yenicag.az
yenicag.az

Deputatın milyonluq obyekti üzə çıxdı – Axundovanın var-dövləti barədə daha bir sənəd

Deputatın milyonluq obyekti üzə çıxdı – Axundovanın var-dövləti barədə daha bir sənəd

Müəllif: Redaktor

Editor

Elmira-a (1)Deputatın oğlu tərəfindən aldadıldığını deyən vətəndaşlar Elmira Axundovanın mandatdan məhrum edilməsini istəyir

Deputat Elmira Axundovanın əmlakı barədə “Azadlıq”a yeni məlumatlar daxil olub. Redaksiyamıza təqdim olunan rəsmi sənəddən görünür ki, Elmira Axundova təkcə Bakının mərkəzindəki çox bahalı “Port Baku Residense”də iki mənzilə sahib deyil, deputatın başqa obyekti də var.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinin rəisi Əsgər Həsənovun imzaladığı məktubda yazılıb ki, Bakı şəhəri, Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsi 72 ünvanında tikilən qeyri-yaşayış obyektinin sifarişçisi Axundova Elmira Hüseyn qızı olub.

elm01

Elmira Axundovanın oğlu Həbib Axundov tərəfindən aldadıldığını deyən bir qrup şəxs bu faktla əlaqədar dövlət başçısı İlham Əliyevə müraciət edib. Qanun birmənalı şəkildə qadağan etdiyi halda, deputatın bizneslə məşğul olduğunu prezidentin diqqətinə çatdıran şikayətçi vətəndaşlar, onun barəsində müvafiq tədbir görülməsini xahiş edib:

“Konstitusiyaya görə, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Bildiririk ki, deputat Elmira Axundova Konstitusiyaya zidd olaraq kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Göstərilənləri nəzərə alaraq Elmira Axundovanın əməlinə hüquqi qiymət verib onun Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin deputatı mandatından məhrum edilməsi barədə qərar qəbul edilməsi üçün müvafiq qaydada tədbirlər görülməsini kollektiv şəkildə Sizdən xahiş edirik”.

elm03

Bu müraciəti imzalayan vətəndaşlar – Fərman Məmmədov, Elvin Vəliyev, Sabir Ağayev, Ziya Vəliyev və digərləri Elmira Axundovanın oğlu Həbib Axundov tərəfindən aldadıldıqlarını bildirirlər. Onların Həbib Axundova qarşı şikayətləri əsasında hazırda Bakı şəhər Baş Polis Idarəsində araşdırma gedir.

“Biz zərərçəkmişlər olaraq bildiririk ki, Axundovlar ailəsi qeyd etdiyimiz obyektə, ”Port Baku Residense”dəki mənzillərə 2012-ci ildən sahib olublar. Məhz bizim halal pullarımız mənimsəniləndən sonra. Əgər belə deyilsə, xanım deputat çıxsın, bizim qarşımızda izahat versin, bunun əksini sübut eləsin. Bu barədə aidiyyəti orqanları da məlumatlandırmışıq, ümid edirik ki, hüquq-mühafizə orqanları lazımi tədbirlər görəcək. Bizlər də halal pullarımızı geri alıb, borc girdabından, bankların töhmətindən canımızı qurtaracağıq”, – deyə şikayətçilər “Azadlıq”a məktubda yazırlar.

Aldadılan vətəndaşlar deyir ki, onların bir qismi pulu əlbəəl Həbib Axundova, qalanı da şəriki, hazırda CM-nin 178-ci (dələduzluq) maddəsilə barəsində axtarış elan olunmuş Elnur Ibrahimova veriblər. Qeyd edək ki, söhbət vətəndaşların yüzminlərlə vəsaitinin alınıb geri qaytarılmamasından gedir.

elm04

Araşdırma, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti