!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağlar oğlunun 70-ci zirvəsi

!Reklam – Yazi

Adını öz andına çevirən İbrahim Yusifzadənin ömür yolundan bəhs edən kitab işıq üzü görüb.

“…Doğulub boya-başa çatdığı, suyunu içib çörəyini yediyi doğma yurd torpağının da hökmü böyükdü. Onun taleyinə həm də uca dağların qoynunda, sərhədi bilinməyən yamyaşıl meşələrin əhatəsində dünyaya gəlmək xoşbəxtliyi yazılıb. Bu xoşbəxtlik sal qayaların bağrından damcı-damcı süzülən ayna gözlü bulaqların əkiz tayıdı…

İbrahim Yusifzadə üçün özünü hamıdan xoşbəxt hiss etdiyi yerin tək ünvanıdı Şıxlar kəndi. Çünki bir-birindən ayrı düşmüş ayların-illərin burada nə ögeyliyi bilinir, nə uzaqlığı, nə də soyuqluğu. İndiyədək yaşanmış yetmiş illik ömür ancaq bu tanrı ocağında sonadək bütöv görünür, sonadək bütöv xatırlanır, sonadək bütöv sevilir…

Dünyaya qədəm basdığı ilk gündən, süd qoxulu körpəliyindən mayasına hopmuş halallığı, mərhəmət və sevgini, sədaqət və etibarı, diqqət və qayğını, hər gün öz içindən keçirib İbrahim Yusifzadə. Ayağı yer tutduqca, böyüyüb boya-başa çatdıqca qədəm basdığı yerlərə, ocaq çatdığı məkanlara da o halallığı, o sevgini çiyinlərində özü ilə birgə daşıyıb. O mərhəməti, o sevgini, o etibarı parçalanmağa, bölünməyə qoymayıb. Çünki sevgidən doğulub…

Yusif atanın, Narınc ananın ən böyük əsəridi o…”

Bu fikirlər Milli Məclisin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri, II dərəcəli dövlət müşaviri İbrahim Yusif oğlu Yusifzadənin ömür yolundan bəhs edən “Adım andımdır” kitabından götürülüb.

“Biz yalnız başqaları üçün yaşayanda özümüz üçün
yaşayırıq”

Dünyanı öz əsərləri ilə heyran qoyan Lev Tolstoy bu sözləri yazımızın qəhrəmanı haqqında deməyib. Amma İbrahim Yusifzadəni yaxından tanıyanlar yaxşı bilir ki, o, bütün həyatını məhz bu cür yaşayıb.
İbrahim Yusifzadə 70 il öncə Yardımlıda, üç dağın kəsiyində yerləşən, birbaşa Xəzər dənizindən havalanan Şıxlar kəndində dünyaya gəlib. Səkkizinci sinfə kimi Yardımlıda təhsil aldıqdan sonra Zaqatala Pedaqoji Texnikumuna daxil olub. Əlaçı texnikum tələbəsi ali təhsil almaq üçün indiki Pedaqoji Universitetinə qəbul olunub, İsmayıl Şıxlı, Vahid Qəhrəmanov, Qəzənfər Kazımov kimi böyük alim və ziyalılardan dərs alıb.

Ali təhsilli mütəxəssis kimi rayona qayıdan İbrahim Yusifzadənin məmur həyatı başlayır, komsomol və partiya işində müxtəlif vəzifələrdə çalışır. 5 il Yardımlı Rayon Komsomol Komitəsinin birinci katibi olur, ona Xalq Nəzarəti Komitəsinin rayon təşkilatının sədri, Mədəniyyət şöbəsinin müdiri kimi məsul vəzifələr etibar edilir. Özünün dediyi kimi, ona etibar olunan vəzifələri həmişə vicdanla yerinə yetirməyə çalışıb. Bütün bunlara rəğmən, haqsızlığa da məruz qalıb, ədalətsizliklərlə də üzləşib, lakin belə hallarda heç vaxt nikbinliyini itirməyib, ruhdan düşməyib, baş verənləri Tanrının növbəti sınağı kimi qəbul edib. Özünün də dediyi kimi, Allah hər bir insanı hansısa ziyana salırsa, deməli, daha betərindən qoruyur, Allah heç vaxt öz yaratdığını pis görmək istəməz. Təki insan özü pisliyə köklənməsin. Harda, hansı məsul vəzifə tutmasından asılı olmayaraq, bu illər ərzində həmişə insanlara kömək göstərməyə, xeyirxahlıq etməyə çalışıb.

Ömrünün 70-ci zirvəsində qərarlaşan İbrahim Yusifzadə çoxlarına nümunə ola biləcək əmək fəaliyyətinin 50 ilinin 25 ildən çoxu Milli Məclislə bağlıdır. O, parlamentdə müxtəlif vəzifələrə çalışıb, uzun illərdir ki, mühüm sahələrdən birinə – Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə başçılıq edir. İbrahim Yusif oğlu çalışdığı şöbəni insan laboratoriyası adlandırır: “Çünki laboratoriyada adamlar müxtəlif analizlər verib öz sağlamlıqları haqqında məlumat əldə edirlər. Burada isə mən müraciət edən vətəndaşların qayğılarını, problemlərini, sevinc və kədərini laboratoriyadan keçirə-keçirə, ümumilikdə, ölkədə, bütün cəmiyyətin demək olar ki, əhval-ruhiyyəsini, psixoloji durumunu öyrənirəm. Yəni buna görə də bizə üz tutan adamlara gərək diqqətlə, hörmətlə, rəğbətlə yanaşasan, dərdlərinə, qayğılarına gücün çatan qədər şərik olmağa çalışasan ki, həm yüksək rəhbərlik, həm də başının üstündəki Allah sənin insanlara vicdanla yanaşmağını görsün”.

“Dostluq əntiq əşya
kimidir – zaman ötdükcə qiyməti artır”

“Adım andımdır” kitabının növbəti bölümündə İbrahim Yusifzadənin dostları, müəllimləri, Milli Məclisin rəhbərliyində təmsil olunan insanlar, parlament üzvləri yubilyar haqqında ürək sözlərini çatdırırlar. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin İşlər müdiri Firudin Hacıyev, parlamentin komitə sədrləri Əli Hüseynov, Arif Rəhimzadə, Hadı Rəcəbli, Ziyad Səmədzadə, deputatlar Musa Quliyev, Zahid Oruc, Çingiz Qənizadə, həmçinin akademik Teymur Bünyadov, Xalq şairi Sabir Rüstəmxanlı və başqaları İbrahim Yusif oğlunu oxucuya yaxından tanıdırlar.
Bizim bu kitab barəsində yazmağımızın özü da səbəbsiz deyil. İbrahim müəllim yaxın dostumuz, tanınmış jurnalist, İTV-nin departament rəhbəri Anar Yusifoğlunun böyük qardaşıdı. Yeri gəlmişkən, İbrahim Yusif oğlu verdiyi müsahibələrin birində qardaşı Anarı belə xarakterizə edir: “Anar mənim ürəyimdir. İnsan öz ürəyi üçün nə edə bilərsə, mən də Anar üçün eləmişəm. Amma mən Anarı harasa, kiməsə tapşırandan sonra mənə təşəkkür eləyiblər onun çalışqanlığına, istedadına görə. Bu gün o, İctimai Televiziyada departament rəhbəridirsə, bu onun öz xidmətidi”.

Digər bir yaxın dostumuz, istedadlı şair Elçin Mirzəbəylinin İbrahim Yusifzadəyə həsr etdiyi “Ocaq kimi adam, köz kimi adam” adlı şeiri də bu kitabda yer alıb:

…Xoş sözə, düz sözə qulağı açıq,
Ata ocağıdı, qucağı-açıq,
Mərdə evi açıq, ocağı açıq…
Namərd qarşısında buz kimi adam.

…Niyyəti – saf niyyət… Amalı ulu,
Qəlbi sevgi dolu, mərhəmət dolu.
O, özü bir yoldu – qardaşlıq yolu –
Çığır kimi adam, İz kimi Adam…

Bu kitabı bizim üçün dəyərli edən faktorlardan biri də onun müəllifi ilə bağlıdı. Dostların xoş sözləri və ülvi hissləri ilə dopdolu “Adım andımdır” kitabının müəllifi, Əməkdar jurnalist, dostumuz İbrahim İbadoğludur.

70 illik yubileyi qeyd olunduğu, “Adım andımdır” kitabı ictimaiyyətə təqdim edildiyi günlərdə İbrahim Yusif oğlunun və dostlarının sevincinə sevinc qatıldı. Dövlət başçı İlham Əliyevin imzaladığı Sərəncamla İbrahim Yusifzadə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu.

Bir daha təbriklər, daha böyük zirvələrə doğru, İbrahim Yusif oğlu!

Yenicag.az

www.yenicag.az

1115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv