"Çox şərəfsiz yaşasam da... çox şərəflə gözləyirəm!!!" – 2017-yə media-baxış

“Çox şərəfsiz yaşasam da… çox şərəflə gözləyirəm!!!” – 2017-yə media-baxış

Müəllif: Redaktor

Editor

2017-ci ilin ilk ayını yaşayırıq. 2016-cı ildə bir sıra problemlərlə yanaşı, devalvasiya sıxıntısı yaşamış xalqımız ümidini Yeni ilə bağladı. Bəs görəsən media mənsubları 2017-ci ildən nələr gözləyirlər? Yeniçağ.az qələm əhlinə ünvanladığı suallarına fərqli cavablar aldı.

“Azinforum.az” saytının baş redaktoru Məhəmmədəli Qəribli söylədi ki, ötən il Azərbaycan iqtisadiyyatı üçün böhranlı idi:

– “Bunun da bizdən asılı olmayan obyektiv səbəbləri vardı. Dünya iqtisadiyyatında baş verən tənəzzülün bizdən də yan keçməməyinin başlıca səbəblərindən biri də əsas ixrac məhsulumuz olan neftin qiymətinin kəskin ucuzlaşması oldu. İlgili resimHətta dövlət səviyyəsində bəyan edildi ki, böhrandan başlıca çıxış yollarından biri qeyr-neft sektorunun inkişafından keçir. Artıq bu istiqamətdə ciddi fəaliyyətə başlanılıb. “Strateji yol xəritəsi” deyilən çox ciddi fəaliyyət proqramı qəbul edilib. Həmin sənədlə tanış olan şəxs kimi deyə bilərəm ki, orda əks olunan müddəalar həyata keçirilməlidir. Bu da məmurlarımızın üzərinə ağır məsuliyyət qoyur. 2017-ci ildə qeyri-neft sektorunun inkişafına nail olmağı istərdik ki, iqtisadiyyatımızın ixrac potensialı artsın, ərzaq təhlükəsizliyimiz tam təmin edilsin. Siyasi sahədə də həlli vacib olan məsələlər var. Xüsusilə də Azərbaycanın qarşısında duran və ən qlobal problem sayılan Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində irəliləyişin əldə olunması ilə bağlı gözlədiklərimiz də az deyil. Korrupsiya sahəsində aparılan işlərin daha da intensivləşməsi, məmur-vətəndaş münasibətinin ideal səviyyəyə çatdırılması da ən böyük arzulardandır. Ən başlıcası isə dövlətin elektron medianın inkişafına qayğı göstərəcəyi də 2017-ci ilin sürprizləri sırasındadır”.

Report.az-ın şərhçisi Sədrəddin Soltan sualımızın çox əhatəli olduğunu söylədi:

– “Bunu həm də mənim yeni il arzularım kimi də qəbul etmək olar. İlk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəyirəm. Əhalimizin firavan və əmin-amanlıqda yaşamasını arzulayıram. Dünya miqyasına gəlincə, yenə özümüzə yaxın ölkələrdən başlamaq istərdim. Qonşu Gürcüstanda yaşayan soydaşlarımızın milli haqlarının qorunub, təmin edilməsini istəyirəm. İrandakı vəziyyətin müsbətə doğru dəyişməsini istəyirəm. Orada da azərbaycan türklərinin milli haqlarının təmin edilməsini arzulayıram. Ümumilikdə, bu sayaq gözlənti və arzularımın 2017-ci ildə də həyata keçməyəcəyini bilirəm. Suriya və İraqa əmin-amanlıq arzulasam da elə ciddi dəyişiklik olmayacağı ehtimalı daha böyükdür. Bu iki dövlətin ərazisindən yeni dövlətin və ya dövlətlərin çıxması istiqamətində fəaliyyətlər artacaq. Türkiyəyə təzyiqlər yüksələcək. Terrorçu qruplaşmaların fəaliyyəti güclənəcək. Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum keçiriləck. Ölkənin daha da demokratikləşməsi istiqamətində yeni atılan addımlar bir mənalı qəbul edilməyəcək. Avropa İttifaqının Türkiyəyə təzyiqləri artacaq. Rusiyaya qarşı sanksiyalar çoxalacaq. Ona görə də Moskva Orta Şərqdə Qərbin mövqeyini zəiflətmək istiqamətində fəaliyyətini gücləndirməyə cəhd etsə də iqtisadi vəziyyəti buna imkan verməyəcək. Ermənistanda parlament seçkiləri keçiriləcək. Ancaq ölkədə ciddi etiraz aksiyalarının da keçiriləcəyi istisna edilmir. ABŞ-ın dünya liderliyinə qarşı cəhdi artacaq. İslam adı altında fəaliyyət göstərən terrorçu qrupların aktivliyi yüksələcək. Demək olar ki, qarşıdan gələn ildə heç bir münaqişə həll edilməyəcək. Əksinə bəzilərinin daha da alovlanacağı istisna edilmir. Dünyanın yeni maliyyə-iqtisadi problemlə üzləşəcəyi ehtimalı artmaqdadır. Daha bir neçə müsəlman dövlətində genişmiqyaslı etiraz aksiyalarının keçiriləcəyi gözlənilir. Bura ilk növbədə Səudiyyə Ərəbistanı və İran aiddir”.

Ölkə.az-ın baş redaktoru Məmməd Gülməmmədov deyir ki, hər şey mənim istəyimlə olsaydı çox şeyi dəyişərdim:

– “Amma yeni ildən gözləntilərimiz çoxdur. Bu il saytımızın daha da inkişaf edib, sərhədlərimizdən kənarda tanınmasını gözləyirik. Bu istiqamətdə səylərimizi davam etdiririk. Oxucu sayımızı daha da artırmağı planlaşdırırıq. Saytımızla bağlı yeniliklər məhz bu ildə olacaq. Yeni dizayn və mobil tətbiqlərlə oxucularımızın qarşısına çıxacağıq. Ölkə.Az saytını 24 saatlıq iş rejiminə keçirəcəyik və rus dilli versiyamızı hazırlayacağıq. Təbii ki, hər bir azərbaycanlı kimi dövlətimizdə əmin-amanlığın olmasını, iqtisadi stabilliyin yaranmasını arzulayırıq. Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli bir qərarın veriləcəyinə ümid edirik. Əsas odur ki, bu il xalqımız üçün düşərli və uğurlu olsun”.

“7 news” saytının rəhbəri Səbuhi Abbasovun sözlərinə görə, bu gün dünyada baş verən proseslər bir daha göstərdi ki, hər bir sahəni peşəkarlara həvalə etmək lazımdır:

– “2016-cı ildə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə bir sıra uğurlarımız oldu. Ancaq problemlər də kifayət qədərdir. Bu xüsusilə iqtisadi sahədə özünü biruzə verir. Manatın devalvasiyası, neftin qiymətinin sürətlə düşməsi, yaranan boşluqlar işsizlik kimi böyük bir bəlanın artması ilə nəticələndi. Eyni zamanda kommunal ödənişlərlə bağlı artımın uğursuz bir məqamda tətbiqi təbii ki, bu problemləri daha da dərinləşdirmiş oldu. 2017-ci ildən ən böyük gözləntim Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun geri qaytarılması ilə bağlıdır. Eyni zamanda bu ilin dünyada sınaq ili kimi dəyərləndirilməsini təsadüfi hesab etmirəm. Bu o deməkdir ki bütün sahələrdə ciddi sıxıntılar olacaq. Bu mənada hər sahəni öz peşəkarına həvalə etmək lazımdır. Atılacaq istənilən yalnış addım böyük fəsadlara gətirib çıxara bilər”.

AFN.az saytının baş redaktoru Səbuhi Qafarov bildirir ki, əsas iqtisadi prosseslərdə müsbət dəyişiklərin baş verməsini gözləyir:

– “Belə düşünürəm ki, bu istiqamətdə daha ciddi addımlar atılmalıdır. Milli istehsalın artırılması, yerli və xarici iş adamlarına sərbəst rəqabətin yaradılması, vergi güzəştlərinin tətbiqi və bürokratik əngəllərin aradan qaldırlması gözləntilərim siyahısındadı. Sosial məsələlərə gəldikdə… Ümidvaram ki, bu il işsizlik problemi həll olunar, reqionlarda yeni iş yerləri açılar. Vətəndaşların sosial problemlərini aradan qaldırmaq istiqamətində ən ciddi məsələlərdən biri də yaranmış kredit borc öhdəliklərində çətinliklərə hökumətin yardım etməsidir. Ümid edirəm ki, bu istiqamətdə 2017-ci ildə daha ciddi addımlar atılacaq və yaranmış problem aradan qalxacaq.

Jurnalist Dilqəm Əhməd deyir ki, 2016-cı il maddi baxımdan əhalimiz üçün pis keçdi:

– “İstərdim ki, bu il ölkədə mühüm islahatlar keçirilsin ki, ölkəyə dollar axını olsun, banklar işlək vəziyyətə düşsün, insanlarımız kreditlərini ödəyə bilsin. Yəni tək arzumuz ölkədəki iqtisadi vəziyyətin düzəlməsidir. 2016-cı il maddi baxımdan əhalimiz üçün pis keçdi, təəssüf ki, 2017 daha da pis olacaq. İnsanlarımızın sosial şəbəkələrdə işıqpulu ilə bağlı paylaşdıqları qəbzlərdən bunu aydın görmək olur”.

Qaynar.az saytının baş redaktoru Zahir Əzəmət sualımızı şeirlə cavabladı:

– “İl nədir ki, an-an, gün-gün həftə-həftə gözləyirəm.
Dörd-beş banka borcum qalıb, müftə-müftə gözləyirəm.
Borclandığım ölər deyə,
Üzüm bir az gülər deyə.
Ev yiyəsi gələr deyə, küftə-küftə gözləyirəm.
İşıqpulu, qaz puludur
İnkişafın paz yoludur!
Çek əlində – gəlir, budur…
Qaçıb, liftdə gözləyirəm.
Bəxtəvərik sən də, mən də
Bayram olur ət görəndə.
Milyon-milyon gül verənlə
Bir tərəfdə gözləyirəm.
Dərdi zövqlə daşısam da,
Hərdən gizli qaşınsam da.
Çox şərəfsiz yaşasam da…
Çox şərəflə gözləyirəm!!!”

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Xəbərlər, Manşet, Media, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti