!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cümhuriyyəti quranların məzarları Azərbaycana gətirilməlidir” – Nəsiman Yaqublu

!Reklam – Yazi

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Dövlət başçısı bunu ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən tarixçi-alim Nəsiman Yaqublu prezidentin imzaladığı sərəncamı alqışalayiq addım olduğunu deyib. O, bildirib ki, bunun üçün Cümhuriyyətin yaranmasının 100 illiyi ilə bağlı ölkə başçısına bir sıra təkliflər təqdim etmişəm:

“Cənab prezidentin bu addımını yüksək qiymətləndirirəm. Həqiqətən də imzalanan bu sərəncam alqışalayiq və yaxşı haldır. Lakin ortalıqda bir məsələ də var ki, bununla bağlı olaraq konkret işlər görülməlidir. Hətta bu işlərin görülməsi üçün 5-6 ay bundan öncə ölkə başçısına öz təkliflərimi də göndərmişdim. Ümid edirəm ki, bu təkliflər yerinə yetirilərsə, Cümhuriyyətin 100 illiyi daha təsirli və məzmunlu olacaq. Bunun üçün ilk növbədə həmin Cümhuriyyəti quranların məzarlarını Azərbaycana gətirməliyik. Nəzər yetirsək görərik ki, vətəndə onların heç birinin məzarı yoxdur. Daha sonra onların yaşadıqları evlərə xatirə lövhələri vuraraq, həmin evdə kimlərin yaşaması barədə məlumat verməliyik. Bundan əlavə, onların irsini, əsərlərini toplayaraq, çap etməliyik. Çünki Cümhuriyyət qurucularının bir neçəsindən başqa heç birinin əsərləri, onların fəaliyyətləri, çıxışları, nazir işlədikləri yerlərdə olan sənədləri və s. haqqında məlumat yoxdur. Həmçinin, bütün bunlarla yanaşı həmin adamların adlarını əbədiləşdirəcək muzey yaradılmalıdır. Həmin muzeylər vasitəsilə insanlar onların fəaliyyətləri, fotoları, şəxsiyyətləri ilə tanış olacaqlar”.

Tarixçi-alim həmçinin açıqlamasında bu il Azərbaycandan başqa Qafqazda yerləşən digər iki dövlət Gürcüstan və Ermənistanın da 100 illiyini qeyd edəcəyindən də söhbət açıb:

“Eyni zamanda bu il Qafqazda yalnız Azərbaycan deyil, həmçinin Gürcüstan və Ermənistan da özlərinin yaranmasının 100 illiyini qeyd edəcək. Yəni biz elə etməliyik ki, bu demokratiya yarışında onlara uduzmayaq. Bunun üçün də çalışmalı, müəyyən tədbirlər görməliyik. Ən əsası müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını ciddi bir fakt kimi dünya ictimaiyyətinə çatdırmalıyıq.

1920-ci ilin bu günü, yəni yanvar ayının 11-də Azərbaycan Xalq Cümhuriyyətini tanıyan digər ölkələr onu Qarabağlı, Zəngəzurlu Cümhuriyyət kimi tanımışdı. Bu da bizim əlimizdə faktdır və bu gün bütün dünyaya rahatlıqla deyə bilirik ki, bu torpaqlar bizim olub və bizimdir. Sonradan Ermənistan işğalçı rejimindən istifadə edərək, həmin əraziləri zəbt edib. Yəni demək istəyirəm ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı dünya ictimaiyyətinə çıxacaq vacib nöqtələrimiz var”.

Elvin Paşazadə

www.yenicag.az

2083
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv