!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dedi ki, gəl gecənə 50 manat verim" - Qar qız libasında təmizlikçi, soyuqdan donan Şaxta baba - REPORTAJ

!Reklam – Yazi

Nə danım, Yeni ili sevirəm. Uşaqlığımın ən unudulmaz bayramıdır. Bizim evdə küknar ağacını atam bəzəyərdi. Özü də mənim adıma aldığı “nemeçski” oyuncaqlarla… Anam səliqə ilə o oyuncaqları pambığa bükər, növbəti il üçün qoruyardı. Qış tətilini də böyük səbirsizliklə gözləyərdik. Çünki bilirdik ki, atam evdə olan bizi – 5 uşağını “yolkaya” aparacaq. Zabitlər Evinin birinci mərtəbəsində qurulan o nəhəng küknar ağacı, iricüssəli Şaxta Baba və nərmənazik Qar qız uzun illər mənim qış nağılımın qəhrəmanları oldular. Düzdür, onların həqiqi olmadığını bilirdim, amma yenə də “ Şaxta baba qış baba, gəldi qocalmış baba” kəlmələrini böyük bir həyəcanla deyirdim. Şaxta Baba və Qar qızla şəkil çəkdirmək isə vacib idi. Anam bizim böyüməyimizi bu şəkillərlə ölçürdü. Və ən sonda…. hədiyyə. İlahi, sovet dövrünün uşağı üçün o kiçik karton qutunun o qədər böyük dəyəri vardı ki… Hətta onun içindən çıxan qurdlanmış irislər və kojik olsaydı da belə… Kim nə deyir desin, o bir başqa hiss idi və bunu həmin anın sevincini yaşamış uşaqlar yaxşı bilir.

İllər ötüb keçdi, dəyərlər başqalaşdı, sevinclər adiləşdi… Bu gün bizə – sovet uşaqlarına maraqlı və fərqli görünən çox şey tamam başqadır. Bu gün hər şey mobildir, kreativdir. Bir vaxtlar Bakıda ancaq bir-iki bəzəkli küknar ağacı qurulurdusa, bu gün şəhərin müxtəlif yerlərində bu Yeni il atributlarını görmək mümkündür. Yeni il atributlarından söz düşmüşkən, heç Şaxta Baba və Qar qızı unutmaq olarmı? Əsla.

Ev işləri görən Qar nənə, dəllək Şaxta oğlan

Düz 5 gündür ki, paytaxt sakinləri və şəhərimizin qonaqları Yeni ilin dadını çıxardırlar. Tətil fürsətindən istifadə edən valideynlər övladlarını Yeni il şənliklərinə aparır, gəzintiyə çıxarır, karusellərə mindirir. Şəkil çəkdirmək də öz yerində… Amma… məsələnin əmması odur ki, şəhərdə olduğum bir-neçə gün ərzində çox az adamın Şaxta Baba və Qar qızla şəkil çəkdirdiyinin şahidi oldum. Bununsa öz səbəbi vardı: Yeni ilin atributları ilə şəkil çəkdirmək 1 manat idi ki, bunu da valideynlərin çoxu ödəmək istəmirdi. Hətta bunu kobud şəkildə dilə gətirən ananı da gördüm. Fəvvarələr Meydanında qurulmuş Yeni il küknarının qarşısındakı Qar qızla, pardon, Qar “nənə” ilə şəkil çəkdirmək istəyən uşağa “şəkil 1 manatdır” deyəndə, o qəzəblə “sənin canın üçün” deyib, telefonunu çıkkıldatdı və beləcə, 1 manatı da cibində qaldı.

“Camaat kefdədir, biz isə burda soyuqdan donuruq”… Bu sözləri təsadüfən eşitdim. Azərbaycan kinoteatrının qarşısında qurulmuş Ağ ayı maketinin önündə duran Qar qız ( Qar nənə) soyuqdan donan əllərini ovxalayırdı. Yaxınlaşıb, salamlaşdım. “Səninlə şəkil çəkdirə bilərəmmi?”, deyə soruşdum. “Üzügülər xanımsız, vallah utanıram da deməyə, amma gərək 1 manat verəsiniz, yoxsa, mənim gündəlik qonorarımı kəsəcəklər”, dedi. 1 manat ödənildi və öyrəndim ki…

O, artıq neçə illərdir ki, bu ağ libası geyinib, düz 13 gün küçələrdə titrəyir. Necə deyərlər, stajlı Qar qızdır. Yaşı 30-35 arasında olan bu qadın evlərdə təmizlik işləri görür:

“Əvvəllər Sahil metrosunun yanında olan “yolka”nın yanında dururdum. Oranı günü 300 manata icarəyə götürmüşdülər. Orda az pul verirdilər. Günə heç 20 manat qazanmırdım. Bu ayını 5 gündür ki, icarəyə götürüblər. Bax, o adamın yeridir (başı ilə kənarda dayanan kişiyə işarə edir). Qiyməti də o qoyub. Kim bizimlə – Şaxta Baba və Qar qızla şəkil çəkdirmək istəyirsə, 1 manat verməlidir. Amma adamlar pul vermir. Yenə ümid turistlərədir. Sağ olsunlar, ərəblər olmasa, batarıq.

Müdir günümə 30 manat verir. Səhərdən axşama qədər soyuqda, eyni yerdə dayanmaq hər adamın işi deyil. Altdan 6 kofta geymişəm, yenə titrəyirəm. İnsan gərək vaxtında oxuya, təhsil ala. Yenə yaxşı ki ildə bir dəfə bu iş olur. Bəzənib-düzənib, ağ paltar geyinirəm, adam içinə çıxıram. Amma deyim ki, sataşanlar, söz atanlar, nömrə verənlər, hətta otelə dəvət edənlər də olur. Biri o gün dedi ki, gedək mənimlə bir gecənə 50 manat verirəm. Söyüb qovdum. Burda dayanmışamsa, o demək deyil ki, namusum yoxdur”.

“Mən o kişidən qorxuram”

Söhbət əsnasında diqqətimi kənarda dayanıb, siqaret çəkən Şaxta babalar cəlb edir. “Perekur”dan qayıdan “babalar” yoldan keçənləri Ağ ayının yanına dəvət edirlər.

“Gündə neçə uşaqla şəkil çəkdirirsiz?”, sualım pambıq qaşları alnında dayanan, qaraqaşlı Şaxta Babayadır.

“5-10 nəfər olur”, dedi.

Təəccübləndim, rəqəm çox az idi.

– Valideynlər simiclik edir. 1 manata da qıymırlar .

– Bəlkə səbəb başqadır, sizi Şaxta Babaya bənzətmirlər, ona görə?…

Zarafata salır…

– Arığam da… O boyda yol gəlmişəm, mən Şaxta Babada can qalar. Heç olmasa arada banandan-zaddan da alıb vermirlər ki, özümə gəlim.

– Günə nə qədər qonorar alırsan?

– 20 manat. Buna (yanındakı Qar qızı göstərir) bir az çox verirlər. Çünki o durduğu yerindən tərpənmir. Biz isə yenə bir az gəzişirik, siqaret çəkirik. Düz 5 gündür ki, burdayam. Deyim ki, ilk təcrübəmdir. Heç vaxt Şaxta Baba olmamışam. Əziyyətli işdir, adam soyuqdan donur. Onu da deyim ki, çox utanıram. Çünki bu gün bir uşaq dedi ki, Şaxta Baba bəs sən mənə nə hədiyyə verirsən? Cibimdə bir şüşə konfet də olmadı ki, uşağa verim. Kisəm boşdur, neynim… Hələ 7 gün də burdayıq. Ondan sonrasa yenə həmişəki güzəran…

– Nə ilə məşğulsan?

– Dəlləyəm. Saç qırxıram. Ondan əvvəlsə fəhlə idim. Neynim, ailəni dolandırmaq lazımdır, ya yox? Evdə də balaca oğlum var. Hərdən deyirəm ki, kaş həqiqi Şaxta Baba olaydım, onun üçün şahzadələrə layiq həyat qurardım. Neynim, əlimdən gələn budur.

Qəhrəmanlarımı çox söhbətə tutmaq istəmirəm. Axı kiminlə söhbət etdiklərini bilmirlər. Bilsələr, danışmazdılar yəqin ki… Bu əsnada iki uşaqlı balacaboy bir qadın yaxınlaşır. Salamlaşır. “Oğlum, gəl Şaxta Baba ilə şəkil çəkdir”, deyir. Uşaq isə qaraqaşlı, arıq Şaxta Babaya baxaraq, ancaq bir söz deyir: “Mən o kişidən qorxuram”.

Zakirə Zakirqızı

www.yenicag.az

10503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv