yenicag.az

“Dəli Kür”də batan SİRLƏR: “Leyla Bədirbəyli məndən ərinin qisasını alırdı”...

“Dəli Kür”də batan SİRLƏR: “Leyla Bədirbəyli məndən ərinin qisasını alırdı”…

Müəllif: Redaktor

Editor

İllər bu xanımın sığal-tumarına zərrə qədər də toxunmayıb. Hər zaman kübarlığını, xanım-xatınlığını qoruyub. Əməkdar artist Zemfira Sadıqovanı deyirəm… Çoxlarının yaddaşında “Dəli Kür” filminin Mələyi kimi qalıb. Hərçənd bu obrazla xatırlanmaqdan heç xoşlanmır. Çünki milli kinomuzda digər yaddaqalan rollarının da olduğunu deyir. Hər halda, tamaşaçı sevgisini məhz Mələklə qazanıb, bunu danmaq olmaz. Aktrisa illər sonra həmin filmlə bağlı elə sirləri açıb-tökdü ki…

Əməkdar artistin Yeniçag.az-a müsahibəsini təqdim edirik.

– Hər bir aktyor və aktrisanın vizit kartina cevrilən bir rolu olur. Etiraf edirsinizmi ki, sizin də vizit kartinız “Dəli Kür” filmindəki Mələk olub?

– Açığı bu sualınız xoşuma gəlmədi. Hara gedirəmsə, mənə “Dəli Kür”lə bağlı suallar verilir. Məgər mən “Dəli Kür”dən başqa filmə çəkilməmişəm? İstərdim o filmlərdən də danışaq.

– Bilirəm ki, son illərdə yeni filmlərə çəkilmisiniz. Təəssüf ki, biz o filmləri yalnız premyerada görə bilirik. Onları geniş tamaşaçı kütləsi izləmək imkanından məhrumdur. Çünki televiziyalar göstərmir, belə filmlər də populyarlaşmır… Bizi nahaq qınayırsız…

– Həmin filmlərin nümayiş olunmaması məni də narahat edir. Təqdimatı da oldu, beş qısametrajlı filmdən ibarət film-almanax çəkilib. Mən də bu filmlərin birində Cəfər Axundzadənin rejissorluğu ilə ərsəyə gələn “Şəhər lövhələri”ndə çəkildim. Baş roldur. Bilirsiniz ki, mən heç vaxt özümü tərifləməyi sevmirəm.Amma bu filmi o qədər gözəl oynamışam ki, “Dəli Kür” filmindəki Mələk rolum bunun yanında heç nədir.

– Belə desək, ürəyinizdən tikan çıxarmısınız…

– Bəli. Bəlkə də obrazla aramızda bir oxşarlıq gördüyümdəndir ki, bu obraz çox ürəyimə yatıb. Ona görə də yəqin içdən oynamışam.

– Dramatik obrazdır, yoxsa?

– Dramatik motivlər də var. Canlandırdığım Şəfiqə obrazı əsl kübar bakılı xanımın obrazıdır. Təsəvvür edin, çəkiliş meydançasında rejissor mənə heç nə başa salmadı, yalnız bircə kəlmə dedi ki, təbii oynayın.

– Filmlə bağlı o qədər ürəklə danışırsınız, məni maraq bürüyür. Sizi məmnun edən rejissor işi idi, ssenari, yoxsa, başqa səbəb vardı?

– İlk öncə ssenari. Digər bir filmdə də çəkildim. Murad İbrahimbəyovun “Ondan yaxşı qardaş olmamışdı” filmindəki rolum da çox ürəyimcə idi. Heyf ki, o film də heç yerdə göstərilmir.

– Artıq kinoteatrlar fəaliyyətini bərpa edib, inşallah, göstərərlər. Zemfira xanım, çox zəhmli xanımsız. Hətta sual verməyə belə ehtiyatlanıram, qorxuram nəsə soruşaram, xoşunuza gəlməz.Ümumiyyətlə, sizin üçün çərçivələr varmı?

– Çərçivələr yoxdur, amma mühafizəkarlığım var. Deyim ki, iradəm çox möhkəmdir. Əgər kiməsə söz verdimsə, mütləq şəkildə o sözü yerinə yetirməliyəm.”Yox” dedimsə, inadımdan dönmürəm.

– Bəzən olurmu ki, qürur hissiniz güc gəldiyindən istəmədən israr edirsiniz, amma ürəyinizdə peşmançılıq hissi keçirirsiz?

– O da adamına baxır…. Ola bilər ki, kiminsə xətrinə dəyməmək üçün sadəcə susuram, cavab vermirəm. Ümumiyyətlə, pislik sözü mənim leksikonumda yoxdur. Mən düşmənimə də yaxşılıq edə bilərəm.

– Yəqin bu da sizin silahınızdır…

– Bəlkə də.

– Maraqlıdır, onda sizə pislik edən adamlara reaksiyanız necə olur?

– Mənə pislik edən insanlara heç vaxt cavab verməmişəm. Ürəyimdə demişəm ki, eybi yox. Hətta məqam gəlib, şərait yaranıb, həmin adamın pisliyinə pisliklə cavab verə bilərdim, amma etməmişəm.

– Elə bir xüsusiyyətiniz varmı ki, zaman-zaman onunla mübarizə aparmısınız?

– Var, amma açıqlamaq istəmirəm. Desəm, tərif kimi səslənəcək. Bəzən bu xüsusiyyət hətta mənə mane də olub.

– Bəs ən mənfi cəhətinizi necə, açıqlayardınız?

– Qısqanclığım, nifrət hissim olub. Amma dediyim kimi heç vaxt pislik etməyi sevməmişəm.

– Maraqlıdır kompleksləriniz varmı?

– Var. Amma həqiqəti açıqlamaq istəmirəm. Desəm də, yalan söyləmiş olacam. Ən yaxşısı susmağımdır.

– Yaxşı onda heç olmasa deyin görək kompleksləriniz xarakterinizlə bağlıdır, yoxsa xarici görünüşünüzlə?

– Xarakterimlə.

– Mən də elə düşünürdüm ki, bu, xarici görünüşünüzlə bağlı ola bilməz, çünki maşallah çox cazibədar xanımsınız.

– Yox, yaş artıq öz sözünü deyib, hətta hərdən buna görə güzgüyə baxmağa belə qorxuram.

– Yəqin göz qaytarırsınız, axı simanız çox gözəldir, estetik əməliyyatlar etdirmisiniz?

– Qətiyyən. Belə əməliyyatlara heç pulum da olmayıb.

– Olsaydı, etdirərdiniz yəqin, eləmi?

– Yox, tutalım, boğazımda, ya başqa nahiyəmdə hansısa əməliyyat etdirdim, nə dəyişəcək ki? Onsuz da yaşlandığını gizlədə bilməyəcəksən. Məncə, insanın simasının nurlu və gözəl olması onun iç dünyası ilə bağlıdır. Daxilin gözəl olmasa, heç vaxt xaricin gözəl ola bilməz. Mən kosmetikadan həddən artıq istifadə etməyi də xoşlamıram. Efirə, tədbirlərə gedəndə azacıq qırmızı və başqa tonlardan istifadə edirəm (gülür).

– Enerjini nədən alırsınız?

– Sevgidən, xoş sözdən, səmimi münasibətdən. Şərt o deyil ki, bir kişini sevəsən.Uşaqlarına, ətrafındakılara olan sevgi də insana enerji verir.

– Həm də sevilən xanım olmusunuz. Bildiyimizə görə, mərhum həyat yoldaşınız, əvəzolunmaz aktyorumuz Yusif Vəliyev də sizin saqqızınızı oğurlamaq üçün az əziyyət çəkib.

– O, məni həm çox sevirdi, həm də çox qısqanırdı. Bilirsiniz ki, mən kinoda çox az çəkilmişəm. Bunun da əsas səbəbkarı həyat yoldaşım olub. Bununla belə o mənə həddən artıq dəyər verirdi. Ömrünün sonuna qədər də bu sevgiyə sadiq qaldı.

– Sevgilərinin uzunömürlü olması üçün xanımlara nə məsləhət verərdiniz?

– Əslində, bununla bağlı xüsusi bir düstur yoxdur. Qadın ilk növbədə özünə hörmət etməyi bacarmalıdır. Əgər özünə hörmət edəcəksə, qarşı tərəf də ona hörmətlə yanaşacaq. Mən bu yaşımda da nəvələrimin otağına qapını döyməmiş girmirəm. Bir də yalan sevgini öldürür. Heç vaxt həyat yoldaşımı aldatmamışam. Ona yalan danışmamışam. Buna görə də ərim mənə xəyanət etməyib. Qadın evinin xanımı da olmalıdır, qulluqçusu da. Qadın gözəl əl qabiliyyəti olmalı, biş-düşü bacarmalıdır.

– Zemfira xanım, siz “Dəli Kür” filminə çəkiləndə Yusif Vəliyevlə ailə həyatı qurmuşdunuz. Nə əcəb filmdə o dövr üçün mənfi qarşılanan açıq-saçıq kadrlara çəkilməyə icazə vermişdi?

– Orda açıq-saçıq kadrlar deyəndə nəyi nəzərdə tutursunuz ki?

– Çayda paltar yuyarkən baldırınızın, digər bir kadrda da sinənizin görünməsi o dövr üçün kifayət qədər intim səhnə idi.

– Hər halda, paltarımı yuxarı çirmələməsəydim, suda islanacaqdı. Bu, əslində, elə mənim öz ideyam idi. Ələddin Abbasov çox abırlı, əxlaqlı, köhnə kişilərdən idi. Filmdə bir kadr var: Cahandar ağa mənə hədiyyə aldığı üçün onu qucaqlayıb öpmək istəyirəm, amma Ələddin buna imkan vermir. Hətta o, mənim gözümün içinə belə baxmırdı.

– Bəs rejissor ona irad tutmadı?

– Yox, Hüseyn Seyidzadə onu çox istəyirdi, hörmətlə yanaşırdı və istəmədiyi şeyə məcbur etmirdi. Qaldı ki, həmin kadrlara görə qınanmağıma, mən aktrisa idim və rolumun öhdəsindən məharətlə gəlməliydim. Hətta atam və həyat yoldaşım bu rola görə məni təbrik də etdilər. Oyunumu çox bəyənmişdilər.

– Filmdə maraqlı bir kadr da var, Leyla Bədirbəyli sizə sillə vurur…

– Leyla Bədirbəyli mənə necə sillə çəkdisə, gözüm qaraldı. Az qala yıxılacaqdım. Elə bil doğrudan da Leyla Bədirbəyli məndən ərinin- Cahandar ağanın qisasını alırdı. Mən heç gözləmirdim ki, o, məni belə möhkəm vuracaq. Çünki məşq olunan zaman sillə yumşaq idi və belə də olmalıydı.

– Sonradan sizdən üzr istəmədi ki?

– O, heç vaxt üzr istəməzdi, çox qürurlu qadın idi. Mən ona bir kəlmə də olsun incikliyimi bildirmədim. Fikirləşdim ki, bəlkə qəsdən məni bərk vurub ki, narazılıq edim və filmə çəkilməkdən imtina edim. Çox şeylər ola bilərdi. Paxıllığımı çəkən insanlar çox idi onda.

– Yeri gəlmişkən, eşitdiyimizə görə sizin filmlərə çəkilməməyinizin bir səbəbi də həyat yoldaşınız yox, kinostudiyanın direktorunun sizi gözügötürməzliyi olub?

– Əslində, mən çəkilmək arzusu ilə alışıb-yanırdım. Kinostudiyanın direktoru Adil İsgəndərov da mənim filmlərə çəkilməyimə şərait yaradırdı. Amma Cəmil Əlibəyov kinostudiyaya yeni direktor təyin olunandan sonra mənim yolum bağlandı. O, mənə filmlərə çəkilməyə imkan vermədi. Hətta bəzi filmlərin sınaq çəkilişlərində iştirak edirdim. Xəbər göndərirdilər ki, gəlməsin, başqa aktrisa çəkiləcək.

– Məsələn, hansı filmlərə?

– Biri elə Həsən Seyidbəylinin “Xoşbəxtlik qayğıları” filmi. Çox olub belə filmlər.

– Sizə niyə rol vermək istəmirdilər ki?

– Bilmirəm. Paxıllıqdan yəqin ki… Mən özüm də xasiyyətcə qürurlu aktrisa olmuşam, heç vaxt heç kimin qarşısında əyilməmişəm.Yəqin bu da öz təsirini göstərirdi.

– Amma bu gün də rejissorlar sizi sevə-sevə filmlərinə çəkirlər.

– Elə mən də həvəslə çəkilirəm. Təki o filmləri nümayiş etdirsinlər ki, tamaşaçılar görə bilsin.
Cəvahir Səlimqızı

Yenicag.az

Xəbərlər, Manşet, Müsahibə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti