www.sinerjipro.net

SinerjiProWide
Reklam

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzovun millət vəkillərinin maaşının və parlamentə ayrılan büdcə vəsaitinin artırılması təklifi yeni müzakirə dalğası yaradıb.

Yenicag.az xəbər verir ki, Milli Məclis komitələrinin bu gün keçirilən birgə iclasında aparılan 2018-ci il Dövlət büdcəsi layihəsinin müzakirəsində çıxış edən YAP-çı deputat Siyavuş Novruzov maaş azlığından şikayətlənib:

“Beynəlxalq aləmdə bəzi dairələrə qarşı sinəsini qabağa verib vuruşan, ölkədə qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir. Parlamentin illik büdcəsi heç bir rayonun büdcəsi qədər də deyil.

Bundan başqa, bizim dostluq qrupları var ki, onlar əməkdaşlıq etdikləri ölkələrə heç olmasa, ildə iki-üç dəfə səfər etməlidirlər. Bütün bunlar nəzərə alınmalıdır” (APA).

Xatırladaq ki,Azərbaycanda millət vəkillərinin maaş problemini ilk dəfə bir neçə il əvvəl yenə hakim partiyanın parlamentdəki təmsilçisi Hadı Rəcəbli qaldırmışdı.

Rəcəbli ona müraciət edən seçicilərin maddi yardım xahişlərini, o cümlədən “xeyir-şər” mərasimlərinə qatılmağın zəruriliyini əsas gətirərək, deputatların maaşının artırılması təklifini irəli sürmüşdü.

O baxımdan, Rəcəblinin neçə il əvvəl qaldırdığı məsələ – deputatların maaşlarının artırılması təklifi Milli Məclisdə hər ilin payız sessiyasında büdcə müzakirələri zamanı təkrar-təkrar gündəmə gətirilir.

Son olaraq, bir il əvvəl baş tutan büdcə müzakirələrində deputatların maaş məsələsi ön plana çıxarılaraq, geniş diskussiyaya səbəb olmuşdu. 2016-cı ildə bu məsələ yenə gündəmə gələndə deputatlar Aqil Abbas, Yevda Abramov və digərləri iki devalvasiyadan sonra aldıqları maaşın onlara bəs etmədiyini bildirmişdilər.

Lakin maaş məsələsində deputatlar arasında həmrəylik yaranmır. YAP-çı deputat Aydın Mirzəzadə, Fazil Mustafa, Tahir Kərimli və başqa həmkarları indiki şəraitdə maaş mövzusunu qabartmağın əleyhinə çıxmışdılar.

Budur, Siyavuş Novruzov “ölməyən” məsələyə yenidən nəfəs verərək, istər-istəməz diqqəti ölkədəki maaş göstəricilərinə yönəldib. Baxaq, deputatların minimum 1750 manat maaş aldığı ( və şikayətləndiyi) ölkədə digər peşə sahibləri nə qədər əməkhaqqı alırlar.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycanda 2017-ci il sentyabrın 1-nə olan vəziyyətə əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı 524,7 manat təşkil edib. Azərbaycanın regionları ilə müqayisədə, paytaxt Bakı üzrə göstərici bu rəqəmdən təqribən 240 manat artıqdır.

Bundan başqa, ölkədə minimum yaşayış həddi 173 manat həcmində müəyyənləşib. Əmək qabiliyyətli əhali üçün bu göstərici 183 manat, təqaüdçülər üçün 144 manat, uşaqlar üçün 154 manat həddindədir.

Ölkədə fəaliyyət sahələri üzrə orta aylıq əməkhaqqına nəzər saldıqda, burada açıqlanan rəsmi rəqəmlərlə real göstərici arasında ciddi fərqlər ortaya çıxır. Məsələn, təhsil naziri Mikayıl Cabbarov bir neçə həftə əvvəlki açıqlamasında diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əməkhaqqının 465 manat olduğunu bildirmişdi.

Ancaq əksər təhsil ekspertləri bu rəqəmi ciddi qarşılamayaraq, diaqnostik qiymətləndirmədən keçən pedaqoqların ümumi müəllim ordusunun çox az hissəsini əhatə etdiyini bildiriblər. Onların bildirdiyinə görə, müəllimlərin orta aylıq əməkhaqqı nazirin açıqladığı 465 manatdan çox aşağıdır.

Eyni vəziyyəti səhiyyə sektoruna da aid etmək mümkündür. Xüsusilə, büdcədən maliyyələşən səhiyyə obyektlərində çalışan həkim və digər tibb işçilərinin orta aylıq maaşının 400 manata çatmadığı qeyd olunur.

2015-ci ildə baş verən iki devalvasiyadan sonra müəllim və həkimlərin aldıqları maaşın timsalında əhalinin digər təbəqələrindən olan işçilərin əməkhaqqının miqdarı, aldıqları məvacibin onların ehtiyacını nə dərəcədə ödədiyini, daha doğrusu, yetərsizliyini təsəvvür etmək çətin deyil.

Deputatların maaşının artırılması təklifini Yenicag.az-a dəyərləndirən sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli bildirib ki, əhalinin real iqtisadi durumu qeyd olunan təklifin kəskin qıcıqla qarşılanmasına səbəb olur:

“Məsələyə obyektiv yanaşsaq, Azərbaycan Milli Məclisi deputatlarının maddi təminatı ən azı digər ölkələrlə Rusiya, Gürcüstan və s. müqayisədə xeyli aşağıdır.

O səbəbdən, hörmətli Siyavuş Novruzovun deputatların maaşının onların maddi təminatını ödəmədiyini söyləməsinə normal baxılmalıdır. Yəni özünə hörmət edən ölkə bu və digər formada deputatların maddi təminatını yüksək səviyyədə həyata keçirtməlidir.

Nazim Baydəmirli

Bu təklifin indiki şəraitdə digər vətəndaşların maaşları ilə müqayisəsinə, nə dərəcədə ayaqlaşmasına gəldikdə isə bu, çox ciddi məsələdir. Hesab edirəm ki, belə yanaşmalar vətəndaşlarda qıcıq doğurur.

Çünki ölkədə orta aylıq maaş 500 manat civarındadır, yaşayış minimumu da aşağı səviyyədədir, ölkədə sosial müdafiəyə ciddi ehtiyacı olan xeyli insan var.

Həm də deputatların bir çoxunun gizli və açıq bizneslə məşğul olduğu şəraitdə belə təkliflərin səsləndirilməsi bəlkə də xalqda mənfi emosiyalar yaradır.

Belə təklifləri zaman-zaman səsləndirmək əslində, deputatlardan cəsarət tələb edir. Ona görə də mən Siyavuş Novruzovun bu cəsarətinə müsbət yanaşıram.

Deməliyəm ki, deputat ilk növbədə öz seçicisinin etimadını qazanmalı, onlardan bəziləri daşıdıqları deputat statusunu haqq etmirlər. Qıcığın bir səbəbi də budur. Deputatların bir çoxu vətəndaşların, seçicilərinin haqlı fikirlərinə, təkliflərinə biganə qalırlar.

Digər tərəfdən, bir sıra deputatlar özlərini hökumətin, ayrı-ayrı nazirlərin vəkili kimi aparır, vəzifəli şəxslərə yaltaqlanırlar.

Ona görə də vətəndaşlar bəzi hallarda deputatların hətta haqlı təkliflərini də özlərinə qarşı təhqir kimi qiymətləndirirlər. Deputatlar bu məsələləri nəzərə alsalar, daha məntiqli davranmış olarlar”.

Mövzu barəsində Yenicag.az-a danışan deputat Araz Əlizadə isə indiki şəraitdə millət vəkillərinin maaşının deyil, təqaüdçülərin təqaüdünün artırılmasının vacib olduğunu deyib:

“Milli Məclis komitələrinin bugünkü iclasında iştirak etməmişəm. Üzvü olduğum komitənin iştirakı ilə keçiriləcək birgə iclas sabaha təyin olunub. Ona görə də bu barədə məlumatsızam.

Ancaq mən deputatların maaşının deyil, təqaüdçülərin pulunun, aztəminatlı ailələrə verilən müavinətlərin artırılmasını təklif edərdim.

Şəxsən mənim də xarici ölkələrə çox sayda səfərlərim olur və bunu öz vəsaitimlə həyata keçirirəm. Bununla belə, maaşımdan narazılığım yoxdur”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3828
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."