Deputat həmkarları Astan Şahverdiyevi qınadılar: “Onun məsələsinə baxılacaq”

Deputat həmkarları Astan Şahverdiyevi qınadılar: “Onun məsələsinə baxılacaq”

Müəllif: Redaktor

Editor


305009Cəbrayıldan seçilmiş deputat Astan Şahverdiyevin Biləsuvarda etiraz aksiyası keçirən cəbrayıllı məcburi köçkünlər haqqında “cəmiyyətin tör-töküntüləri” ifadəsini işlətməsi, Rusiyaya işləməyə gedən azərbaycanlıları isə “otxod” adlandırması onun deputat həmkarları arasında da narazılıqla qarşılanıb.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Araz Əlizadə həmkarını səhvə yol verməkdə qınadı:

“Bu barədə məlumatı ancaq mətbuatdan eşitmişəm. Astan Şahverdiyev həqiqətən belə bir şey deyibsə, çox böyük səhv edib. Amma bu, cinayət əməli deyil ki, o, məsuliyyətinə cəlb edilsin. Deputatlar, məmurlar, nazirlər bilməlidirlər ki, biz xalqa borcluyuq, xalq bizə borclu deyil”.

Milli Məclisin deputatı Elman Məmmədov da A. Şahverdiyevin əməlini yolverilməz hərəkət kimi dəyərləndirərək onu pislədi:

“Astan müəllimin xeyli yaşı var, o, alim, professor, elmlər doktorudur. Nüfuzlu ali təhsil acağında çalışır. Astan müəllim bu məsələdə diqqətli olmalı, o cür ifadələrə yol verməməli idi. Onun bütün qohum-əqrəbası məcburi köçkündür. Biz – məcburi köçkünlər, – dövlətçiliyimiz, onun möhkəmlənməsi, stabiliyimizin qorunub saxlanılması üçün həmişə Prezidentimizin yanındayıq, onu müdafiə edir və edəcəyik. Cənab prezidentin özü bütün fəaliyyətində həmişə başlıca problem kimi Dağlıq Qarabağ problemini diqqətə çatdırır, məcburi köçkünlərin qayğısına qalır. Prezidentimiz hətta yubiley ad gününü də məcburi köçkünlərlə birgə keçirtdi. Bundan ibrət götürmək lazımdır.

Məcburi köçkünlər dövlətçilik əleyhinə aksiya keçirtmir, dövlətə qarşı təxribat aparmır, dövlətçiliyimizə ziyan vuran işlər görmürlər. Sadəcə olaraq, bu insanlar onlara qarşı haqsızlıq edən məmurlara qarşı aksiya keçirir, hamı kimi özlərinin də evlərində istilik olmasını istəyirlər. O qəsəbələrə qaz çəkilməyib.

Qışın günü onların işığını kəsib, soyuqdan dondurmalıdırlar? İnsanlar haqlarını tələb edirlər. Ona görə də onların ünvanına yaraşmayan ifadələrin səslənməsini qətiyyən pisləyirəm. 18-20 minlik sakini olan bir qəsəbəni işıqsız qoyanlar cəzalandırılmalıdır. Astan Şahverdiyevin dediyi sözləri pisləyirəm, bu, yolverilməz hərəkətdir. Heç kimə ixtiyar verilməyib ki, kiminsə ünvanına təhqiramiz ifadələr işlətsin. Rusiyada çalışan soydaşlarımızın ünvanına deyilən ifadə də tamamilə qəbuledilməzdir. Heç kim isti ocağını qoyub, kefindən gedib o bazarlarda soyuqda, şaxtada əziyyət çəkib, alver etməz. Zəhmət çəkməklə, ailəsinə çörəkpulu qazanır, öz əməklərinin bəhrəsini yeyirlər. Niyə onların ünvanına pis söz deməliyik ki? Xaricdə həmçinin çoxsaylı soydaşımız elmlə, ictimai-siyasi fəaliyyətlə məşğuldur, mətbuat sahəsində çalışır, tanınmış adamlardır. Onlarla fəxr etməli, kömək əlimizi uzatmalıyıq. Astan Şahverdiyevin bu hərəkətilə bağlı yəqin ki, Parlament rəhbərliyi, İntizam komitəsi məsələni diqqətdən kənarda saxlamayacaq, yəqin onunla bağlı məsələyə Milli Məclisdə baxılacaq”.

 

ELÇİN

Yenicag.az

Gündəm, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti