bekarçılıqdan baş verən məsələlərdir.

Misallar gətirəcəm. Mənim qonşum çox məşğul olsa, işə gedib evə gəlsə. Öz qayğıları ilə məşğul olsa, sizcə ona nə qədər maraqlı ola bilər ki, balkonda durub mənim nə geyindiyimə tamaşa eləsin?

Valideynlərimizin daima  “cahamaat” üçün  ideal övlad imici yaratmaq  istəyi var. “İdeal”ları təyin edən kimləridir, nə işlə məşğul olanlarıdır məlum deyil, olmayacaq da.

Bakıda bir qızın özəl həyatı hansı səviyyədə özəlliyini qoruyub saxlaya bilib? Xatırlaya bilirsinizmi, sonuncu dəfə nə zaman yağış yağanda, evdən sadəcə islanasınız deyə çıxıb yağışda gəzmisiniz?

Xəstələnərsən. Özündən hoqqa çıxartma. Camaat deyəcək ki, dəlidir bu havada gəzintiyə çıxıb.

Tək başına səyahət necə? Uzağa demirəm, Bakının içində səhərdən axşama qədər özünə vaxt ayıra bilərsən? Səhər yeməyi, səhər gəzintisi, qumsalda gəzib, otların üstündə oturub kitab oxuya bilərsən? Yox. Adətən rəfiqələrimizi özümüzə qəmiş edirik. Mühit hazır deyil buna. Yorurlar.

Gedirsən mərmərli parklardan birində kitab oxuyursan, ömründə əlinə nağıl kitabı almayan biri yaxınlaşıb soruşar ki, “Xanım  oxuduğunuz kitabın adı nədir? Diqqətimi çəkdi”  Deyəndə ki, filan kitabdır. Deyəcək ki, olar mən sizdən alıb oxuyum, sonra geri qaytarım. Guya, bu tanış olmanın mədəni yollarından biridir. Nə qədər humanist olasan ki, kitabı bağışlayasan, deyəsən oxu səndə qalsın. İkinci dəfə görməmək üçün.  Ətraf da qəbul edə bilmir ki,  gənc bir qız tək başına istirahət edə bilər.

Fərqindəsinizmi, əksər gənc qızlarımızın hobbisi yoxdur. Ola bilmir çünki. İmkan vermirlər. Qızlar tanıyıram ki, əl qabiliyyətlərini Nyu York küçələrində satışa çıxartsan, pula pul deməz.  Sındırırlar. Əzirlər. Əşi, bunu kim alar deyirlər.

Bütün qızlar analarına oxşamaq məcburiyyətində deyil.  Novator olmaq lazımdır. Hər qoyulan qaydanı qəbul edib, qadağaya boyun əymək lazım deyil. Əks halda, inkişafdan, azadlıqdan, yaşamaqdan söhbət gedə bilməz.

Torba deyil ki, “xalxın” ağzını büzəsən, danışmayalar. Danışacaqlar. Sən evdə otursan da, çıxıb gəzsən də. Sevgilin olsa da, olmasa da. Bəzənsən də, bəzənməsən də. Onda bizim üçün niyə bir fərqi olmalıdır ki, nə danışacaqlar?

Rolik sürəcəksən vay. Velosiped sürəcəksən vay. Maşın sürəcəksən vay vay vay.  Dənizə gedəcəksən, hovuza gedəcəksən üstündə “noçnoy” axtaracaqlar. İnsan bunların acığına təyyarə sürmək istəyir.  Kosmosa çıxmaq istəyir. Susmayacaqlar ki. Onlar susmayacaqsa, biz qulağımızı tutarıq.

Bir dəqiqəni geri gətirmək hökmümüz yoxdur. Bəs nəyə görə o dəqiqələrdə nələr yaşamaq istədiyimizə özümüz qərar verməyək? Kişi kimi yaşayın. Yaşadığınızın arxasında durun. Nəticə çıxarın. Qulaqlarınızı tıxayın dedimsə,  yaxşı sözlər eşitməyə də tıxayın demədim. Dinləyin. Düşünün. Qərarları siz verin. Sizin yerinizə həyatda kimsənin ən kiçik belə olsa qərar verməsinə icazə verməyin.

P.S. Böyük danışmağıma baxmayın. Ehtiyatla yazıram ki, deməsinlər “xalxın” qızı gör nə yazır.  🙂

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."