Ads by Google

hightechnic
Ads by Google

15783_ayselAzərbaycan Respublikası Milli Məclisinə növbəti- beşinci seçkilərə artıq start verildi. Xeber365.com saytı da həm prosesi canlandırmaq, həm də seçiciləri millət vəkilliyinə namizədlərlə yaxından tanış etmək üçün “Milli Məclis-2015” adlı yeni layihəyə başlayıb. Layihəmizin növbəti qonağı yazar, jurnalist Aysel Əlizadədir.

-Aysel xanım, ölkədə seçki ab-havası varmı və xalq seçirmi?

– Seçkinin bəlkə də ən həssas mövzusuna toxundunuz. Bizim də, bəlkə hakimiyyətin də, seçicilərin də ən həssas yeridir. Çünki lazımi effekti, yəni bir xalqın özü üçün çox həlledici bir məqamda olduğunu hiss eləmək çətindir. Bunu hiss eləmək üçün onunla söhbət eləməlisən, elə bil, yaranı qanatmalısan, həmin mövzunu çək-çevir eləməlisən ki, seçki haqqında bir informasiya alasan. Xalq düşünür ki, o seçmir. Ona görə də seçkidən danışmır. Onun yaralı mövzusudu bu. Odur ki, bu mövzudan yan keçməyə çalışır, daha çox susmağı seçir. Bilirsiz, bir məsələyə iki cür yanaşma var. Mübarizə aparıb nəyisə həll eləyərsən, ya da mübarizənin nəticəsiz olacağına artıq inandığın anda susmağa məcbur olarsan. Xalq bir az ikinci mövqedədir. Susur.

– Niyə millət vəkili olmaq istəyirsiniz?

– Yaxşı sualdı. Sözün düzü, millət vəkili olmaq istəmirəm. Çox səmimi deyirəm. Amma bundan başqa çarəm yoxdu. Mən nəsə eləmək istəyirəm bu ölkə üçün, bu adamlar üçün. Mümkün qədər insanların marağına səbəb olacaq, onların elə bil həmdəminə, həmdərdinə çevriləcək məsələlərə və obraza yaxın olmaq istəyirəm. Fikirləşirəm ki, parlament bu məsələləri bir az qabartmaqdan ötrü, xalqın səsini daha böyük tribunalardan çatdırmaqdan ötrü mənə hüquqi status verəcək.

– Namizədliyinizi verdiyiniz dairəni nə qədər tanıyırsız?

– Yaxşı tanıyıram. Həm buranın sakiniyəm. Həm də mediaçı kimi bu dairənin, ərazinin problemlərinə yaxın olmuşam həmişə. Seçki marafonunda da daha dərindən öyrəndim ərazini.

– Bu dairədə sosial bazanız varmı?

– Seçicilərim var, bəli. Dairəyə aid ərazidə gənclərin liderləri var. Sosial baza hesab oluna bilər. Bura qəribə dairədi. Mənə elə gəlir ki, başqa dairələrdən seçilir. Kompaktlaşmış və kifayət qədər ziyalı, siyasi təfəkkürü, siyasi baxışları olan əhali yaşayır burda. Onları konfetlə, “pesokla” aldatmaq çətindi. Biz daha çox maarifçilik, ədəbiyyat, media sahəsində olduğumuz üçün, işlərimizi bu istiqamətdə gördüyümüz üçün burda insan resursumuz daha çoxdu. Oxuyurlar, izləyirlər, imzamı tanıyırlar. Bu ciddi faktordu. Sosial bazam daha çox oxucularımdı burda. Sonra gənclərin lideri olan aktiv uşaqlardı, ziyalılardı, müəllimlərdi ki, onlar həm medianı, gündəmi izləyən adamlardı, həm siyasi təfəkkürü olan, həm də aldanmayan. Ona görə də hesab eləyirəm ki, biz yaxşı anlaşa bilirik.

– Hazırkı parlamentə münasibətiniz.

– Gözləntilərimizi doğrultmur. Bunu deməklə özümdən yenilik açmıram. Kreativlik yoxdu. Sonuncu çıxışlarını heç bəyənmədim, Avropaya çox vulqar mesajlar göndərdilər. Ki, bir Azərbaycan vətəndaşı və ziyalısı olaraq bunu qətiyyən doğru hesab eləmirəm. Çünki biz Avropa ilə münasibətlərimizi o müstəvidə qura bilmərik- o cür dalaşqan, davakar, qışqırıqçı. Ümumiyyətlə, mövqeyimizi əvvəlcədən avropasayağı, avropayönlü qurduğumuz üçün bu gün elə mesajlar verməyimiz bizi kübar göstərmir. Zatən imicimiz zədəlidi, bizi şöhrətpərəst, pulameylli bir cəmiyyət kimi tanıyırlar. İstər idarəçilərimizi, istər toplum olaraq. Qarabağ adlı problemi olan ölkə üçün bir az təmkin, bir az təvazö mövqeyi daha doğru duruş olardı deyə düşünürəm.

– Ölkə prezidenttinini siyasətinə münasibətiniz.

– Mənə belə gəlir ki, o, daha çox xarici siyasətlə məşğuldu. Daha çox o istiqamətdə köklənib və bütün diqqəti ordadı deyə daxili bazanı çox da tənzimləyə bilmir. Çünki ən böyük problemimiz elə xarici problemdi. Daxili problemlər, diqqətdən kənarda qalan sahələr də çoxdu. Bu gün Azərbaycanda, demək olar ki, bütün sahələrdə ciddi problemlər, ciddi qüsurlar var. İkisini bütün günü hamı deyir- səhiyyə ilə təhsil. Ki, məhz, cəmiyyətin sütunudu. Əgər hakimiyyət nümayəndələri, “bu ölkədə hər şey yaxşıdı, çiçəklənir” deyən adamların özləri burunları axanda xarici səhiyyəyə üz tuturlarsa, heç olmasa, bir az səmimi olsunlar. Bu ölüm deyil, itim deyil. Boynumuza alıb etiraf eləyə bilərik ki, biz yeni, cavan ölkəyik. Nə dövlətçilik ənənəmiz var ki, iddia ilə hər şeyi yaxşı elədiyimizi deyirik? Qüsurlarımızın olması da çox təbiidi. Biz hələ öyrənirik ki, dövləti necə qurarlar. Ona görə də bu mərhələlərdə böyük-böyük itkilər verdik – insan itkiləri, maddi itkilər. Bunların hamısı Azərbaycanın həm daxili, həm xarici siyasətinə, həm də büdcəsinə böyük zərər vurdu. İnkar eləmək, “hər şeyi çox yaxşı idarə eləyirik” demək qeyri-səmimi görünür. Mən hesab eləyirəm ki, ən böyük uğur səmimiyyətdir. Bütün sahələrdə, bütün! Hətta siyasət kimi çoxqatlı sahədə belə səmimiyyət qazandırır liderlərə. Bunun örnəklərini də görürük. Məsələn, Obamanın necə seçildiyini, hansı duruşda, hansı imicdə olduğunu görmüşük.. Xalqın içindən hoppanıb səhnəyə çıxırdı. Putin də əvvəllər öz işini bu istiqamətdə qururdu, gənclərin, repperlərin tədbirlərinə qoşulurdu. Bilirsiniz ki, onun hər il açıq sorğu kampaniyası olur. Bunların hamısı effektlidi. Amma daxili problemlər… Yəni mən deyim ki, hər şey yaxşıdı, çox gözəl idarəçilik var, kim mənə inanar? Deyərlər ki, ay Aysel, insaflı danış bir az. Dediyim kimi gənc ölkə olduğumuz üçün etiraf eləməliyik ki, səhvlərimiz olub və indi “kim nə elədi” yox, “kim nə edə bilər” dönəmini yaşamalıyıq. Bundan sonra neynəyə bilərik? Kimin nə qatqısı ola bilər bu ölkənin inkişafına? Bu barədə düşünək. Olan oldu artıq. İtirdiyimizi itirdik, zədəmizi aldıq. Bu dəqiqə ən vacib problemimiz Qarabağdı. Bunu necə həll eləy bilərik? Amma o ədalarla, bahalı maşınlarla, villalarla bizi heç kəs ciddi qəbul eləməz. Bu boyda itki verən ölkəyik, amma bizim fonumuzda Ermənistan çox məzlum, yazıq görünür. Elə bil o, torpaq itirib kimi görünür. Bu yekəxanalıq dünyanın bizə acımamasına gətirib çıxardır.

– Seçicilər sizə niyə səs verməlidilər?

– İnanmalıdılar ki, mən onlar üçün gedirəm seçkiyə. Çox ciddi deyirəm: mən hər şeyi atıb bir daxmada yaşamaq, yaradıcılığımla məşğul olmaq istəyərdim. Ailəm yanımda, rahat kitablarımla məşğul olum, roman yazım. Ən böyük iddiam öz sahəmdə Nobel ola bilər. Amma bu ictimai məsələlər mənim işimi əngəlləyir. İki aydı gecə-gündüz yatmıram. Bu minnət deyil. Gerçəkdən, ən azı, bir dairədə nəsə eləmək, insanların yanında olmaq istəyirəm. Yanında, başında yox! İnsanların axtarıb tapmayacağı adam olmaq istəmirəm. Mən onların qonşularıyam. İstədikləri vaxt gəlib dərdlərini deyə biləcəklər. Hə, millət vəkilinin missiyası ərazidə təssərrüfat, məhəllə işləri görmək deyil. Amma yerli icraedici orqanlar bu işləri görmürlərsə, onların başında dayanmaq, hətta bəzən təzyiq eləmək kimi bir missiyası var. Çünki dairəyə cavabdeh adamlardan biridi millət vəkili. Bu işdə onların yanında olacağıma söz vermişəm. Mən heç kimin evinə qızdırıcı, su çəkdirə bilmərəm. Yol çəkdirən deyiləm. Ancaq bütün bu işləri görən məsul qurumlar var ki, onları öz işlərinin başında olmağa məcbur eləyə bilərəm.

– Seçki kampaniyası üçün gərəkli büdcəniz varmı? Varsa, mümkünsə, mənbəyini göstərərdiz.

– Gərəkli büdcəmiz deyəndə ki, bilirsiniz ki, biz seçkiyə komanda şəklində, “125-lər” olaraq gedirik. Namizədliyimizi “Ümid” partiyası təqdim eləyib. Yəni təqdimat onlardan gəlib. Hamımızın da bir hesabımız var: partiyanın adına açılan hesab. Bizə dəstək vermək istəyən insanların həmin hesaba toplanan maddi yatırımı büdcəmiz hesab olunur. Məbləği açıqlaya bilməyəcəm. O detallarla uğraşmamışam .

– Seçkinin demokratik keçəcəyinə inanırsınızmı?

– Bütünlükdə yox. Amma məntiqim mənə deyir ki, reform olmalıdı. Vəziyyət elə həddə çatıb ki, həm parlamentdə, həm xarici siyasətdə, həm Avropa ilə münasibətləri düzəltmək üçün bizə yeni kadrlar, daha dünyəvi, bəşəri prinsiplərlə yaşayan, ölkəsini səmimi sevən, hakimiyyətə düşmən yox, tənqidçi mövqeyindən yanaşan – ki, bu ölkənin xeyrinə həll olunacaq bir mövqedi – lazımdı. Niyə buna şərait yaradılmasın? Bu sualın cavabını tapa bilmirəm. Niyə seçki ümumilikdə demokratik keçirilməsin? Niyə? Nə səbəbə? Əgər bu bizim xeyrimizə olacaqsa. Kadrlar ortada, potensiallar ortada, hamının fəaliyyəti, kimliyi, siyasi, ictimai keçmişi ortada. Bu arenada seçim eləmək, şanslar vermək olar. Niyə də yox?! Seçici inanmır demokratik keçiriləcəyinə. Ən böyük problemimiz budu. Seçici hesab eləyir ki, o, ümumiyyətlə, iştiraksız bir vətəndaşdı. Yeri gəlmişkən, hesab eləyirəm ki, Konstitusiyada bu məsələyə toxunmaq vacibdi. Mən hesab eləyirəm ki, biz hop deyib demokratiyaya addımlaya bilmərik, amma addım-addım demokratikləşə bilərik.

– Əgər seçkilər demokratik keçməzsə, hər hansı bir saxtakarlıq aşkarlayarasınızsa, hansı addımlar atmağı düşünürsüz?

– Bunun hüquqi, qanuni yolları var. Onların hamısından istifadə eləyəcəyik.

– Aysel xanım, Rusiya, yoxsa Avropa?

– Avropa. Birmənalı olaraq. Dünya deyəndə mən Avropanı düşünürəm. Baxmayaraq ki, biz rus ədəbiyyatı ilə böyümüşük, rus ədəbiyyatı ilə formalaşmışıq, Amma bir tək Dostoyevski, Puşkin yetişdirməyib bizi. Sonra Nitşeni tanımışıq və alt-üst olmuşuq. Ona görə də Avropa, əlbəttə.

– Son vaxtlar Azərbaycanda radikal dini təriqətlərin, İŞİD-ə qoşulanların, Suriyaya gedənlərin sayı artır. Sizcə, qanunvericilikdə sərt tədbirlər nəzərdə tutmaqla bunun qarşısını almaq mümkündürmü?

– Bu elə çətin məsələdi ki… Bir dəfə Tuğrul Türkeşlə – Alparslan Türkeşin oğlu- müsahibə eləmişdim. Gəzi parkı olayları zamanı idi. O, hakimiyyəti suçlayırdı ki, tələbələri, gəncləri döyüb qovurlar və “xarici qüvvələr burda qarışıqlıq yaratmaq istəyir, ona görə biz bunları qovuruq” deyirlər. Türkeş deyirdi ki, xarici qüvvələr qarışıqlıq salırsa, bunun çox asan yolu var. Axı, sənin bu boyda mühafizə sistemin, ölkənin qoruyucu sistem, nazirliklərin var: Daxili İşlər Nazirliyin, Xarici İşlər Nazirliyin, nə bilim, polis sistemin var. Müəyyənləşdirəcəksən, burda qarışıqlıq, təxribat yaradan hansı qüvvədisə, birbaşa onunla həll eləyəcəksən. Sən uşaqları niyə döyürsən ki? Beş dənə uşağı qovmaqla, sulamaqla ölkəmi idarə eləyirsən, təxribatınmı qarşısını alırsan? Əlbəttə ki, bütün hakimiyyətlər hansı qüvvələrin təxribat elədiyini, hansı dini təriqətlərin minaları yerləşdirdiyini çox yaxşı bilir və məsələni birbaşa mənbə ilə həll eləməlidi. Bu, qanunvericiliklə tənzimlənəsi məsələ deyil, kökündən tərəflər arasında həll olunmalıdı. Mənə görə, qanunu bura qatmaq yanlışdı. Qanun, demək olar ki, bütün sivil ölkələrdə eyni cürdü. Bizim qanunvericiliyimiz də başqa sivil ölkələrdən heç nə ilə seçilmir. Hər şey- insan haqları filan təmin olunur. Ondan kənardakı məsələləri mütləq mənada tərəflər həll eləməlidi.

– Müasir qanunvericilikdə hansı boşluqları görürsüz?

– Yenə deyirəm: elə də böyük boşluqlar yoxdu, standartlardı. Bütün inkişaf etmiş, demokratik ölkələrdə eyni qanunlardı. Amma konstitusiyada məsələn, vətəndaş öhdəlikləri ilə bağlı boşluqlar var. Hə, dövlətin vətəndaş qarşısında öhdəlikləri var, bunlar kifayət qədərdi. Bir də vətəndaşın dövlətin və ölkənin qarşısında öhdəlikləri.. Bu, ancaq vergi və sairlə tənzimlənir. Vətəndaşı ictimai-siyasi proseslərə cəlb eləmək üçün onların bu işlərdə iştirakının vacibliyini Konstitusiyada vurğulamaq lazımdı. Çünki Azərbaycan vətəndaşı elə bir vəziyyətdədi ki, onun nə bu ictimaiyyətə, nə bu siyasətə dəxli yoxdu. Karl Yaspersin sözü var. Deyir ki, siyasət ancaq siyasətçilərə buraxılmayacaq qədər ciddi sahədi. Və tezisləri var: ictimaiyyət mütləq mənada siyasi proseslərdə iştirak eləməlidi. Xalq idarəçiliyi deyirik. Xalq idarəçiliyi nədi? Təkcə görüntü, formal seçimlər deyil ki! Həm də ictimaiyyətin ciddi şəkildə proseslərdə iştirakıdı, rəyidi. Bu mənada mənə elə gəlir ki, vətəndaşlıq borcunun vacib olduğunu vurğulamaq lazımdı.

– Millət vəkili seçilsəniz, parlamentdə məşğul olmaq istədiyiniz ilk problem, təklif hansı olacaq?

– O qədər çoxdu, ürəyim elə doludu ki! Elə çox şey demək istəyirəm ki… Elə şeylərdən danışmaq istəyirəm ki, xalqım sakitləşsin onları eşidəndə. İstəyirəm, desinlər ki, nə yaxşı oldu, bu qız bizim səsimizə çevrildi, kimsə bizdən, bizim üçün danışdı orda. Pafos üçün yox, yaxşı görünmək üçün, kiməsə yarınmaq, müxalifətçi duruşu almaq və filan-filan üçün yox, məhz, bizim üçün danışdı. Bunu istəyirəm. Xalqın ziyanına olacaq qanunların qəbuluna qarşı çıxmaq və əksinə, Azərbaycan xalqının xeyrinə olacaq qanunların, qərarların qəbulunda iştirak eləmək istəyirəm. Birinci, qaldıracağım mövzu- bu mənim yaşlı bir seçicimin arzusudu- pensiya ilə bağlı olacaq. Sonra media, sonra televiziya. Planlar çoxdu.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."