yenicag.az
yenicag.az

Çörəyin içindən siçovul nəcisi çıxdı

Çörəyin içindən siçovul nəcisi çıxdı

Müəllif: Redaktor

Editor

Gəncədə baş verən hadisə həm istehlakçı, həm istehsalçı, həm də nəzarət qurumlarını diqqətli olmağa sövq edir. Belə ki, Gəncədə çörəyin içərisindən siçovul nəcisi çıxıb.

ARB TV xəbər verir ki, bu iddia ilə şəhərdə yaşayan Türkiyə vətəndaşı Mahmud Şahin çıxış edir. O, çevik davranaraq aldığı məhsulun standartın tələb və normalarına uyğun şəkildə istehsal edilib-edilmədiyini müəyyənləşdirmək üçün aidiyyəti üzrə təqdim də edib.

Mahmud Şahin – şikayətçi: “Çörək aldım səhər yeməyi üçün. Çörəyi böldüm, mən hər zaman çörəyin içinə baxıram, gördüm ki, içində qara-qara şeylər var. Dərhal çörəyi apardım laboratoriyaya təqdim elədim. Mənə elə gəlir ki, məhsulun içərisindəki siçovul nəcisidir”.

Aldığı çörəyin içərisindən çıxan yad cismin şəkilləri ilə televiziyamıza müraciət etməkdə Türkiyə vətəndaşının bir məqsədi var.

Mahmud Şahin – şikayətçi: “Mənim önəm verdiyim şey insan sağlığıdır. Bu rəsmən cinayətdir. Hər kəsin balası var, onu yeyib zəhərlənə bilərlər. Bunu mütəxəssislər də bilir ki, nəcis çörəyin içində qalan zaman zəhərlənmə verir. Yenə biz hardasa bilirik, əgər bu çörək uşağın əlinə düşsəydi, onu yeyərdi və sonu da heç yaxşı olmazdı. Bu məsələyə çox diqqət etmək lazımdır”.

Mahmud Şahin çörəyi Gəncədəki mağazalardan birindən alıb. Mütəmadi olaraq alış-veriş etdiyi marketdən gün ərzində 5 istehsalçıdan 10 çeşitdən artıq çörəyin alınaraq satışının həyata keçirildiyi barədə məlumat aldıq. Məhsul alınan zaman isə onun uyğunluq və gigiyenik sertifikatı sahibkardan tələb olunur.

Şəlalə İsgəndərova – marketin inzibatçısı: “Bizim üçün də maraqlıdır belə neqativ halın aşkar edilməsi. Bizim dükanda ilk dəfədir ki, belə neqativ halla qarşılaşırıq. Yəni biz də istəyirik ki, bu məsələ aydınlaşsın və ortalığa nəticə çıxarılsın ki, neqativ hal hansı şəkildə ortaya çıxıb”.

Apardığımız araşdırma zamanı məlum oldu ki, adıçəkilən dükana standartın tələb və normalarına uyğun olmayan çörək məhsulu məhz şəhərin Sadılı qəsəbəsində Ələddin Quliyev küçəsində Fəxrəddin adlı şəxsə məxsus olan evində yerləşən sexdə istehsal olunub. Bununla bağlı sahibkarın mövqeyini öyrənməyə çalışsaq da qapını üzümüzə açan olmadı.

Mahmud Şahinin çörəyi laborator analiz üçün təqdim etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə ərazi İdarəsindən də mövqe öyrəndik. Və cavab aldıq ki, əgər aparılan müayinələr nəticəsində fakt öz təsdiqini taparsa qanunvericiliyə uyğun olaraq həmin sahibkarlıq subyekti haqqında ciddi tədbir görüləcək.

Türkiyə vətəndaşının içərisindən siçovul nəcisi çıxdığı iddia etdiyi çörəyin laborator nəticəsi bu həftə ərzində məlum olacaq. Qurumdan əhaliyə müraciət də var-bu kimi neqativ hallarla qarşılaşanlar dərhal aidiyyəti üzrə məlumat versinlər. Belə olan halda istehlakçının hüququ qorunar, istehsalçı isə layiqli cəzasını alar.

Yeniçağ.az

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti