!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dedi, mənim olmasan gözünün qabağında qızını da...” - Övladı ruhi xəstə olan ananın fəryadı

!Reklam – Yazi

Onu çoxdandı görmürdüm. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin binasından bir az aşağıda, yolun kənarındakı kolluğa qısılıb oturardı. Hər dəfə keçəndə ovcuna pul basardım. Heç vaxt başını qaldırıb baxmaz, dilucu dua edərdi. Sonra daha rastıma çıxmadı. Bir ay sonra isə onu yenidən – bu dəfə 9-cu mikrorayon ərazisində, supermarketlərdən birinin yanında gördüm. Həmin gün möhkəm yağış yağırdı. Adəti üzrə, büzüşüb bir kənarda oturmuşdu. Su içində idi. Yaxınlaşıb salamlaşdım, ovcuna pul basdım. Və o, ilk dəfə olaraq, başını qaldırıb gülümsədi. Üzündə su damcıları vardı: yağış, yoxsa gözyaşı idi… ayırd edə bilmədim.

…Beləcə, “dostlaşdıq”. Hər dəfə yolum həmin supermarketin yanından düşəndə, onun oturduğu yerə boylanar, orda olduğunu görən kimi yaxınlaşıb sədəqə verərdim. Budəfəki yaxınlaşmam isə bir qədər fərqli oldu. Uzaqdan şəklini çəkdim. O dəqiqə hiss etdi. Başını qaldırıb, üzümə baxdı: “Sən mənim xətrimə dəydin”, dedi.

– Axı niyə? Bəlkə sənə kömək etmək istəyirəm, – deyib, adətim üzrə əlimdəki pulu ovcuna basmaq istədim.

– İstəmirəm pulunu… Əgər mənim burda oturmağımı da çox görürsənsə, durub gedərəm. Mənə yaxşılıq etmək istəyirsənsə, şəklimi sil.

– Siləcəm.

– İnanmıram.

Telefonu ona uzadıb dedim:

– İnanmırsan, bax, şəkil-filan yoxdur.

Əlinin içində yumruladığı, rəngi çirkdən qaralmış yaylıqla gözlərinin yaşını silib, dedi:

– Mənim telefondan başım çıxmır ki… Elə o telefon oldu mənim evimi yıxan…

– Niyə ki?

– Heç nə deməyəcəm, sənə. Şəklimi silərsən sonra…

– Axı sən kimdən qorxursan ki?

– Ərimdən. 8 ay sonra türmədən çıxacaq. Şəklimi hardasa görər, məni doğrayar. Qoyun oturub dərdimi çəkim.

– Bəlkə dərdini mənə də danışasan?

Əvvəlcə tərəddüd edir, sonra başını qaldırmadan qırıq-qırıq cümlələrlə danışır:– Adım Sənubərdir. 25 ildir ki, Bakıda, kirayələrdə yaşayıram. Yoldaşım uzaq qohumum idi. Özü də məndən 15 yaş böyükdür. Rayonda dolana bilmədik, dedik köçək Bakıya, bəlkə iş tapdıq. Yoldaşım yaxşı oğlandır. “Sədərək”də arabaçı işinə düzəldi, bütün günü onun-bunun yükünü daşıyırdı, dolanırdıq. Mən də evlərə təmizliyə gedirdim. Sonra qızımız doğuldu. Uşaq xəstə idi, “sudurqası” olurdu. Pulumuz onun müalicəsinə gedirdi. Beləcə, kirayələrdə qala-qala 12 il ötdü. Yoldaşım Nazim get-gedə arağı balasından çox istəməyə başladı. Bir dostu vardı: Rəşid. Demək olar ki, hər gün onunla gəlirdi, oturub içirdilər. Balaca otaq, qızım da səsdə yata bilmirdi, bir söz deyən kimi ərim yumruğunu göstərirdi. Rəşid də düz-əməlli adam deyildi. Elə hey mənə baxırdı. Bir-iki dəfə yoldaşıma dedim ki, rəddə elə bunu. Eşitmədi məni. Bir gün yenə yeyib-içdilər. Yoldaşım başını stola qoyub yatdı. Mən də fikirləşdim ki, indi Rəşid də durub gedər, keçdim mətbəxə ki qabları yuyum. Birdən hiss etdim ki kimsə mənə arxadan yaxınlaşır. Çönəndə Rəşidi gördüm. Gözləri vəhşi öküzün gözlərinə oxşayırdı. Əlini sinəmə atıb, özünü mənə sıxdı. Qışqırdım. Əli ilə ağzımı tutdu. Dedi ki, özünü yorma, ərinin arağına elə dərman qatmışam ki, qulağının dibində top da atsalar oyanan deyil. Nə qədər çırpındım xeyri olmadı. Dedi, mənim olmasan gözünün qabağında qızını da zorlayacam. Bir əli ilə ağzımı tutub, o biri əli ilə kəmərini açdı. Nəsə də… Ardını başa düşdüz yəqin. Vəhşi kimi qeyri-təbii etdi hər şey… Mən ağrıdan ölürdüm, gözümdən yaş gəlirdi. Bir onu fikirləşdim ki, özümü öldürəcəm. Nə vaxt huşumu itirdiyim yadımda deyil. Qızımın ağlamağına oyandım. O vəhşi çıxıb getmişdi, ərim isə hələ də stolun qırağında yatırdı.

Gözyaşlarını saxlaya bilmir. Yənə çirkli yaylığı ilə üz-gözünü silir. Başından sürüşən yaylığını düzəldib, qorxa-qorxa ətrafa göz gəzdirir:

– Sən mənim dərdimi təzələdin… Hər gün dirigözlü ölürdüm. İstədim canıma qıyam, qızıma yazığım gəldi. Mən olmasaydım ona kim baxacaqdı? O alçaq yenə bizə gedib-gəlirdi. Mənə də deyirdi ki, səni telefona çəkmişəm. Səsini çıxartsan ərinə göstərəcəm, deyəcəm arvadın pozğundu, özü mənə “podxod” edib. Hardasa 2-3 il bu adam mənə cəhənnəm əzabı yaşatdı. Qız dərsdə olurdu, Nazim işdə, bu da gəlib-gedirdi. Hər dəfə ağlayıb, özümü öldürürdüm, xeyri olmurdu. Deyirdi, bax, qızın da böyüyüb. Elə etmə ki ona əl atım. Və o gün heç yadımdan çıxmaz. Mən yuduğum paltarı sahibinə vermək üçün getmişdim. Nigarın dərsi tez qurtarar, qız evə gələr. Yoldaşım da bu alçaq Rəşidlə evdə olar. Rəşid ərimə deyər ki, get araq al. Bədbəxt oğlu araq dalınca gedər, yolda əlini cibinə atar ki, pul qalıb evdə. Qayıdanda qızın qışqırığını eşidər. İçəri girəndə görər ki, o şərəfsiz Nigarı yıxıb yerə… Ərim də əlini atar stolun üstündəki bıçağa, düz bunun kürəyindən saplayar. Allah məni biabırçılıqdan belə qurtardı. Yazıq ərimə 15 il iş verdilər.

– Bəs sonra?

– Sən yəqin polisdənsən hə? Ona görə məni sorğu-suala tutursan? Şəklimi də ona görə çəkdin.

– Yox, əşi, nə polis. Sənə kömək etmək istəyirəm, ona görə də şəklini çəkdim ki, qadınların problemi ilə məşğul olan əlaqədar təşkilatlara göstərim.

– Sən elə bilirsən getməmişəm? Hər yerə getmişəm. Mehriban Zeynalovanın da yanına getdim. (“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri – red.) İstəyirdim qızıma görə mənə kömək eləsin. Bir psixoloq yanına aparım onu; pul da istədim. Dedi, psixoloq-zad tanımır, pulu da yoxdur. Mən də kor-peşman qayıtdım.

– Qızına nə olub ki?

– Qızım ruhi xəstədir də… Uşaqlıqdan epilepsiyası vardı axı. 3-4 il bundan əvvəl də qonşu oğlana qoşulub qaçdı. Sonra da bir oğlu oldu. Uşaq doğulandan sonra qızımın beyni lap çöndü. Əri də qoyub getdi. O da qaldı mənim ümidimə. Həm uşaq, həm evin kirayəsi… qaldım çarəsiz. Özümün də canım ağrıyır. Xəstəyəm. Əlacım bir dilənməyə çatır. Neçə illərdir küçələrdəyəm. Gündüzlər uşağı qonşuya qoyuram, axşam da diləndiyim puldan 1 manat verirəm ona… Bu pul (ovcunu göstərir) kirayəyə güclə çatır. Qızım da dərman içib, bütün günü yatır. Dilənçilik etməkdən yorulmuşam.

Adamı nə qədər tutub, “15 sutkalıq” içəri atarlar. Siz gedin, polisdə 15 sutka saxlanılanlara da kömək edin. Görün orda qadınların başına nə oyun gətirirlər.

– Yoldaşın həbsdən nə vaxt çıxır?

– Az qalıb: 8 aydan sonra. Yazığın 65 yaşı var. Bundan sonra kimə lazımıq? Olar səndən bir xahiş edim? Nolar, məni bir psixoloq yanına göndər, qızıma pulsuz baxsın.

Telefon nömrələri arasından ərkim çatan psixoloqun adını tapıb, zəng etdim. Sənubərin qızı üçün müayinəyə gün təyin etdik. Nömrəni ona verib dedim:

“Bu qadına zəng edərsən, səni gözləyəcək. Amma… gedəndə əynini dəyiş…

Başını qaldırıb, dərdli gözlərini üzümə dikdi: “Başqa paltarım yoxdur axı…”.

Ülkər Elxanqızı

 

www.yenicag.az

6346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv